EN

"Danışıqlardan sonra dron savaşı: Moskva və Kiyev qarşılıqlı hücuma keçib" - "Deutsche Welle"

 
"Soçidə bir qadın həlak olub, Odessada mədəni irsə ziyan dəyib..."
 
Ukrayna ilə Rusiya arasında İstanbulda keçirilmiş son sülh danışıqlarından dərhal sonra tərəflər bir daha pilotsuz uçuş aparatları vasitəsilə qarşılıqlı hücuma keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, 24 iyul gecə saatlarında həm Rusiya, həm də Ukrayna bir-birinin ərazisini dronlarla vurub.
 
Soçidə qadın həlak olub, neft bazası alovlanıb
 
Rusiya tərəfində ilk olaraq Soçidə faciə yaşanıb. Adler rayonunda dronun qalıqlarının yerə düşməsi nəticəsində bir qadın hadisə yerində həlak olub, digər bir qadın isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, qalıqların düşdüyü ərazidə - qarajlar kooperativində yanğın baş verib. Xoşbəxtlikdən bu hadisədə əlavə insan itkisi qeydə alınmayıb.
 
Bundan əlavə, Krasnodar vilayətinin İmeretin ovalığında yerləşən Sirus qəsəbəsində Tavriçeskaya küçəsindəki neft bazasına da zərbə endirilib. Federal ərazi rəhbəri Dmitri Plişkin əhaliyə bu rayonda avtomobillə hərəkət etməməyi və açıq havada gəzintidən çəkinməyi tövsiyə edib. Hücumla bağlı daha ətraflı məlumat verilməyib.
 
Eyni vaxtda Soçi hava limanında aviasiya təhlükəsizliyinə görə qısa müddətli məhdudiyyətlər tətbiq edilib.  "Rosaviasiya"nın nümayəndəsi Artyom Korenyakonun verdiyi məlumata görə, saat 03:00-a yaxın bu məhdudiyyətlər aradan qaldırılıb.
 
Rusiya Müdafiə Nazirliyi bildirib ki, həmin gecə saat 20:40-dan 23:50-yə qədər hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 21 dron məhv edilib. Onlardan 10-u Qara dəniz, 9-u Azov dənizi üzərində, daha 2-si isə birbaşa Krasnodar vilayəti ərazisində vurulub.
 
Odessa və Nikolayev atəş altındadır
 
Eyni vaxtda, Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın müxtəlif şəhərlərinə hücumlar həyata keçirilib. Odessaya yönəlmiş kütləvi dron hücumları nəticəsində şəhərin bir neçə yerində güclü yanğınlar baş verib. Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, çoxmərtəbəli yaşayış binasının iki mərtəbəsi, iki mərtəbəli bir evin damı, bir neçə ticarət köşkü və yanacaqdoldurma məntəqəsi alova bürünüb.
 
Ən pisi isə odur ki, şəhərin UNESCO-nun mühafizəsində olan tarixi mərkəzində yerləşən bəzi memarlıq abidələri də zərər görüb. Eyni gecə Nikolayevdə də yanğın qeydə alınıb. Vilayət rəhbəri Vitali Kim bu hadisənin də Rusiyanın dron hücumları nəticəsində baş verdiyini təsdiqləyib. Bundan başqa, Çerkassı şəhəri raket hücumuna məruz qalıb, ilkin məlumata görə, orada azı altı nəfər xəsarət alıb.
 
Danışıqlara baxmayaraq, müharibə davam edir
 
İstanbul danışıqlarının heç bir real irəliləyiş gətirmədiyi bu hücumlardan sonra bir daha bəlli olub. Moskva və Kiyev arasında atəşkəsə və ya barışa dair ümidlər hələ də çox zəifdir. Gecə baş verən hücumlar həm mülki əhali, həm də kritik infrastruktur üçün ağır nəticələrə səbəb olub. Tarixi şəhərlərin məhv edilməsi isə münaqişənin artıq hərbi hüdudlardan çıxdığını göstərir.
Chosen
71
50
moderator.az

10Sources