EN

Vaşinqton sammiti – geosiyasət, təhlükəsizlik və iqtisadiyyat

- ˝Zəngəzur dəhlizi – Tramp marşrutu˝nun formalaşdırılmasında yeni yanaşma ˝geosiyasi yanaşma˝dan imtina olunaraq nəqliyyat dəhliznin kommersiyalaşdırılması prinsipinin prioritet olmasıdır;

- Azərbaycan TRİPP-in iqtisadi baxımdan rentabelli, sərmayələrin az risqli və təhlükəsiz olması üzərində inhisarçı mövqeyi var;

- Paraflanmış sülh sazişi hərbi-siyasi staus-kvonu qoruyur;

- Sülh sazişinin 9-cu maddəsi L.T.Petrosyan, R.Koçaryan və S.Sərkisyan kimi müharibə cinayətkarlarına qarşı birgə istintaq tədbirləri görmək üçün hüquqi zəmin yaradır;

- Dünyanın əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq qurmaq planı uğurla başa çatdırıldı;

- Cənubi Qafqazın geosiyasi təhlükəsizliyi möhkəmləndi;

- ABŞ Zəngəzur dəhlizinə hərbi faktor kimi deyil, iqtisadi, biznes subyekti kimi daxil olur;

- Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi olaraq qalır və bütövlükdə regionda təhlükəsizliyin de-fakto təminatçısıdır;

- Bakı və İrəvan arasında düşmənçilik bir geosiyasi resurs olaraq gündəlikdən çıxaraq ləğv olundu

Ötən həftə baş tutmuş Vaşinqton-Bakı-Yerevan sammitinin Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa regionları üçün geosiyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində ciddi təsirləri var.

Geosiyasi nəticələr

Bütövlükdə bu görüş və imzalanan sənədlər, verilmiş bəyanatlar Cənubi Qafqazın ABŞ-nin strateji maraq dairəsinə daxil olmasınının, region ölkələri ilə Vaşinqtonun strateji tərəfdaşlığının rəsmiləşdirilməsidir. Bir qədər də konkretləşdirsək, bu ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlığının yeni səviyyəyə yüksəldilməsi, Ermənistanın isə ABŞ ilə strateji tərəfdaşlığının əsasının qoyulmasıdır.

Prezident İlham Əliyevin Ağ Evdəki qəbulu və imzalanan sənədlər münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Ötən həftəki qəbulu Prezident Heydər Əliyevin Corc Buş ailəsinin rançosunda görüş ilə müqayisə etmək olar.

Prezidet İlham Əliyevin Ağ Evdə Vaşinqtonu ˝dünyanın 1 nömrəli paytaxtı˝, Ağ Evin haqqında isə ˝dünyanın 1 nömrəli ofis˝ ifadəsini işlətməsi də Azərbaycanın qlobal geosiyasi prioritetlərini göstərir. Bu, o anlama gəlir ki, ABŞ Trampın rəhbərliyi ilə qlobal liderliyini qaytarıb. Və Azərbaycan geosiyasi maraqlarını Amerikanın liderliyinin bərpası ilə uzlaşdıra bildiyi üçün özünə əlverişli şərtləri təmin edib. Azərbaycan -ABŞ münasibətlərinin bu səviyyəsi regiona kənar geostrateji güclərin müdaxiləsi qarşısında çəkindirici faktor olacaq.

Beləliklə, ABŞ dünyanın geosiyasi baxımdan ən strateji nöqtəsində, ən strateji layihələrdə iştirakını təmin etdi; sülhyaratmada vacib rol oynadı, Orta dəhlizin strateji nöqtəsindəki biznes layihəsində yer aldı, yeni enerji layihələrində iştirakçıya çevrildi. Bununla da sülh və təhlükəsizliyin, nəqliyyat dəhlizinin, enerjinin istehsalı və nəqlinin tərkib hissəsi oldu.

Vaşinqtonda ABŞ ilə Ermənistan arasında TRİPP ilə bağlı imzalanmış sənədin əsas mahiyyəti odur ki, ABŞ Zəngəzur dəhlizinə hərbi faktor kimi deyil, iqtisadi, biznes subyekti kimi daxil olur. Bunun geosiyasi anlamı odur ki, Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi olaraq qalır və bütövlükdə regionda təhlükəsizliyin de-fakto təminatçısı Azərbaycan olacaq. Yəni, hərbi-siyasi qüvvələr nisbətində status-kvo Azərbaycanın xeyrinə qalır və Vaşinqtonda imzalanmış sənədlər hərbi-siyasi status-kvonu dəyişməyi nəzərdə tutmur. Hazırkı status-kvo isə sülhə, qlobal əhəmiyyətli iqtisadi layihələrə, bütün regionun birləşməsinə və iqtisadi rifaha yol açıbsa, deməli səmərəlidir. Səmərəlidirsə, qalıcı olması vacibdir.

Bu siyasi gedişlə Prezident İ.Əliyev həm Azərbaycanın, həm Cənubi Qafqazın, eyni zamanda Mərkəzi Asiyanın geosiyasi təhlükəsizliyində açar rol oynayacaq bir konfiqurasiya qurdu. Azərbaycanın liderliyi ilə Cənubi Qafqazın təhlükısizliyi daha da möhkəmləndi, nəqliyyat dəhlizi kimi perspektivi daha da aydınlaşdı və yaxşılaşdı.

Mərkəzi Asiyanın Türkiyə və Avropaya, Yaxın Şərqə siyasi və iqtisadi çıxışı asanlaşdığı üçün siyasi və iqtisadi təhlükəsizliyi də möhkəmlənmiş oldu. Yeni şərtlər Mərkəzi Asiya ölkələrinin müstəqilliyinə ciddi töhfə verir.

Azərbaycan Prezidentinin səfərdən dərhal sonra Türkiyənin Prezidenti, Pakistanın Baş naziri, Özbəkistanın, Qazaxıstanın və Türkmənistanın Prezidentləri ilə, Qətər Dövlətinin Əmiri, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, İordaniyanın Kralı, Albaniya və Ukraynanın Prezidentləri, həmçinin Aİ Şurasının Prezidenti ilə müzakirə etməsi əldə olunmuş nəticələrin təsir dairəsinin miqyasını göstərir.

Əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq nə vəd edir

Azərbycan Aİ ilə enerji və nəqliyyat sahəsində, ÇXR ilə bütün sahələrdə, indi isə ABŞ ilə ən fundamental sahələri əhatə edəcək strateji tərəfdaşlıq yaratmaqla qlobal səviyyədə geosiyasi və iqtisadi təhlükəsizliyini təmin etməyə tam nail oldu.

Mövcud tarazlaşdırılmış şərtlər daxilində Cənubi Qafqazın, o cümlədən regionun lokomotivi olan Azərbaycanın işlərinə hər hansı neqativ müdxilə qeyri-mümkündür.

Region ətrafında formalaşmış yeni qlobal situasiya Azərbaycan Prezidentinin Mərkəzi Asiya+Cənubi Qafqaz və Türkiyənin dərin inteqrasiyası, TDT-nin yeni geostrteji güc mərkəzinə çevrilməsinə dair ideyası üçün də əlverişli qlobal və regional təhlükəsizlik şərtlərini yaradır. İndi TDT-nin siyasi, iqtisadi və hərbi inteqrasiyası, qlobal bir güc mərkəzinə çevrilməsi üçün ideal bir mənzərə formalaşdırılıb.

Prezident İlham Əliyevin 3 ölkənin birliyini nəzərdə tutan ˝Qafqaz evi˝ ideyasıının da qarşısında demək olar ki, bütün siyasi maneələr aradan qaldırıldı.

Azərbaycan Prezidenti son iki il ərzində C.Bayden administrasiyasının, Fransanın indiki hökumətinin və Avropa İttifaqının bəzi strukturlarının Ermənistanı silahlandırmaqla yeni hərbi forpost yaratmaq, Azərbaycana hərbi təzyiq göstərmək, Cənubi Qafqazda yeni ayırıcı xətt qurmaq kimi planlarına qarşı mübarizə apararaq onları puça çıxara, yeni şərtlər formalaşdıra bildi. Bu gərgin siyasət nəticəsində silah və ayırıcı planlarla gələnləri qovmaq, hamı üçün sərfəli olan iqtisadi layihələrlə gələnlərə isə qapı açmaq mümkün oldu. Bütün destruktiv güc mərkəzləri Cənubi Qafqazdan kənarda qaldı. Bu isə təkcə geosiyasi məğlubiyyət deyil, həm də dünyanın nəqliyyat və enerji arteriyasından kənarda qalmaq, yeni güc mərkəzi ilə əlverişli əməkdaşlıq imkanından məhrum olmaq deməkdir.

Azərbaycan bu şərtlər daxilində qlobal qarşıdurmadan sülh və əməkdaşlıq nöqtəsinə çevrilir.

Azərbaycanın ABS-la strateji əməkdaslığının nəyin ki, başqa tərəfdaşların maraqlarına zidd deyil, əksinə həm regional həm də qlobal səviyyələrdə ümumi maraqlara uyğundur. Azərbaycan Prezidenti Fox News telekanalına verdiyi müsahibəsində bu məqamı xüsusi vurğulayıb.

Azərbaycan və Ermənistan: Düşmənçilikdən Tərəfdaşlığa

Bakı və İrəvan arasında düşmənçilik bir geosiyasi resurs olaraq gündəlikdən çıxaraq ləğv olundu

Avqustun 8-dən Vaşinqtonda Ermənistanla Azərbaycan arasında ziddiyyətlər və düşmənçilikdən yararlanmaq erası başa çatdı. Yardılmış yeni şərtlər iki ölkəni düşməndən tərəfdaşa çevirir. Ortada hər iki tərəfə xeyir gətirəcək birgə neft, qaz, dəmir və avtomobil yolları, elektrik xətləri layihələrinin planları var. Belə layihələr isə beynəlxalq münasibətlərdə möhkəm və uzunmüddətli tərəfdaşlığın iqtisadi təməlidir. Bu layihələr təkcə ABŞ-Azərbaycan və ABŞ-Ermənistan strateji tərəfdaşlığının iqtisadi-infrastruktur təməli deyil, istər-istəməz həm də Azərbaycanla Ermənistanı ortaq strateji infrastruktur layihələri ilə birləşdirəcək.

BTC neft, BTƏ qaz kəmərləri, BTQ dəmiryolu, Avropaya Qara dəniz vasitəsilə kabel xətti Azərbaycanla Gürcüstanı necə strateji tərəfdaşa, daha sonra isə strateji müttəfiqlərə çevirmişdisə, oxşar layihələrin Ermənistanla da gerçəkləşməsi üçün tarixi şərait yaranıb.

Prezident İlham Əliyevin N.Paşinyanla birlikdə Nobel komitəsinə müraciət üzərində birgə işləməklə bağlı təklifi, N.Paşinyana ˝erməni həmkarım˝ deyə xitabı, ˝birgə məktubun hazırlanması üzərində razılığa gələcəyik˝ kimi bəyanatları birlikdə ortaq siyasət yürütməyin mümkünlüyünün parlaq nümunəsidir və çox ciddi bir psixoloji baryerin keçildiyini sübutudur.

Hətta Prezident İlham Əliyev N.Paşinyana etimadını da ifadə etməklə yanaşı ikisinin addından bəyanat verdi; ˝Əgər bizlərdən kimsə, Baş nazir Paşinyan və ya mənim özüm geriyə çəkilmək istəsəydik, buraya gəlməzdik. Beləliklə, Siz, eləcə də Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, bu gün baş verən hadisə Qafqaza sülh, uzunmüddətli sülh, əbədi sülh gətirəcək˝.

Baş nazir Nikol Paşinyan dərhal Azərbaycan Prezidentinin iki ölkə rəhbərliyinin adından verdiyi bəyanatla həmrəyliyini bildirdi. ˝...Tam razıyam. Heç bir əlavəm də yoxdur˝ dedi.

Zəngəzur dəhlizindən keçən ˝Tramp marşrutu˝ və Azərbaycanın təbii inhisarçı mövqeyi

˝Zəngəzur dəhlizi – Tramp marşrutu˝nun formalaşdırılmasına yeni yanaşma ˝geosiyasi yanaşma˝dan imtina olunaraq nəqliyyat dəhliznin kommersiyalaşdırılması prinsipinin prioritet olmasıdır. Məsələnin ˝kommersiyalaşdırılması˝ tərəflərin maraqlarını əllə toxunula biləcək vəziyyətə gətirəcək. Məhz kommersiya prinsipinin önə çəkilməsi vəziyyətin gərginliyini azaldır.

Chosen
35
4
aznews.az

5Sources