EN

Ölkəmizə gələn turistlər üçün bilgiləndirmə-tanıtım xarakterli işlər genişləndirilməlidir

Paytaxtımıza turist kimi 5 günlük gəzintiyə gələn bir neçə əcnəbi şəxsin avqustun 17-də Şəhidlər Xiyabanında nalayiq, qeyri-etik hərəkətlərə yol vermələri və çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları həm insanlığa zidd olan, müsəlmanlığa yaraşmayan əməl kimi, həm də təxribat kimi hüquq-mühafizə orqanlarımız tərəfindən müvafiq qiymətini alacaq, həmin şəxslərə qarşı qanunvericiliyimizə uyğun tədbirlər görüləcək. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb edilən ərəb əsilli bu şəxslərlə bağlı artıq cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Şəhidlərimiz bizim üçün müqəddəsdir, and yerimizdir. Şəhidlərimizin xatirəsinə qarşı hörmətsizlik yolverilməz və bağışlanmaz hərəkətdir. Milliyətindən, kimliyindən asılı olmayaraq, Azərbaycana gələn hər kəs qanunlarımıza riayət etməli, milli rəmzlərimizə və dəyərlərimizə hörmətlə yanaşmalıdır. Bu baxımdan, bir neçə harın turistin bu cür alçaq hərəkətini bütün cəmiyyətimiz kimi biz də şiddətlə qınayırıq. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini təhqir etməyin cəzası sözsüz ki, ağır olacaq. O cahil ünsürlər, vandal turistlər hüququn sərtliyini və islahedici gücünü öz üzərlərində hiss edəcəklər.

Azərbaycan qanunlarına hörmətsizlik edən əcnəbilərin qanun qarşısında cavab verməsilə yanaşı, ölkəmizə gələn turistlər üçün bilgiləndirmə-tanıtım xarakterli işlər də görülməlidir. Əcnəbi turistlər üçün hazırlanan bukletlərdə və internet resurslarında Şəhidlər xiyabanı haqqında da ətraflı məlumat verilməli və şəhidlərimizin milli-mənəvi dəyər olduğu mütləq qeyd olunmalıdır. Yəni ki, paytaxtımıza gələn hər bir turist bu barədə öncədən məlumatlı olmalıdır. Ona görə də əcnəbi turistlərlə maaarifləndirici yöndə iş aparılmasına bundan sonra daha ciddi önəm verməliyik. Turizm şirkətləri bu cür həssas məsələlərdə xüsusilə diqqətli olmalıdırlar. Polislərimizin təxribatçı turistlərin saxlanılması istiqamətində göstərdikləri çeviklik də təqdirə layiqdir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
10
50
ictimairey.az

10Sources