AZ

“1 alana 1 hədiyyə”: Fürsət, yoxsa təhlükə? - AYDINLIQ GƏTİRİLDİ

“Bir mal alana bir məhsul hədiyyə verilməsi və ya digər endirimli təkliflər hal-hazırda satış məkanlarında geniş yayılmış marketinq strategiyalarından biridir. Bu cür kampaniyalar ya mağaza sahibi ilə təchizatçının qarşılıqlı razılığı əsasında, ya da mağazanın satış dövriyyəsini artırmaq məqsədilə təkbaşına həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Marketoloqlar üçün bu metod istehlakçının diqqətini cəlb etmək və onu alışa təşviq etmək baxımından səmərəli vasitə kimi qiymətləndirilir. Lakin bu kampaniyalar bəzən istehlakçılar arasında çaşqınlığa və narazılıqlara da səbəb olur.

Yaranan problemlər və tipik hallar

Yanıltıcı endirim halları
Bəzən mağaza endirimdə olan bir malı digər endirimsiz məhsulla birlikdə təqdim edir. İstehlakçı isə bu iki malı ayırd edə bilmir və nəticədə bütün alış-verişin endirimli olduğunu zənn edərək malı alır. Bu, aldatıcı kommersiya praktikası kimi qiymətləndirilə bilər.

Endirimli məhsulun qaytarılması və dəyişdirilməsi ilə bağlı problemlər

Digər hallarda endirimli məhsul alındıqdan sonra texniki və ya keyfiyyət problemi yaranır. Lakin bəzi satıcılar belə məhsulları dəyişdirməkdən və ya geri qəbul etməkdən imtina edirlər. Qanunvericiliyə əsasən isə endirimli və ya kampaniya çərçivəsində satılan mallar da istehlakçının hüquqlarına zidd olmamalıdır və həmin məhsullar geri qaytarıla və ya dəyişdirilə bilər.

Saxlama şəraiti və təhlükəsizlik problemləri

Qida məhsullarının düzgün saxlanılmaması məsələsi xüsusi diqqət tələb edir. Bəzən mağazaların anbarlarında məhsullar düzgün temperatur rejimində saxlanılmır və bu, onların vaxtından əvvəl yararsız hala düşməsinə səbəb olur. Bu cür hallar istehlakçının sağlamlığı üçün təhlükə yarada bilər. Məsələn, bizə təqdim olunan bir nümunədə yararlılıq müddəti hələ başa çatmamış bir süd məhsulunda kif aşkarlanıb. Bu da həmin məhsulun saxlama şəraitinin pozulduğunu göstərir.

Yararsız malların endirim adı altında satışa çıxarılması

Təəssüf ki, bəzi hallarda satıcılar son istifadə tarixinə az qalmış və ya artıq keyfiyyətini itirmiş malları xüsusi kampaniyalar adı altında satışa çıxarırlar. Belə məhsullar ya istehsalçı, ya da mağaza rəhbərliyi tərəfindən bilərəkdən endirimə salınaraq bazara təqdim olunur. Halbuki bu, həm qanun pozuntusudur, həm də istehlakçı təhlükəsizliyinə açıq təhdiddir.

İstehlakçılara tövsiyələr

İstehlakçılar bilməlidirlər ki, istənilən məhsulun istehsaldan satışadək olan dövrü “soyuq zəncir” prinsipi ilə, yəni sanitariya-gigiyena və temperatur tələblərinə uyğun şəkildə təmin edilməlidir. Hər hansı məhsulun yararlılıq müddəti davam etsə belə, saxlanma qaydaları pozulubsa, o artıq istehlak üçün təhlükəli hesab olunur.

İstehlakçılar belə hallarla qarşılaşdıqda:
- Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xətti ilə
- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 195-2 çağrı mərkəzinə müraciət edə bilərlər.

Bu qurumlar vasitəsilə şikayətlərin araşdırılması və tədbir görülməsi təmin oluna bilər.

Endirim kampaniyaları düzgün şəkildə tətbiq olunduqda həm istehlakçı, həm də satıcı üçün faydalı ola bilər. Lakin bu alətlərdən sui-istifadə halları baş verdikdə, bu, istehlakçı hüquqlarının pozulmasına və ictimai narazılığa səbəb olur. Buna görə də belə kampaniyalar şəffaf, qanunlara uyğun və etik prinsiplər çərçivəsində həyata keçirilməlidir”.

Ayşən Vəli

Seçilən
11
1
sia.az

2Mənbələr