"Ferentsvaroş"un futbolçusu Qavriel Kanikovski UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
İdman.biz xəbər verir ki, israilli hücumameyilli yarımmüdafiəçi yeni komandasına uyğunlaşma prosesinin yaxşı keçdiyini deyib.
"Sabahkı oyun hər kəsi çox həyəcanlandırır. 2022-ci ildə bu rəqiblə qarşılaşmışıq. Həm “Qarabağ”ın, həm də bizim komandanın heyəti 2022-ci ildəki dueldən fərqlidir. Əsas odur ki, öz oyunumuzu oynayaq. Futbolçu üçün yeni komandada uyğunlaşma prosesi heç vaxt asan olmur. Lakin baş məşqçi və komanda yoldaşlarım adaptasiyanın mümkün qədər tez və yaxşı keçməsi üçün əllərindən gələni edirlər. Burada olmaq çox xoşdur. Ailəm də Budapeştdə özünü yaxşı hiss edir. Əvvəllər fərqli sistemdə bir az daha geridə oynamışam. Ancaq məşqçinin məni görmək istədiyi yerdə komandaya kömək etmək istəyirəm", - deyə Kanikovski bildirib.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü isə ayın 27-də Bakıda baş tutacaq.
İdman.biz