EN

Mətbuat tariximiz Azərbaycançılıq ideyasının tərkib hissəsidir...


Müstəqil Azərbaycan dövlətinin ana konsepsiyası olan Azərbaycançılıq ideyasının tarixi kökləri keşmişlərə dayanır. Xüsusən də bu ideya Azərbaycan mətbuat tarixində özünəxas yer tutur və yaradıcı insanlara yol-yöntəm, istiqamət göstərib.

Azərbaycançılıq ideyası XX əsrin əvvəllərində də, XIX əsrin əvvəllərində və sonlarında da böyük mətbuat insanlarımıza, gecəsini-gündüzə qatıb xalqımızı qəflət yuxusundan ayıltmağa çalışan mətbuat xadimlərimizə bir mayak olub. Azərbaycan milli mətbuatının uzun, zəngin və uğurlu bir tarixi var və bu tarixin hər səhifəsində Azərbaycançılıq ideyasından doğan faktlar var. Bu gün 150 yaşını qeyd etdiyimiz Azərbaycan mətbuatı öz qayəsinə, prinsiplərinə sadiqdir.

150 yaşlı “Əkinçi...”

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət edib. Yadınıza salaq ki, 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olub. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Milli mətbuatın yaranması əslində zərurətdən doğan tarixi bir hadisə idi. Milli mətbuatın əsası da, dediyimiz kimi, "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak edib. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə yayılırdı. 1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, Azərbaycanda bir müddət ana dilimizdə mətbu orqan nəşr edilməyib. 1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə müvəqqəti çapını dayandırmışdır. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə” mətbəəsi və redaksiyası Şamaxıya köçürülüb. Qəzetin "Şamaxı dövrü” başlanıb. Ümumilikdə, qəzetin 183 nömrəsi çıxıb. Axırıncı 11 nömrə Şamaxıda buraxılıb. Bununla da "Ziyayi-Qafqaziyyə” qəzeti bağlanıb. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə”nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. 1883–1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.

XX əsrin əvvəlində Azərbaycan mətbuatı...

Bildirək ki, XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olub. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə , Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu. O, mətbuatda demokratik cərəyanın bərqərar edilməsində mühüm rol oynayan peşəkar bir redaktor kimi məhz bu qəzetdə yetişibdir.

1905-ci ildən sonra Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.

O dövrdə Azərbaycan ziyalıları arasında siyasi-ictimai fikrin istiqamətini, məslək mübarizələrini müəyyən etmək, bunların nə qədər ziddiyyətli, mürəkkəb şəraitdə getdiyini bilmək üçün 1917-ci ilə qədər çıxan, qapanan və yenidən çıxan, adını, ünvanını, hətta yolunu dəyişən müxtəlif qəzet və məcmuələri gözdən keçirmək kifayətdir. Bakıda "Kaspi" mətbəəsindən əlavə Tiflisdə və Gəncədə kiçik mətbəələr yaranmışdı. Xüsusilə Orucov qardaşlarının bu sahədəki fəaliyyəti nəticəsində mətbəələr genişlənir, istər qəzet, məcmuə və istərsə kitab nəşri üçün böyük imkan yaranırdı. Şuşa, Naxçıvan kimi şəhərlərdə də zəif, məhdud imkanla olsa da, çapxana binası qoyulurdu.

"Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi-Əmir" kimi nəşrlər olub. Qəzetlər arasında az-çox ardıcıl demokratik xətti Haşım bəy Vəzirovun nəşr etdirdiyi "Tazə həyat" (1907–1908), "İttifaq" (1908–1909), "Səda" (1909–1911), "Sədayi-vətən" (1911–1912), "Sədayi-həqq", "Sədayi-Qafqaz"da (1915–1916) görmək olar.

"Məzəli" jurnalı "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur. "Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnə pərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər. "Dəbistan" (1906–1907), "Rəhbər" (1906), "Məktəb" (1911–1917) isə tərbiyə və məktəb məsələlərindən bəhs edən pedaqoji məcmuələr idi. Burada sadə dildə şeirlər, hekayələr, nağıllar, məsəllər çap olunurdu. Süleyman Sani Axundovun "Qorxulu nağıllar"ı, bir sıra müəlliflərin (Abdulla Şaiq, M. A. Əliyev, Ə. M. Mustafayev və b.) yazdığı "Gülməli nağıllar" bu nəşrlərin ən faydalı yazılarındandır.

Əli Bəy Hüseynzadənin “Fyüzat”ı da mətbuat tariximizdə milli ideologiyamızı yaşadan, təbliğ edən mətbu nümunələrdən olub.

"Füyuzat"da Əli bəy Hüseynzadənin yazdığı məqalələrdən birində deyilirdi: “Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə2, "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan", "Övraqi-nəfisə" və s. mətbuat orqanları tərəfindən "türkləşmək, islamlaşmaq, müasirləşmək bərabərdir azərbaycançılıq" şəklində formulə edilərək təbliğ olundu.

Azərbaycan Xaq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır. "Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən əlavə, Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynadı.

Tədqiqatçılara görə, Çar Rusiyasının monarxizmi və müstəmləkəçilik əleyhinə mübarizə aparan "Füyuzat"çılar rus inqilabçı-demokratları, türk tənzimatçıları, İran məşrutəçiləri və başqalarının yeni cəmiyyət quruculuğu təcrübəsindən istifadə edir, Azərbaycanda demokratizmin qələbəsinə çalışır, ictimai həyatda, milli ədəbiyyat və mədəniyyətdə islahatların-reformaların aparılmasını məqsəd bilirdi. Bu mənada "Füyuzat" və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. "İttihad və tərəqqi" ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s...

Mətbuatımız, təbii ki, çox böyük yol keçib və burda yüzlərlə, onlarla qələm adamının adları, onların ərsəyə gətirdiyi nəşrlər yada düşür. Onların hər biri haqda ayrıca danışmaq vacib olsa da, bir məqalədə bu barədə söhbət açmaq mümkün deyil.

Bir neçə kəlmə də müasir mətbuatdan danışmaq yerinə düşərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə "Azərbaycan" qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən "Səhər" qəzeti 1989-cu ilin 4 avqust tarixində, "Azadlıq" qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördü. "Səhər"ə tanınmış jurnalist Məzahir Süleymanzadə, "Azadlıq"a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdi.

1990-cı ildə "Zerkalo", "Səs", 1991–92-ci illərdə "Yeni Müsavat", "İki Sahil", "525-ci qəzet", "Yeni Azərbaycan" qəzetləri nəşr olunmağa başladı.

1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı - qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da inkişaf edəcək. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. 150 il bundan əvvəl doğan günəş -“Əkinçi” öz ziyasını bu gün də bizdən əsirgəmir...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
1
20
baki-xeber.com

8Sources