AZ

Göygöldə növbəti Yaylaq Festivalının açılışı

Avqustun 16-da Göygöl rayonunun füsunkar təbiət qoynunda yerləşən Xan yaylağında IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub.

Tədbirin açılışında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Dünya Etnoidman Konfederasiyasının prezidenti, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, həmçinin “Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov çıxış edərək festivalın əhəmiyyətindən danışıblar.

Natiqlər çıxışlarında milli-mənəvi dəyərlərin qorunması və gənc nəsillərə aşılanmasında bu kimi tədbirlərin rolunu xüsusi vurğulayıblar. Qeyd olunub ki, Yaylaq Festivalı təkcə folklor bayramı deyil, həm də etno-mədəni irsimizin canlı təqdimat meydanıdır.

Açılış mərasimindən sonra tədbir öz bədii hissəsi ilə davam edib. Səhnədə milli musiqilər səsləndirilib, rəqs kollektivləri müxtəlif bölgələrə xas folklor nümunələri ilə çıxış ediblər. Festival iştirakçıları üçün burada Azərbaycanın qədim yaylaq həyat tərzini əks etdirən “Yaylaq yurdu” adlı etnoqəsəbə də qurulub. Burada qonaqlar üçün köçəri həyatın izlərini daşıyan dekorativ məkanlar, çadırlar və xalq sənətkarlığı nümunələri təqdim olunub.

Etnoqəsəbədə müxtəlif etnoidman növlərinə aid xüsusi zonalar yaradılıb. Peşəkar idmançıların iştirakı ilə keçirilən nümayişlər festival iştirakçıları tərəfindən maraqla izlənilib.

Tədbir çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə səyyar “Sağlam həyat” layihəsi də təqdim olunub. İdman zonasında qurulan bu guşədə uşaqlar və yeniyetmələr müxtəlif idman növlərində öz bacarıqlarını sınayıb, həm sağlam, həm də əyləncəli vaxt keçiriblər.

Üç gün davam edən festival xalqımızın mədəni-mənəvi mirasını yaşatmaqla yanaşı, etnoturizm və gənclərin fəal iştirakı baxımından da əhəmiyyətli hadisə kimi yadda qalıb.

Qeyd edək ki, IV Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və digər dövlət və özəl qurumların dəstəyi ilə həyata keçirilir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Göygöl rayonu.

Seçilən
43
16
xalqqazeti.az

10Mənbələr