Prezident İlham Əliyevin Vaşinqton Samitindən sonra keçirilən mətbuat konfransında bir sıra mühüm məqamlara toxunduğunun şahidi olduq. Bu açıqlamalarda Ermənistana açıq şəkildə xəbərdarlıq edildi ki, üzərinə götürdüyü öhdəliklər vaxtında və tam şəkildə yerinə yetirilməlidir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov söylədi.
İlyas Hüseynov bildirdi ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi mühüm strateji əhəmiyyət kəsb edir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoymaq məqsədini daşıyır. Əgər Ermənistan prosesi yubatsa, bu, həm ABŞ-a, xüsusilə də Prezident Donald Trampa qarşı hörmətsizlik kimi qiymətləndiriləcək, həm də Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin heçə sayılması anlamına gələcək.
Əgər rəsmi İrəvan müəyyən havadarlarının dəstəyinə arxalanaraq bu yolla getməyə çalışarsa, nəticədə beynəlxalq təcrid təhlükəsi ilə üz-üzə qalacaq. Keçmişdə Bayden-Blinken cütlüyü, Makron administrasiyası, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və Qərbin bəzi qərəzli media qurumları Azərbaycanın geri addım atmasına çalışmış, lakin buna nail ola bilməmişdilər. Bu gün də eyni iddialar səsləndirilərsə Azərbaycan öz qətiyyətini yenidən nümayiş etdirəcək. Çünki beynəlxalq ictimaiyyətin əksəriyyəti ölkəmizin mövqeyini dəstəkləyir və proseslərin inkişafı Azərbaycanın milli maraqları istiqamətində davam edir”.
Nigar Orucova, “İki sahil”