EN

İmişlidə qanunsuz karxanaların fəaliyyəti dayandırıldı - FOTOLAR

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində “Bəhrəmtəpə-1”, “Bəhrəmtəpə-2” və “İmişli” qum-çınqıl yataqlarında fəaliyyət göstərən karxanaların su obyektinə və yer təkinə vurduğu zərərli təsirlərin müəyyən edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, İmişli Rayon İcra Hakimiyyətinin, İmişli Rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarından ibarət işçi qrup yaradılıb və nəzarət tədbirləri gücləndirilib.

SİMDNX-dan Bakıvaxtı.az-a verilən məlumata görə keçirilən nəzarət tədbirləri zamanı çay məcrasında və mühafizə zonasında heç bir hüquqmüəyyənedici sənədlər olmadan fəaliyyət göstərən karxanalar tərəfindən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qayda və şərtlərin kobud şəkildə pozulduğu, bunun nəticəsində çayın məcrasının kəskin eroziyaya məruz qaldığı və məcrasının qismən dəyişdiyi  müəyyən edilib.

Bildirilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər qanunvericilik aktlarının tələblərini pozaraq su obyektlərini və onun sahil mühafizə zonasını zəbt etməklə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanalarına qarşı tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciətlər edilib. Nəticədə Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz fəaliyyət göstərən 30-dan artıq karxananın fəaliyyəti dayandırılıb və hasilat zamanı istifadə olunan qurğu və texnikalar ərazidən çıxarılıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti hazırda su obyektlərində və onların mühafizə zonasında fəaliyyət göstərən digər karxanalarla bağlı nəzarət tədbirlərin davam etdirildiyini bildirir və vətəndaşlardan bu kimi neqativ hallarla rastlaşdıqda dərhal qurumun sosial media hesabları vasitələri ilə məlumat vermələrini xahiş edir.

Chosen
19
20
bakivaxti.az

10Sources