İbrahim Məmmədov, Tarix üzrə fəlsəfə doktoru
– ˝Zəngəzur dəhlizi – Tramp marşrutu˝nun formalaşdırılmasında yeni yanaşma ˝geosiyasi yanaşma˝dan imtina olunaraq nəqliyyat dəhliznin kommersiyalaşdırılması prinsipinin prioritet olmasıdır;
– Azərbaycan TRİPP-in iqtisadi baxımdan rentabelli, sərmayələrin az risqli və təhlükəsiz olması üzərində inhisarçı mövqeyi var;
– Paraflanmış sülh sazişi hərbi-siyasi staus-kvonu qoruyur;
– Sülh sazişinin 9-cu maddəsi L.T.Petrosyan, R.Koçaryan və S.Sərkisyan kimi müharibə cinayətkarlarına qarşı birgə istintaq tədbirləri görmək üçün hüquqi zəmin yaradır;
– Dünyanın əsas güc mərkəzləri ilə strateji tərəfdaşlıq qurmaq planı uğurla başa çatdırıldı;
– Cənubi Qafqazın geosiyasi təhlükəsizliyi möhkəmləndi;
– ABŞ Zəngəzur dəhlizinə hərbi faktor kimi deyil, iqtisadi, biznes subyekti kimi daxil olur;
– Azərbaycan Cənubi Qafqazda hərbi-siyasi güc mərkəzi olaraq qalır və bütövlükdə regionda təhlükəsizliyin de-fakto təminatçısıdır;
– Bakı və İrəvan arasında düşmənçilik bir geosiyasi resurs olaraq gündəlikdən çıxaraq ləğv olundu.
Ötən həftə baş tutmuş Vaşinqton-Bakı-Yerevan sammitinin Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa regionları üçün geosiyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində ciddi təsirləri var.
Geosiyasi nəticələr
Bütövlükdə bu görüş və imzalanan sənədlər, verilmiş bəyanatlar Cənubi Qafqazın ABŞ-nin strateji maraq dairəsinə daxil olmasınının, region ölkələri ilə Vaşinqtonun strateji tərəfdaşlığının rəsmiləşdirilməsidir. Bir qədər də konkretləşdirsək, bu ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlığının yeni səviyyəyə yüksəldilməsi, Ermənistanın isə ABŞ ilə strateji tərəfdaşlığının əsasının qoyulmasıdır.
Prezident İlham Əliyevin Ağ Evdəki qəbulu və imzalanan sənədlər münasibətləri ən yüksək səviyyəyə qaldırdı. Ötən həftəki qəbulu Prezident Heydər Əliyevin Corc Buş ailəsinin rançosunda görüş ilə müqayisə etmək olar.
Prezidet İlham Əliyevin Ağ Evdə Vaşinqtonu ˝dünyanın 1 nömrəli paytaxtı˝, Ağ Evin haqqında isə ˝dünyanın 1 nömrəli ofis˝ ifadəsini işlətməsi də Azərbaycanın qlobal geosiyasi prioritetlərini göstərir. Bu, o anlama gəlir ki, ABŞ Trampın rəhbərliyi ilə qlobal liderliyini qaytarıb. Və Azərbaycan geosiyasi maraqlarını Amerikanın liderliyinin bərpası ilə uzlaşdıra bildiyi üçün özünə əlverişli şərtləri təmin edib. Azərbaycan -ABŞ münasibətlərinin bu səviyyəsi regiona kənar geostrateji güclərin müdaxiləsi qarşısında çəkindirici faktor olacaq.
