EN

Prezidentin dil barədə sərəncamına bütün dairələrdən reaksiya var...


Azərbaycanda Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Maraqlıdır, Dövlət Dil Komissiyasının yeni tərkibi necə formalaşmalıdır?

Bahəddin Həzi: “Dil komissiyasında təmsil olunanların bəziləri görürsən heç dili yaxşı bilmir, bu məsələlərə, ümid edirəm, diqqət göstərilər və seçim düzgün aparılar”

Jurnalist, yazıçı-publisist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Bəzi “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Sözün doğrusu, bu bir prosedur və bir də seçim məsələsidir. Prosedur fərmandan da məlumdur: Nazirlər Kabineti formal və ya ilkin təkliflər verəcək, ölkə Prezidentinin müvafiq xidmətləri isə bu təklifləri araşdırıb, ona uyğun rəy verəcəklər. Ancaq son qərarı, təbii ki, Prezident verəcək. Bu, dediyim kimi, məsələnin rəsmi - prosedur tərəfidir, mütəxəssis işi, hüquq ekspertizası və siyasi qərar hissəsidir. Mahiyyətə gəldikdə, söhbət Dövlət Dil Komissiyasının gələcək tərkibinin effektivliyindən, dilin saflaşdırılması, yad təsirlərdən qorunması və alınma sözlərlə doğru zənginləşdirilməsi, doğru-düzgün istifadəsindən gedirsə, burda artıq işin rəngi dəyişir. Əlbəttə ki, Dövlət Dil Komissiyasına dilçi alimlər, bu sahənin mütəxəssisləri daxil ediləcək. Ən azı ekspert, yaxud işçi qruplarına cəlb ediləcəklər. Ancaq dilimizlə gündəlik, praktik məşğul olanlar var. Bunlar yazıçılar, nəşriyyat və mətbuat redaktorları, ədəbi və publisistik nəşrlərin redaktorları, jurnalistlərdir. Yanlış anlaşılmasın: bu bizim hansısa bir rəsmi qurumda təmsilçilik iddiamızla bağlı deyil. Sadəcə, dili gündəlik istifadə edən, cilalayan, zənginləşdirən insanlar var. Məsələn, sizin gündəlik çıxan qəzetiniz, gün boyu yenilənən saytınız var. Bu resursların başında duran şəxs kifayət qədər peşəkar təcrübə toplamış, siyasi fəaliyyət və yaradıcılıq yollarında saç ağartmış, dili dərindən duyan, bilən və fasiləsiz olaraq istifadə edən yetkin bir şəxs, Əməkdar jurnalist, tanınmış publisistdir. Belə adamlar öz sahəsinin ustadı sayılır. Niyə belə mütəxəssislər Dövlət Dil Komissiyasında olmasın?! Təbii ki, olsalar, çox fayda verərlər. Eləcə də, orta və ali məktəblərdə dil-ədəbiyyat fənni üzrə təcrübəli və savadlı müəllimlər buraya ən azı ekspert səviyyəsində cəlb oluna bilər. Dil Komissiyasında təmsil olunanların bəziləri görürsən heç dili yaxşı bilmir. Bu məsələlərə, ümid edirəm, diqqət göstərilər və seçim düzgün aparılar”.

Faiq Ələkbərli: “Əsas niyyətimiz azərbaycan dilinin ümumi türk dilinə aid olduğunuhər kəsə sübüt etməkdir”

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, növbəti dil komissiyasının tərkibi daha ürəkaçan olacaq: “Məlumdur ki, öncəki dil komissiyasının tərkibində olanlar yalnız müəyyən vəzifələrdə çalışdıqlarına görə orada yer alırdılar. Ümid edirik ki, bu səfər sırf azərbaycan dili, azərbaycan türkcəsinin mahiyyətini anlayanlar, inkişaf etdirmək istəyənlər komissiyanın tərkibində olacaq. Əsas məsələ odur ki, azərbaycan türkcəsi müstəqil inkişaf yolu keçir və keçməkdədir. Dil Komissiyasının bu ruhda olması önəmlidir. Artıq Sovet dövrünün ənənələrindən, bununla yanaşı, ərəb-fars kəlmələrindənaralaşmaq lazımdır. Düzdür, dilimizdə ərəb-fars mənşəli, beynəlmiləl sözlər olacaq, ancaq bu çox olmamalıdır. Əsas niyyətimiz azərbaycan dilinin ümumi türk dilinə aid olduğunu hər kəsə sübüt etməkdir. Dillə bağlı hazırlanacaq ensiklopediyalar, lüğətlər, nəşrlər buna uyğun olmalıdır. Bu səbəbdən də yeni tərkibin qeyd etdiyim ruhda formalaşacağına inanıram”.

Aydın Xan Əbilov: “Dillə bağlı müəyyən gözləntilərimiz var, bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi,Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, azərbaycan dili artıq dünya dilləri içərisində oturuşmuş, bir çox istiqamətlər üzrə inkişaf etmiş ünsiyyət vasitəsinə çevrilib: “Dünyanın hər bir yerində olanazərbaycanlılar, o cümlədən, bizimlə təmasda olan xaricilər, qarışıq nikahlardan dünyaya gələn uşaqlar artıq bu dili mənimsəyib. Bu səbəbdən də azərbaycan dili ümumtürk dilləri içərisində Türkiyə türkcəsindən sonra ən çox inkişaf etmiş dildir. Bu baxımdam ümummilli lider Heydər Əliyev, ölkə başçısı İlham Əliyev Azərbaycan dilinin inkişafı ilə bağlı mühum işlər görüb. Belə ki, latın qrafikasına keçid, dünya ədəbiyyatının 150 cildinin Azərbaycanda çap edilib kitabxanalara bağışlanması, həmçinin, azərbaycan dilinin dövlət dili kimi ünsiyyət vasitəsi elan edilməsi dilimizin inkişafını daha da sürətləndirib”.

Həmsöhbətimiz qeyd etdi ki, Dövlət Dil Komissiyasının yaradılması ilə dilimizin hərtərəfli inkişafı, onun bütün üslubları ilə inkişafında maraqlıdır: “Dillə bağlı müəyyən gözləntilərimiz var. Bu da texnologiya dövründə azərbaycan dilinin inkişaf etdirilməsidir. Təəssüf ki, Dövlət Dil Komissiyası yaradılandan bugünə kimi öz fəaliyyətini düzgün icra etməyib. Bu qurumun bəzi üzvləri, demək olar ki, ancaq lağ-lağı obyektinə çevrilib. Belə ki, onlar azərbaycan dilini normal şəkildə bilmədikləri halda, Dövlət Dil Komissiyasının üzvü olublar. Ona görə də Komissiyanın yeni tərkibdə formalaşacağı gözlənilən idi. Hesab edirəm ki, yeni Komissiyanın tərkibində azərbaycan dilinin inkişafına töhfə verən şəxslər iştirak edəcək. İnternet, süni intellekt dövründə azərbaycan dilinin necə inkişaf edəcəyi maraqlıdır. Maraqlıdır, Dövlət Dil Komissiyasında bu istiqamətdə ekspert olacaqmı? O ekspert könüllü olaraq işləyəcək, yaxud dilimizin yeni qatı ilə bağlı peşəkar iş ortaya qoya biləcək?Həmçinin, əlifba ilə də bağlı islahatlar gözləyirik. Belə ki, yazıda bir çox işarələrdən istifadə edirik, ancaq onu əlifbaya gətirməmişik. Ümumiyyətlə, bu kimi məsələlərə aydınlıq gətirilməlidir”.

Ekspert hesab edir ki, dil üslubu ilə bağlı islahat aparılmalıdır: “Bədii, poetik, fəlsəfi dil normaları var. Bununla yanaşı, siyasi, publisist dil üslubuna cavab verəcək islalatlar aparılmalıdır. Təəssüflər olsun ki, hələ də rəsmi tədbirlərdə azərbaycan dili kifayət qədər istifadə olunmur. Həmçinin,internet resurslarında da müəyyən çatışmazlıqlar var, elektron kitabxanalara nəzər yetirmək lazımdır”.

Həmsöhbətimizin fikrincə, azərbaycan dilinin inkişafı ilə bağlı çoxlu işlər görülməlidir. Bu işlər isə köhnə nəslə deyil, yeni nəslə həvalə edilməlidir.

Günel CƏLİLOVA

Chosen
28
baki-xeber.com

1Sources