ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında planlaşdırılan görüş Bakı vaxtı ilə 21:15-də başlayacaq. Bu barədə məlumatı Ağ Ev yayıb.
Görüşün gündəliyinə əsasən, ikitərəfli formatda danışıqlar üçün təqribən bir saat vaxt ayrılıb.
Bəs görəsən, bu görüşdən hansı nəticələr gözlənilir?
Oxu.Az-ın əməkdaşı ekspertlərin fikirlərini öyrənib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, hazırda həm hərbi-siyasi müstəvidə, həm də diplomatik masada şərtlər o qədər gərgindir ki, bu görüşdən konkret real nəticə gözləmək olmur:

"ABŞ və Rusiya arasında davam edən qarşıdurma, həmçinin Avropa İttifaqı və NATO-nun prosesə cəlb olunması tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirir.
Nə Rusiya ilə Ukrayna arasında, nə də Rusiya ilə Qərb ölkələri arasında kompromis üçün real əsaslar var. Bu səbəbdən Trampla Zelenskinin görüşünün həlledici nəticə verəcəyi ehtimalı azdır. Bununla belə, bu cür görüşlərin keçirilməsi gələcək danışıqlar üçün müəyyən zəmin formalaşdıra bilər. Tərəflər arasında təmas nöqtələrinin yaranması və dialoqun davam etməsi irəliyə doğru addım sayıla bilər. Lakin indiki hərbi, siyasi və diplomatik şəraitdə konkret razılaşma əldə edilməsi mümkün görünmür".
Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, Ukrayna tərəfi, onun Avropadakı tərəfdaşları və müttəfiqləri çalışırlar ki, ABŞ rəhbərliyi Rusiyaya kifayət qədər təsir göstərsin:

"Məqsəd odur ki, Rusiya mövqelərində radikal dəyişikliklər etsin. Lakin hadisələr göstərir ki, Moskva buna hazır deyil. Əksinə, Rusiya cəbhədə mövqelərini möhkəmləndirməyə çalışır. Beləliklə, Zelenski və komandası danışıqlar aparmağa cəhd etsələr də, Rusiya anlayır ki, bu danışıqların əsas predmeti atəşkəs və onun uzun müddət qorunmasıdır.
Rusiya hərbi-siyasi məqsədlərini həyata keçirmək üçün maksimum dərəcədə hərbi yollardan istifadə etməyə çalışır. Yəni yalnız nəzarətində olan əraziləri qorumaqla kifayətlənmək istəmir, həm də Ukraynanın hazırda azad olan digər bölgələrini də ələ keçirməyə çalışır. Zelenski və müttəfiqləri isə istəmirlər ki, sülh danışıqları nəticəsində Ukraynanın hər hansı ərazisi rəsmi şəkildə Rusiyaya verilsin və bu sənədləşdirilsin.
Danışıqlar prosesində Ukrayna tərəfi cəbhə xəttinin "dondurulması" variantını da qəbul etmir. Çünki bu halda Rusiya öz hərbi məqsədlərinə çata biləcək. Buna görə Kiyev çalışır ki, atəşkəs yalnız müvəqqəti xarakter daşısın və yekun sülh sənədinə çevrilməsin".
İ.Vəlizadə əlavə edib ki, Rusiya danışıqların uzunmüddətli və ya müddətsiz sülh sazişi ilə nəticələnməsini istəyir:
"ABŞ-nin müəyyən dairələrinin bu prosesdə Rusiyaya güzəştə getməsi ehtimalı Ukraynanı narahat edir. Zelenski və Avropadakı müttəfiqləri bu planın qarşısını almağa, onu dəyişdirməyə çalışırlar.
Zelenski Trampı inandırmaq istəyir ki, onun dəstəyi Ukraynanın mövqeyi üçün həlledici ola bilər. Çünki əks halda nə Ukraynanın müttəfiqləri, nə də özü uzunmüddətli sabit sülh əldə edəcəklər. Zor gücünə qəbul edilən hər hansı razılaşma gələcəkdə yeni müharibəyə səbəb ola bilər".
Məhərrəm Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.