EN

Vüqar Bayramov: İdxal qadağası Azərbaycandan çox Rusiyaya ziyan vuracaq

BAKI, 11 avqust. TELEQRAF

"Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyərək deyib ki, əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək".

Bunu Teleqaf-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat Azərbaycanın Rusiyadan iqtisadi asılılığına dair iddialara cavab verib:

"Hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq. Belə ki, 2024-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub. Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə ölkəmiz rəsmi Moskva ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni, Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər. Digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də Rusiyalı deputatın qeyd etdiyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə bu ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək".

Vüqar Bayramov bildirib ki, Rusiyadan Azərbaycana köçürülən pulların məbləğinə gəldikdə, həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb:

"2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan "remitensi", yəni pul köçürmə asılılığı da yoxdur. Nəzərə almaq lazımdır ki, "remitensi"nin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstəriciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asıllığı yoxdur. Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar!"

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyi ilə bağlı fikirlər səsləndirib.

Chosen
115
7
teleqraf.com

10Sources