EN

Azərbaycan diplomatiyasının zəfəri: Prezident İlham Əliyevin ABŞ səfərinin geosiyasi əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya liderləri ilə yüksək səviyyəli görüşləri ölkəmizin beynəlxalq nüfuzunun və güclənən mövqeyinin artmasına və eyni zamanda etibarlı tərəfdaş imicinin formalaşdığına bariz nümunədir.
Həmçinin, strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və əməkdaşlıq naminə atılan bu addımlar və keçirilən görüşlər gələcəyin möhkəm təməlidir.
Bu qəbildən olan görüşlərdən birinə ötən günlərdə bütün dünya şahidlik etdi . Belə kİ, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 7–8-də ABŞ-a rəsmi səfəri və Ağ Evdə keçirilən mətbuat konfransındakı bəyanatı, eləcə də Azərbaycan media nümayəndələrinə verdiyi müsahibəsi Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu səfər, həm ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, həm də regional sabitlik və əməkdaşlıq baxımından əhəmiyyətli bir dönüş nöqtəsi oldu.
Avqustun 8-də Prezident İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçirilən mətbuat konfransında iştirakı və Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoymaq məqsədilə imzalanan tarixi bir saziş çox böyük əhəmiyyətə malikdir. Sazişə görə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə təmin ediləcək və regional iqtisadi əməkdaşlıq gücləndiriləcək.
Bu səfər Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Ümumiyyətlə ABŞ–Azərbaycan əlaqələri qarşılıqlı hörmət və maraqlara əsaslanan strateji tərəfdaşlıq formatında inkişaf edir. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və qlobal çağırışlara qarşı birgə səylər bu münasibətlərin əsas sütunlarını təşkil edir.
Cənab Prezident İlham Əliyev Azərbaycan media nümayəndələrinə verdiyi müsahibədə ABŞ səfərini ölkəmizin beynəlxalq mövqeyinin güclənməsi və ABŞ-la strateji tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Görüşün nəticələrini yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının Azərbaycanın milli maraqlarının qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Prezident, həmçinin Ermənistanla sülh sazişinin imzalanmasının regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına töhfə verəcəyini bildirmişdir.
Bu hadisələr regionda yeni geosiyasi reallıqların formalaşmasına və Azərbaycanın bu prosesdəki rolunun güclənməsinə səbəb olur.
Zəngəzur dəhlizinə gəlincə isə onu deyə bilərik ki, bu ideya Prezident İlham Əliyevin geosiyasi uzaqgörənliyinin və regionda iqtisadi-siyasi balansı bərpa etmək istiqamətində həyata keçirdiyi strategiyanın bariz nümunəsidir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyev Zəngəzur dəhlizinin nəinki Azərbaycanın daxili əlaqələri üçün, həm də region ölkələrinin iqtisadi və nəqliyyat inteqrasiyası üçün əhəmiyyətli olduğunu daim vurğulayıb.
Dəhlizin açılması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru bağlantı yaradılması nəzərdə tutulur ki, bu da uzun illər ərzində mövcud olan coğrafi parçalanmanı aradan qaldıracaq. Eyni zamanda, Zəngəzur dəhlizi Türkiyə, Orta Asiya və Çin bazarlarına çıxış baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu layihənin reallaşması üçün siyasi iradə nümayiş etdirmiş, beynəlxalq platformalarda bu məsələnin vacibliyini gündəmə gətirmiş və bölgədə yeni nəqliyyat dəhlizlərinin açılmasını təşviq edən təşəbbüslərlə çıxış etmişdir. Onun liderliyi ilə Zəngəzur dəhlizi təkcə regional deyil, eyni zamanda Avrasiya məkanında mühüm logistik layihəyə çevrilməkdədir. Bu səfər Azərbaycanın geosiyasi əhəmiyyətinin artdığını və Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində ölkəmizin beynəlxalq arenada güclü tərəfdaş kimi tanındığını bir daha sübut etdi.
Zəngəzur dəhlizinin reallaşması, regionda yeni nəqliyyat və iqtisadi imkanlar yaratmaqla yanaşı, Azərbaycanın suveren haqlarının təntənəsidir. Bu proses, bəzi dövlətlərin iddialı mövqelərinin reallıqla uzlaşmadığını bir daha sübut etdi.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı

Chosen
85
50
veteninfo.az

10Sources