ABŞ Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin əldə edilməsində maraqlı olduğunu bir daha təsdiqləyib. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tommi Piqott keçirdiyi brifinqdə deyib:
“ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio dəfələrlə tez bir zamanda razılaşmaya ümid etdiklərini bildiriblər. Hər ikisi öz çıxışlarında bunu vurğulayıb. Dövlət katibi hər fürsətdə bu məsələni gündəmə gətirir”.
Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh üzrə proses, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı baş verənlər Cənubi Qafqaz tarixində yeni bir mərhələ açır. Əldə edilən razılıqların mərkəzində yeni kommersiya və infrastruktur layihəsi dayanır – Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (ingiliscə qısa adı: TRIPP). Bununla da Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan eksklavı arasında maneəsiz əlaqə yaranacaq. Anonimlik şərtilə danışan ABŞ rəsmiləri deyiblər ki, bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq. ABŞ marşrut boyunca qüvvələrini yerləşdirməyəcək, sərt təhlükəsizlik qarantiyası da verməyəcək. ABŞ-ın iştirakının tamamilə kommersiya xarakterli olacağı bildirilir. Eyni zamanda, marşrutun təhlükəsiz işləməsinin məsuliyyətini məhz ABŞ üzərinə götürəcək. TRIPP işçi qruplarının sammitdən sonrakı həftə müzakirələrə başlayacağı, Trampın onların işini tamamlaması üçün son tarix qoyacağı bildirilir. Razılaşmaların uzunmüddətli, azı 50 illik olacağı, amma konkret müddətlə bağlı danışıqların hələ getdiyi vurğulanır. Ermənistanla kommunikasiya xətlərinin açılması məsələsi əvvəllər sülh sazişi layihəsində yer alsa da, tərəflər 2024-cü ilin avqustunda bəyan etdi ki, bu müddəa qarşılıqlı razılıq əsasında layihədən çıxarılıb. Siyasi şərhçilər deyir ki, TRIPP tərəflərin bir birinə kompromisə getdiyi anlamına gəlir. Bundan öncə Ermənistan və Azərbaycanın təklif etdiyi variantlar tamamilə fərqli idi. Burada isə artıq görünür ki, bütövlükdə Azərbaycanın yenə maraqları nəzərə alınır. Ermənistandan siyasi şərhçi Ruben Mehrabyan deyir ki, “Tramp marşrutu” məsələsində Ermənistanın özü maraqlıdır, İrəvan keçidi maksimum dərəcədə asanlaşdırır: “Bütün suveren hüquqlara riayət edilməklə elə bir model təklif olunur ki, bu, bütün tərəflərin etirazlarını aradan qaldırır. Heç bir tərəfin suveren hüquqları pozulmur. Ən vacibi də budur. Bu, erməni tərəfinin yeganə mövqeyi idi. Və cənab Tramp müvafiq bir təklif verdi ki, bu da ümumilikdə bütün etirazları aradan qaldırır”. Təhlilçi marşrut boyunca təhlükəsizliyin beynəlxalq standartlara uyğun şəkildə təmin olunacağını deyir: “Yəni beynəlxalq təcrübədə bu məsələdə son söz nədirsə, elə də ediləcək. Burada məsələ texniki xarakter daşıyır və onun həlli çox sadədir. Ən vacibi isə odur ki, belə bir təhlükəsizlik mexanizminin formalaşdırılması ilə bağlı siyasi qərar veriləcək və bu, hamı üçün maksimum komfort yaradacaq. Bu, Ermənistanla Azərbaycanın ortaq iqtisadi maraqlarını formalaşdırır. Bu, belə desək, Ermənistanla Azərbaycan arasında hər hansı – hətta nəzəri baxımdan belə –gərginliyin eskalasiyası ehtimalını gündəmdən çıxarır. Bəli, de-fakto olaraq real sülh qurulur”.
Karneqi Rusiya Avrasiya Mərkəzinin Cənubi Qafqaz üzrə təhlilçisi Olesya Vartanyan qeyd edir ki, 8 avqust görüşünün hansı praktik nəticələrə gətirəcəyi də vacibdir: “Məsələn, Türkiyə 3 il öncə bağlanmış razılaşmaları reallaşdıraraq sərhədləri açacaqmı, birbaşa ticarətə başlayacaqmı? İkinci məsələ isə ABŞ-ın iştirakıyla tranzit əlaqəsidir. Bəlkə də, ən vacib məsələ bunun pulunu kimin ödəyəcəyidir. Hələ də əlavə investisiyaların olacağı bəlli deyil. Hətta Ermənistanın cənubundan keçən nəqliyyat əlaqəsinin başlanğıcı üçün, yolun ən azı bərpası üçün sərmayələr lazımdır. İkinci isə onu genişləndirməkdir. Əgər dəmiryol əlaqəsi barədə razılığa gəlsələr, bu, indiki vəziyyətdə daha asan görünür. Amma sovet vaxtı orada tək bir xətt var idi, indi isə o xətt belə yoxdur. Avropa İttifaqı tərəflər arasında vasitəçilik edəndə hamı ümid edirdi ki, vəsait məhz Avropa İttifaqından olacaq”. Təhlilçinin fikrincə, ən əsas məsələ indi təkcə erməni tərəfinin nəyi, necə əldə edəcəyi deyil, daha çox amerikalıların danışıqlar prosesinə nə qədər uzun müddət cəlb olunacağıdır: bu, birdəfəlik razılaşma olacaq, yoxsa ABŞ prosesdə davamlı iştiraka maraq göstərəcək. Vartanyan düşünür ki, Aİ-nin Cənubi Qafqazda daha uzunmüddətli maraqları və mövcudluğunu nəzərə alaraq, bloku bu prosesə cəlb etməyə çalışmaq indi Ermənistanın maraqlarına uyğun olardı. Qeyd edək ki, TRİPP layihəsi regionda geosiyasi mənzərəni dəyişə biləcək mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Layihə Cənubi Ermənistan ərazisindən keçən və Azərbaycanın materik hissəsini Naxçıvanla birləşdirən kommersiya marşrutunun tikintisini nəzərdə tutur. Lakin bu dəfə “dəhliz” sözü işlədilmir. Layihənin əsas məqsədi Zəngəzurdan keçən marşrut vasitəsilə Azərbaycan üçün maneəsiz və təhlükəsiz ticarət və yükdaşımaları təmin etməkdir. Hərbi və ya təhlükəsizlik yönümlü deyil, sırf iqtisadi və ticarət xarakterli bir layihə kimi təqdim olunur. Vaşinqton bu marşrutun təhlükəsiz işləməsinə, qoşun yerləşdirmədən, sadəcə “birinci dərəcəli operatorlar” vasitəsilə idarəetmə və nəzarət funksiyasını həyata keçirəcək.
Tahir TAĞIYEV