AZ

Şəhidlərə hörmətsizlik: 1-2 məsuliyyətsiz şəxsin hərəkəti bütün xalqa şamil edilə bilməz

Xəbər verdiyimiz kimi, Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu bütün şəhid ailələrinin adından Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilməsini təkif edir.

Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafa Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Mülki Məcəllədə şərəf və ləyaqətin qorunması ilə bağlı müddəa mövcuddur.

Deputatın sözlərinə görə, hüquqi baxımdan şərəf və ləyaqət anlayışları yaşayan, canlı insanlara şamil edilən kateqoriyalardır və onların üzərindən qiymətləndirilir. F.Mustafa əlavə edib ki, ona görə də şəhidlərin şərəf və ləyaqəti məsələsi hüquqi terminologiya baxımından doğru anlaşılmaya bilər.

“Bunu biz sadəcə milli-mənəvi dəyərlər kateqoriyasında götürə bilərik. Çünki şəhidlərimiz bizim üçün, həqiqətən də milli-mənəvi dəyər yüksəkliyindədir, mahiyyətindədir. Bu kateqoriyadan olan hörmətsizlik, yaxud da hansısa bir təhqir elementləri varsa, buna yönəlik müəyyən qanunvericilikdə müddəaları ya yeni müddəalar olaraq, ya da sərtləşdirilmiş müddəalar olaraq təqdim edə bilərik”.

Müsahibimiz hesab edir ki, düzgün ifadə seçilməli və məsələyə milli-mənəvi dəyər formatında məsələyə qiymət verilməlidir:

“Necə ki, biz dini və digər məsələlərdə “milli-mənəvi dəyərlər” ifadəsini işlədiriksə, şəhidlərə və şəhid abidələrinə qarşı məsələləri də bu kateqoriya çərçivəsində izah etmək daha doğru olar”.

Fazil Mustafa: Məsələnin təqdimatında da düzgün yanaşma sərgilənməyib

Baş vermiş hadisə ilə bağlı fikirlərini bölüşən millət vəkili qeyd edib ki, məsələnin təqdimatında da düzgün yanaşma sərgilənməyib. Həmsöhbətimiz izah edib ki, bu cür hərəkəti edən şəxs bir-iki məsuliyyətsiz, tərbiyəsiz adam ola bilər. Onların milli mənsubiyyəti burada əhəmiyyət kəsb etmir.

“Bu şəxs ərəb olmaya bilər, ingilis də, azərbaycanlı da ola bilər. Ona görə də belə halları milli mənsubiyyətlə əlaqələndirmək, məsələn, “ərəb” adı ilə ümumiləşdirmək qətiyyən doğru deyil. Bu, yalnız fərdin məsuliyyəti, cinayət və ya inzibati hüquq pozuntusudur. Belə şəxslər sadəcə qanun pozan fərdlərdir və onların hər hansı milləti təmsil etməsi ilə əlaqəsi yoxdur”.

Milli Nəclisin üzvü onu da nəzərə çatdırıb ki, məsələni milli kontekstə çəkmək və bütün bir xalqı töhmət altında qoymaq yolverilməzdir:

“Necə ki, sabah Avropada bir azərbaycanlı qaydaları pozarsa, “azərbaycanlılar belədir” kimi ifadə bizi incidəcək. Eyni hal başqa xalqlar üçün də keçərlidir. Bu səbəbdən məsələni ümumiləşdirmək doğru deyil. Əgər ölkəmizə iki-üç turist gəlibsə, onlar qaydaları bilməlidirlər. Bilməsələr belə, öyrənmək və ən azından ədəbsizlik etməmək borclarıdır. Əgər bu baş veribsə, buna görə konkret şəxslər məsuliyyət daşıyırlar. Həmin xalqı hədəf göstərmək doğru yanaşma deyil”.

Mina Mikayılova

Seçilən
3
50
bakivaxti.az

10Mənbələr