EN

“YENİ “MÜNHEN SAZİŞİ CƏHDİ İFLASA UĞRADI...” Zelenski Azərbaycan Prezidentinin ona verdiyi tövsiyəni daim xatırlayacaq”

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Birləşmiş Ştatlarla Rusiya arasında Alyaskada baş tutan son görüş qlobal geosiyasi gündəmdə diqqət mərkəzinə çevrilib. Bu görüş, xüsusilə də ABŞ və Rusiya prezidentlərinin Ukraynasız, yəni Kiyevin iştirakı olmadan bir masa arxasında əyləşməsi beynəlxalq ekspertlər və siyasi təhlilçilər tərəfindən narahatlıqla qarşılanıb.

Xəzər Universitetinin professoru, tanınmış siyasi şərhçi Ramiz Yunus bu görüşü tarixi paralellərlə qiymətləndirərək onu 1938-ci ildə imzalanan məşhur Münhen sazişi ilə müqayisə edib. O bildirib ki, Alyaskada baş verən bu diplomatik təşəbbüs – ABŞ və Rusiyanın Ukraynanın iştirakı olmadan nəyəsə razılaşmaq cəhdi – əslində “yeni Münhen” planı idi və əvvəlcədən uğursuzluğa məhkum idi.

Ramiz Yunusun fikirlərini təqdim edirik:

"Alyaskada ABŞ və Rusiya prezidentləri arasında keçirilən görüş mənə heyrətamiz şəkildə 29 sentyabr 1938-ci ildə Almaniya reyxskansleri Adolf Hitler, Böyük Britaniyanın baş naziri Nevill Çemberlen, Fransanın baş naziri Eduard Daladye və İtaliyanın baş naziri Benito Mussolini arasında baş tutan və tarixə “Münhen sazişi” kimi düşən görüşü xatırlatdı. Həmin razılaşma Britaniya–Fransa “yumşalma siyasəti”nin kulminasiya nöqtəsi olmuşdu.

Xatırladaq ki, o zaman Hitler Avropada müharibə başlatmaq istəyirdi. Lakin bu müharibə ertələndi və Britaniya ilə Fransa Çexoslovakiya hökumətinə açıq şəkildə bildirdi ki, əgər Almaniyanın tələbləri rədd olunarsa, onlardan heç bir yardım gözləməsin. Müharibənin qarşısını almaq üçün isə Çexoslovakiya Almaniyanın şərtləri ilə razılaşmalı oldu.

ABŞ və Rusiya prezidentlərinin Alyaskada Ukrayna Prezidentinin iştirakı olmadan “yeni Münhen” ssenarisini təkrarlamaq cəhdi Ukrayna ilə 1938-ci ilin Çexoslovakiyası arasındakı ciddi fərqlər səbəbilə əvvəlcədən uğursuzluğa məhkum idi.

Əminəm ki, Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdan gələn bazar ertəsi Ağ Evdə Prezident Donald Trampla baş tutacaq görüşdə bir daha öz xarakterini nümayiş etdirəcək və yaxınlarda həmin kabinetdə olduğu kimi, Trampın təzyiqinə boyun əyməyəcək.

1938-ci ilin Çexoslovakiyasından fərqli olaraq, müasir Ukrayna ciddi şəkildə müharibə aparır və Rusiyanın üç günə müharibəni bitirmək məqsədilə planlaşdırdığı “bliçkriq”in qarşısını almağı bacarıb. Bu 3,5 illik müharibə ərzində Ukrayna tamhüquqlu savaş tərəfinə çevrilib və onun mövqeyi artıq bütün tərəflər – o cümlədən, onun arxasından razılaşmaq istəyənlər tərəfindən nəzərə alınmalıdır.

Ukrayna xalqı qarşısında məsuliyyətini anlayan və Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Prezident Zelenski Prezident Trampa və Rusiya Prezidentinə özünün 1938-ci ilin Çexoslovakiyası Prezidenti Eduard Beneşdən fərqli olduğunu göstərməyi bacaracaq və eyni zamanda, Azərbaycan Prezidentinin ona verdiyi tövsiyəni daim xatırlayacaq: “Heç vaxt işğalla razılaşma!”"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
58
50
azpolitika.info

10Sources