EN

Gürcüstanda yaşayan soydaşlarımız Göygöldə festivalda iştirak ediblər  

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda IV Milli Yaylaq Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda qonşu Gürcüstandan 18 nəfərlik nümayəndə heyəti iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi, “Ceyran” Rəqs ansamblı, Aşıq Nargilə və aşıq Əfqan, tanınmış gürcü müğənni Dito Kisişvili, “Şemoxmiandi” gürcü xor qrupu el şənliyinə qatılıblar.

“Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, festival Azərbaycanın milli yaylaq mədəniyyətini nümayiş etdirən və qoruyan bir tədbirdir. “Alyans” GM də öz müdavimlərinin əl işlərini festivalda sərgiləyib, bundan əlavə gürcü xor qrupunun da mahnıları izləyicilər tərəfindən coşqu ilə qarşılanıb.

“Nümayəndə heyətimizin rəqsləri və aşıq ifaları nümayiş olunub. Ümidvaram ki, Gürcüstan nümayəndə heyətinin festivalda iştirakı, iki ölkə arasında mədəni əlaqələrin - elat mədəniyyətimizin güclənməsinə öz töhfəsini verəcək”, – deyə Əmrahova vurğulayıb.

Qeyd edək ki, Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb.

Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Tədbir çərçivəsində təşkil edilən səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. İdman həvəskarları, xüsusən də uşaqlar layihəyə qoşularaq əyləncəli vaxt keçiriblər.

Üç gün davam edən festival çərçivəsində Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Burada müxtəlif etnoidman növlərinə aid xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilib.

Chosen
20
6
azerbaijan-news.az

10Sources