EN

Kinqsli Koman “Bayern”i “Əl-Nəsr”ə dəyişdi - Rəsmi

Futbol üzrə Fransa millisinin və Almaniyanın “Bayern” klubunun sol vingeri Kinqsli Koman bundan sonra “Əl-Nəsr”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub 29 yaşlı futbolçunu 25 milyon avro müqabilində heyətinə qatıb. Fransalı vinger “Əl-Nəsr”lə 3 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, Kinqsli Koman PSJ-nin yetirməsidir. Koman 2014-cü ilin iyulunda azad agent qismində PSJ-dən “Yuventus”a keçib. 2015-ci ilin avqustunda “Bayern” Komanı “Yuventus”dan icarəyə götürüb. 2017-ci ilin iyulunda isə “Bayern” 21 milyon avro müqabilində Komanı “qoca sinyora”dan tamhüquqlu əsasda alaraq öz heyətinə qatıb. Fransalı vingerin Almaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

2024/2025-ci illər mövsümündə Koman “Bayern”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

Komanın qənimətlər muzeyində PSJ ilə Fransa çempionluğu (2 dəfə), Fransa Liqa Kuboku və Fransa Super Kuboku, “Yuventus”la İtaliya çempionluğu (2 dəfə), İtaliya Kuboku və İtaliya Super Kuboku var. “Bayern”lə isə Koman 9 dəfə Almaniya Bundesliqasını, 3 dəfə Almaniya Kubokunu, 6 dəfə Almaniya Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb.

Kinqsli Koman 2015-ci ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 8 qol vurub, 5 məhduldar ötürmə verib. Koman “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub. Həmçinin Koman 2016-cı il Avropa çempionatının və 2022-ci il günya çempionatının gümüş mükafatçısıdır.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı vingerin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Chosen
33
7
arena.az

6Sources