Hindistan baş naziri Nyu-Yorkda BMT Baş Assambleyasına və Tramp ilə görüşə hazırlaşır...
Poliqon xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi sentyabr ayında ABŞ-yə səfər etməyə hazırlaşır. “Indian Express”in mənbələrə istinadən yaydığı xəbərə görə, səfərin əsas məqsədi Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək olsa da, əsas diqqət ABŞ prezidenti Donald Tramp ilə görüşə yönələcək.
Məlumata görə, Modi və Tramp görüş zamanı ticarət məsələlərinin həlli və gömrük rüsumları üzrə ortaq mövqe formalaşdırmağı müzakirə edəcəklər. Nəşrin iddiasına görə, səfər payızın ilk ayının son həftəsində baş tutacaq və hazırlıq işləri artıq başlayıb.
Xatırladaq ki, Modi və Tramp daha əvvəl bir neçə dəfə görüşərək ikitərəfli münasibətlər, müdafiə əməkdaşlığı, enerji təhlükəsizliyi və beynəlxalq siyasətdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. ABŞ və Hindistan arasında son illər artan ticarət mübahisələri isə liderlərin görüşündə əsas mövzulardan biri olacaq.
Poliqon.info