Sherg.az saytına istinadən ain.az xəbər verir.
“Hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq”
Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev Azərbaycan mallarının ölkəyə idxalının qadağan edilə biləcəyini istisna etməyib. O, bu fikri özünün teleqram kanalında yayımladığı videomüraciətdə səsləndirib. Qurulevin sözlərinə görə, Bakının Ukraynaya humanitar yardım göndərməsi belə addım üçün əsas ola bilər:
"Əgər Rusiyada Azərbaycan malları olmayacaqsa, biz bundan heç nə itirməyəcəyik, amma onlar üçün vəziyyət ciddi dəyişəcək". Rus deputat həmçinin əlavə edib ki, Azərbaycan kimi böyük qonşu ilə münasibətləri korlamaq düzgün deyil və lazım gələrsə, Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara qarşı da tədbirlər görülə bilər.

Millət vəkili Vüqar Bayramov Sherg.az-a bildirib ki, hər iki ölkənin yayımladığı statistika təsdiq edir ki, idxal qadağan edilərsə, bundan uduzan tərəf Azərbaycan deyil, Rusiya olacaq. Deputat vurğulayıb ki, 2024-cü ildə Rusiya Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard 799 milyon dollar olub:
"Azərbaycan Rusiyadan 3 milyard 621 milyon dollarlıq mal idxal edib. Rusiyaya isə 1 milyard 178 milyon dollar mal göndərmişik. Bu isə o deməkdir ki, xarici ticarətdə Azərbaycanın Rusiya ilə 2 milyard 443 milyon dollarlıq mənfi saldosu var. Yəni Rusiya Azərbaycan ilə ticarətdən yalnız ötən il 2 milyard 443 milyon dollar qazanc əldə edib. Deməli, qarşılıqlı ticarətdə istənilən qadağalar Azərbaycandan Rusiyaya daxil olan valyutanın həcmini azaldacaq. Bu isə o deməkdir ki, bundan daha çox rusiyalı iş adamları ziyan görəcəklər. Digər tərəfdən, Azərbaycanın Rusiya ixracı ölkəmizin ümumi ixracatının cəmi 4.4 faizini təşkil edir. Deməli, 26 milyard 338 milyon dollarlıq ixracatımızın 95 faizindən çox Rusiyadan kənar ölkələrə yönəlib. Bu isə o deməkdir ki, reallıq heç də rusiyalı deputatın qeyd etdiyi kimi deyil. Rəqəmlər təsdiq edir ki, hətta Rusiyanın Azərbaycandan idxalı qadağan edəcəyi halda belə, bu, ölkəmizin ixrac potensialına xüsusi təsir göstərməyəcək".
Parlamentari Rusiyadan Azərbaycana köçürülən pulların məbləğindən də danışıb:
"Həm əvvəlki illərdə, həm də bu ilin geridə qalan aylarında ciddi azalmalar qeydə alınıb. 2024-cü ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 496 milyon 753 min dollar pul köçürülüb. Bu isə əvvəlki illə müqayisədə 53 faiz azdır. Deməli, Rusiyadan remittensi, yəni pul köçürmə asılılığı da yoxdur. Nəzərə almaq lazımdır ki, remittensinin ÜDM-dəki payına görə Azərbaycan regionda ən yaxşı göstəriciyə malik dövlətlərdəndir. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, Azərbaycanda bu göstərici 3 faizdən azdır. Deməli, bu istiqamətdə Azərbaycanın, nə Rusiyadan, nə də hər hansı digər bir ölkədə heç bir asılılığı yoxdur. Göründüyü kimi, hətta Rusiyanın özünün statistik rəqəmləri belə Dumanın bəzi deputatlarının Azərbaycan ilə ticarət haqqında dediklərini təsdiqləmir. Hərdən statistikaya baxmaq lazımdır, cənablar".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.