AZ

“Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə”- Folklor İnstitutunda elmi sessiya

Bakı, 17 iyul, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda 22 İyul – Milli Mətbuat Günü və Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Elmi sessiyanı açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, görkəmli ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuat ənənəsinin əsası qoyulub. Xalqın ana dilində nəşr edilən bu qəzet ictimai şüurun formalaşmasında mühüm rol oynayıb, maarifçi ideyaların yayılmasına, milli təfəkkürün oyanışına təsir göstərib.

Alim qeyd edib ki, mətbuat milli yaddaşın formalaşmasında əsas vasitələrdən biri kimi çıxış etmiş, şifahi biliklərin ictimai tribunalarda ifadəsinə, yazılı şəkildə sabitləşməsinə və konseptual düşüncə modelinə çevrilməsinə şərait yaratmışdır. Mətbuat folklorun və şifahi mədəni irsin cəmiyyətə təqdimində xüsusi rol oynamış, ictimai refleksiya və simvollaşdırma funksiyasını yerinə yetirmişdir.

O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi ziyalıların həm publisistik, həm də bədii fəaliyyəti ilə milli identikliyin formalaşmasına töhfə verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları isə fərqli estetik-ideoloji mövqelərdən çıxış etsələr də, ortaq məqsəd olan milli düşüncənin təşkilində eyni dərəcədə əhəmiyyətli olub.

Alim, həmçinin hazırkı çağda rəqəmsal transformasiyalar və informasiya cəmiyyəti şəraitində medianın funksiyası barədə danışaraq qeyd edib ki, bu gün media yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda, aktiv yaddaş daşıyıcısı və sosial diskurs platformasıdır. Ənənəvi media ilə müqayisədə, rəqəmsal mühitdə informasiya interaktiv sosial platformalar üzərindən təqdim olunur. Bu, ictimai iştirakçılığı artırmaqla yanaşı, sosial qruplar arasında folklorik yaradıcılıq formalarının meydana çıxmasına şərait yaradır. Alim qeyd edib ki, bir zamanlar radio və televiziya vasitəsilə passiv auditoriyaya çatdırılan məzmun bu gün sosial media üzərindən bloger, influenser, fenomen kimi fərdi subyektlərin iştirakı ilə ictimai tribuna formasında təqdim olunur. Bu isə xalq biliyinin yeni şərait və formatlarda ifadəsini təmin edən müasir folklor mühitlərinin meydana gəlməsinə zəmin yaradır.

Çıxışının sonunda elmi sessiya çərçivəsində dinləniləcək məruzələrə nəzərə yetirən H.Quliyev bildirib ki, bu məruzələrdə daha çox folklor kontekstinə yer verilib, folklorun milli mətbuatda öz əksini necə tapması, milli mətbuatın folklorun yaşadılması üçün hansı işləri görməsi məsələləri araşdırılıb.

Sonra institutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Milli oyanış dövrü mətbuatında folklora baxış: “Əkinçi” qəzetinin mövqeyi” mövzusunda məruzə edib. Bildirib ki, folklor və mətbuat milli dəyərlərin qorunması, yaşadılması və nəsillər arasında ötürülməsi baxımından mühüm funksiyaya malikdir. Lakin bu iki sahənin tarixi və təbiəti fərqlidir: folklor xalqın mənəvi yaddaşıdır, onun tarixi qədər qədimdir, mətbuat isə nisbətən sonrakı dövrlərin məhsulu olub bu mənəvi yaddaşın müasir kommunikasiya vasitələri ilə qorunmasına və yayılmasına xidmət edən bir platforma rolunu oynayır. Bu baxımdan, mətbuatın funksiyalarından biri də folklorun “canlı saxlanması” və gələcək nəsillərə ötürülməsində vasitəçi olmasıdır.

Qeyd olunub ki, “Əkinçi” qəzetinin nəşri təkcə jurnalistika tarixinin deyil, həm də milli ideologiyanın, maarifçilik təfəkkürünün, dil və folklor yaddaşının inkişafında mühüm hadisə kimi qiymətləndirilməlidir. Maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin gərgin zəhməti və milli təəssübkeşliyi nəticəsində nəşr edilən bu qəzet dövrün imkanları daxilində xalqın mənəvi sərvətlərini, xüsusən də folklor irsini qorumağa və təbliğ etməyə çalışıb, təkcə informasiya daşıyıcısı olmayıb, həm də folklorun və dilin müdafiəçisi kimi çıxış edib.

Elmi sessiyada Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Tacir Səmiminin “Vedibasar” qəzetində Qərbi Azərbaycan folkloru” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, bu qəzetin hər bir illiyi bir kitab kimi çap olunub. İndiyə qədər 22 kitab işıq üzü görüb. Həmin kitablarda Qərbi Azərbaycan mövzusu əsas yer tutur. Tacir Səmimi bildirib ki, özünün Gümrü haqqında araşdırmaları, o cümlədən etnokulturoloji qeydləri, Qərbi Azərbaycan toponimləri ilə bağlı məqalələri, Aşıq İsgəndər, Aşıq Nəsib, Aşıq Heydər, Aşıq Qənbər, Aşıq Sirac kimi ustad aşıqların ədəbi irsinə işıq tutan yazıları sözügedən kitablarda öz əksini tapıb.

“Maarifçilik ideyalarının yayılmasında bölgə mətbuatının rolu” mövzusunda məruzə edən Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Şakir Albalıyev bildirib ki, hələ sovet dövründə Bakıda və Bakıətrafı rayonlar istisna olmaqla digər rayonlarda icra hakimiyyətinin orqanı kimi ictimai-siyasi məzmunlu qəzetlər fəaliyyət göstərirdi. Həmin qəzetlər rayon əhalisi üçün əlçatan olduğuna, materiallar müxtəlif sahələri əhatə etdiyinə görə oxucularda onlara qarşı maraq çox güclü idi. İnsanlar bölgə qəzetinin səhifələrində ayrı-ayrı mövzularda yazılarla tanış olurdular. Belə ki, qəzetdə gedən yazılara oxucular münasibət bildirə bilir, yeri gəldikdə isə fəal müxbir yazıları yazmaqla publisistik ruhlu yaradıcılığa cəlb olunurdular. Eyni zamanda, ədəbi və bədii yaradıcılığı olanlar bu qəzetdə qələmlərini sınaqdan keçirir, püxtələşir və gələcəkdə hətta respublika və dünya miqyasına çıxa bilirdilər.

“Bölgə mətbuatı yerlərdə əhalinin maariflənməsi işinə müstəsna xidmətlər göstərən mətbu orqan kimi tanınır,sevilir, təqdir olunur. Mən çox fərəh hissi keçirirəm ki, 1932-ci ildən nəşr olunan “Xudafərin” qəzetinin fəaliyyətinin 25 ili mənim payıma düşür. Bundan sonra da ədəbi-bədii və publisistik fəaliyyətimlə 150 illik şərəfli tarixi ənənələri olan Azərbaycan mətbuatına öz töhfələrimi verəcəyəm”, – deyə alim çıxışını yekunlaşdırıb.

Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu “Mətbuatda folklor: təqdimatı, istifadə üsulları və funksiyaları” mövzusunda məruzəsində bildirib ki, dünyanın gedişatı nə qədər çevik görünsə də, yenə qəzet və kitaba, ümumiyyətlə, canlı ünsiyyətə hər zaman gərək olacaq. Həsən bəy Zərdabinin əsasını qoyduğu ənənənin daha da inkişaf etməsi gələcəyə yönəlik xəlqi, dövləti varlığımızın təsdiqində bənzərsiz rol oynayacaq. “Molla Nəsrəddin” jurnalının Mirzə Cəlilin həyata, dünyaya münasibətinin yetkin ifadəsi kimi meydana çıxdığını, ədəbiyyatın dilini xalq dilinə yaxınlaşdırdığını qeyd edən E.Qaliboğlu jurnalda atalar sözləri və məsəllərdən, ümumən folklorun bir çox janrlarından məharətlə istifadə edildiyini diqqətə çatdırıb. Bu baxımdan “Molla Nəsrəddin”dəki karikaturalarda folklor elementləri ayrıca olaraq özünü göstərir. Karikaturalar alt yazılarla verilir, oxucu sovet həyatında rast gəlinən çatışmazlıqları tənqid edən materialları folklor güzgüsündə daha aydın anlayır, reaksiya verirdi. Məruzəçi qeyd edib ki, “Azərbaycan”, “Ulduz”, “Qobustan” və b. jurnallarda folklordan bəhrələnməyə kifayət qədər rast gəlinirdi. Azərbaycan radiosunda, televiziyada tənqidi verilişlərdə, ədəbi səhnəciklərdə, radio tamaşalarda, ayrıca olaraq “Mozalan” satirik kinojurnalında uyğun məqamlar folklorun mətbuatda ifadəsi imkanlarının yayğınlaşmasının nəticəsi kimi özünü göstərirdi.

Elmi sessiya mövzu ətrafında müzakirələr və çıxışlarla davam edib.

Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, həmçinin Folklor İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin geniş ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında göstərdiyi peşəkar dəstəyə görə AZƏRTAC-ın Elm və təhsil xəbərləri redaksiyası, eləcə də Folklor İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin geniş ictimaiyyətə təqdim olunmasında göstərdiyi dəstəyə görə Folklor studiyasının rəhbəri Mahir İbrahimov təşəkkürnamə ilə təltif olunublar.

 

Seçilən
54
20
azertag.az

8Mənbələr