EN

“Bayern” 11-ci dəfə Almaniya Super Kubokunu qazandı

“Bayern” futbol üzrə Almaniya Super Kuboku uğrunda matçda “Ştutqart”ı məğlub edərək tarixində 11-ci dəfə kuboku qazanıb.

Arena.az xəbər verir ki, 2025-ci ilin super kubok qarşılaşması bu gün “Ştutqart Arena”da keçirilib.

Oyunu baş hakim Harm Osmersin rəhbərlik etdiyi hakimlər qrupu idarə edib. Matçın 18-ci dəqiqəsində Harri Keyn fərqlənərək, münhenliləri hesabda irəli çıxarıb. Sözügedən komandanın ikinci qolunu 77-ci dəqiqədə Luis Dias vurub. “Ştutqart”ın heyətində 90+4-cü dəqiqədə Ceymi Levelinq təsəlli qoluna imza atıb.

Xatırladaq ki, “Ştutqart” ötən mövsüm Almaniya Kubokunu qazanıb. Sözügedən komanda yarışın finalında “Arminiya”ya 4:2 hesabı ilə qalib gəlib. “Bayern” isə 2024/2025-ci illər mövsümündə Almaniya çempionu olub. Bundesliqanın 34 turunda Vensan Kompaninin komandası 82 xal toplayıb və ən yaxın rəqibi “Bayer”i 13 xal qabaqlayıb.

Yeni Bundesliqanın ilk turunda Münhen klubu avqustun 22-də evdə “Leypsiq”lə üz-üzə gələcək. “Ştutqart” isə avqustun 23-də səfərdə “Union Berlin”lə qarşılaşacaq.

Xatırladaq ki, “Bayern” daha öncə 1987, 1990, 2010, 2012, 2016, 2017, 2018, 2020, 2021 və 2022-ci illərdə də Almaniya Super Kubokunu qazanmışdı. Bu göstəricidə Münhen klubu rekordçudur. İkinci ən yaxşı göstərici Dortmund “Borussiya”sına məxsusdur. Bu komanda 7 dəfə super kubokun qalibi olub. İlk üçlüyü 3 kubokla “Verder” qapayır. “Ştutqart” isə cəmi 1 dəfə Almaniya Super Kubokunda zəfər yaşayıb.

Chosen
24
7
arena.az

6Sources