EN

"Qarabağ"ın oyununa təyinat alan hakim daha əvvəl "Neftçi"nin matçını idarə edib

"Qarabağ"ın Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa təyinat alan portuqaliyalı hakim Juan Pedru da Silva Pineyru daha əvvəl bir dəfə Azərbaycan komandasının qarşılaşmasını idarə edib.

"Report"un məlumatına görə, 37 yaşlı ədalət təmsilçisi 2021-ci ildə "Neftçi"nin matçında iş başında olub.

FIFA referisi həmin vaxt "ağ-qaralar"ın Yunanıstanda "Olimpiakos"a uduzduğu (0:1) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə baş hakim olub. Pineyru meydan sahiblərindən Madi Kamaraya, "Neftçi"də isə Mert Çelikə qırmızı vərəqə göstərib.

2016-cı ildən beynəlxalq oyunlara təyinat alan hakim avqustun 13-də Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Superkubok matçını da idarə edib. Həmin görüşdə azərbaycanlı FIFA referisi Elçin Məsiyev dördüncü hakim olub.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Chosen
78
50
report.az

10Sources