“Lək-lək” jurnalı birinci nömrəsindən axırıncı nömrəsinə qədər “Molla Nəsrəddin” platformasında dayanmış, onun yoluna, üslubuna sadiq qalmışdır.
Əvvəli ötən saylarımızda...
Jurnalın 30 iyun 1914-cü il 12-ci nömrəsində Mirməhəmməd Mirfətullayev tərəfindən “Lək-kək”in müdiri və naşiri vəzifəsindən istefa verdiyi barədə belə bir məlumat dərc olunmuşdur. Həmin məlumatdan Mirməhəmməd Mirfətullayevin “Lək-kək”in müdiri və naşirliyindən azad olunması ilə bağlı İrəvan qubernatoruna ərizə ilə müraciət etdiyi aydın olur. Məlumatda bildirilir ki, “bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha “Lək-lək” məcmuəsi çıxmayıb və “Lək-kək” müştərilərinə “Çınqı” namində məcmuə göndəriləcəkdir. Bu yeni nəşr olunan “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin təhti-müdiriyyətlərində olub və İrəvanın bir neçə maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaq”. Amma hansısa səbəblərdən “Çınqı” məcmuəsinin nəşri mümkün olmamışdır. “Lək-kək”in 30 iyun 1914-cü il tarixdə işıq üzü görən 12-ci nömrəsi onun söz, fikir tribunasında və auditoriyasında son çıxışı oldu. Çox az ömür sürmüş olan “Lək-kək” jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus fəxri yer tutmasında onun müdir və naşirlərindən biri, məharətli satirik, böyük şair, görkəmli maarif və mətbuat xadimi Cabbar Əsgərzadənin misilsiz xidmətləri olmuşdur. İrəvan quberniyasında milli mətbuatın yaranması məhz onun adı ilə bağlıdır. Mirzə Cabbar 1885-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulmuşdu. İrəvan quberniyasında mədəni həyatın dirçəlməsinin, teatr tamaşalarının və müsamirələrin keçirilməsinin aktiv təklatçısı və iştirakçısı idi. Ümumiyyətlə, “Molla Nəsrəddin”in meydana gəlişi digər molla nəsrəddinçilər kimi Cabbar Əsgərzadənin də yaradıcılıq yolunu dərhal müəyyən edir, mövzu, ideya-üslub axtarışları uzun sürmür. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Ömər Faiq Nemanzadə, Əli Razi Şəmçizadə və Molla Nəsrəddin ədəbi məktəbinin başqa yaradıcı ziyalıları ilə bir sırada addımlayan görkəmli satirik sənətkar Cabbar Əsgərzadənin “Molla Nəsrəddinin”in Qərbi Azərbaycanda geniş şəkildə yayılmasında, geniş oxucu ruporuna çevrilməsində, abunəçi sayının artırılmasında misilsiz xidməti var idi. O istər “Molla Nəsrəddin”də, istərsə də Cənubi Qafqazda nəşr edilən ayrı-ayrı mətbuat orqanlarında İrəvanın ictimai, ədəbi-mədəni həyatının işıqlandırılmasında fikri aydın, mühakimələri cəsarətli bir jurnalist kimi tükənməz enerji ilə çalışmışdır. Milli intibaha qayğı yükünün hünərli şələçisi kimi tanınan Cabbar Əsgərzadə “Molla Nəsrəddin” jurnalında “Kəblə dostu xanım xala”, “İrəvanlı Zakir”, “Məhkəmə pişiyi”, “Gülgəz”, “Eşşək dağlayan”, “Dilicanlı”, “Zənbur” jurnalında “Qurbağa”, “Noxtalı”, “Lək-lək” jurnalında “Lək-lək”, “Leyləyin yuva dibisi”, “Məhkəmə pişiyi”, “Noxtalı”, “İmza: müqəllid yaxud noxdalı”, “C.Ə.zadə”, “Hoş-hoş”, “Məlumat” qəzetində “C.Aciz”, “C.Ə.zadə”, “Şəlalə” jurnalında “C.Aciz”, “Məhkəmə pişiyi”, “Tuti” jurnalında “Boynu yoğun”, “Məhkəmə pişiyi”, “Babayi-Əmir” jurnalında “Mürid-əyyar”, “Kəlniyyat” jurnalında “Molla haray”, “Məhkəmə pişiyi”, “Eşşək dağlayan”, “Yeni İrşad” qəzetində “Cabbar”, “Tazə xəbər” qəzetində “İrəvanlı”, “Açıq söz” qəzetində “C.Ə”, “Günəş” qəzetində “C.ƏƏsgərzadə İrəvani”, “Sovqat” qəzetində “C.Əsgərzadə”, “Həqiqəti-əfkar” qəzetində “Cabbar Əsgərzadə Aciz” imzaları ilə çap olunmuşdur. Cabbar Əsgərzadənin gizli imzaları və iştirak etdiyi mətbuat orqanları bununla bitmir. Bakıda nəşr edilən “Tuti”, “Məzəli” jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. XIX əsrin ilk illərindən başlayaraq Cənubi Qafqazda mətbuat səhifələrində cəhalətə və mövhumata qarşı mübarizə aparan açıq fikirli ziyalıların, mühərrirlərin sırasında Cabbar Əsgərzadənin özünəməxsus fəxri yeri var. 1918-ci ilə kimi İrəvanda yaşayıb yaratmış bu böyük tarixi və ədəbi şəxsiyyətin yaradıcılığı xalqımızın ictimai-siyasi taleyi ilə bağlı olub, onun ictimai-pedaqoji, ədəbi fikri tarixində ayrıca bir mərhələ təşkil edir. Cabbarın sadə ana dilində yazdığı şeirlər, felyetonlar, hekayələr el dərdi, xalq həyatı və təfəkkürünün parlaq ədəbi güzgüsü olmuşdur. Ədəbiyyatımızda Mirzə Ələkbər Sabir satirasının və didaktikasının təsiri altında yaradıcılığa başlayıb bir sıra şeir nümunələri yazmış Cabbar Əsgərzadənin mühərrirlik və yazıçılıq fəaliyyəti, keşməkeşli həyatı, zəngin yaradıcılıq yolu, milli fikrin, mətbuatın inkişafındakı xidmətləri lazımi səviyyədə aradırılıb öyrənilməmişdir.
Cabbar Əsgərzadənin uşaqlar üçün yazdığı ilk əsərləri - “Qızıl yarpaq, yaxud zəkalı Ənvər” kitabı 1913-cü ildə İrəvanda “Kultura” mətbəəsində, “Cocuqlara bayramçalıq” kitabı isə 1915-ci ildə İrəvanda “Lyus” mətbəəsində “Aciz” təxəllüsü ilə nəşr edilmişdir. 1918-ci ildə ermənilərin İrəvanda və yerlərdə azərbaycanlılara qarşı törətdikləri total qırğınlar zamanı o da İrəvanı tərk edib Türkiyənin İğdır şəhərinə köçməyə məcbur olur. Bir müddət burada yaşadıqdan sonrhəyat yoldaşı Səfiyə xanım Mirbabayi ilə birlikdə Naxçıvanın Noraşın (indiki Şərur) rayonuna qayıdırlar və burada uşaqlar üçün bir məktəb təşkil edir. Bir müddət burada yaşadıqdan sonra Cənubi Azərbaycanın Mərənd şəhərinə köçür və buradakı “Əhmədiyyə”, sonralar isə Təbrizdə “Daneş” adlı məktəbdə müəllimlik edir. 1924-cü ildə Cənubi Azərbaycanın maarif rəisi Əbülqasım Füyuzatın dəstəyi ilə Təbrizdə ilk uşaq bağçasını və eyni zamanda ilk qız-oğlan məktəbini yaradır. Cabbar Əsgərzadə bundan sonra “Bağçaban” ləqəbini daşımağa başlayır. 1925-ci ildə Təbrizdə “Müəllimlər birliyi” və “Teatr” cəmiyyətlərini yaradır. 1933-cü ildə Tehrana gəlir və burada “Lallar və karlar” məktəbini açır. 1935-ci ildə lal və karların eşidə bilməsi üçün bir cihaz ixtira edir. 1943-cü ildə Tehranda “lallar və karlar üçün himayə cəmiyyəti”ni yaradır. 1944-cü ildə müəllimlər üçün “Zəban” adlı aylıq dərgi buraxır. Onun teatr, şeir, uşaq nağılı və hekayələrindən ibarət 12 cild əsəri çap olunmuşdur. Xalqımızın böyük oğlu, görkəmli mətbuat və maarif xadimi, şair Cabbar Əsgərzadə 1966-cı ildə Tehranda vəfat etmişdir.
“Lək-lək”in digər müdir və naşiri Mirməhəmməd Hacı Mir Əsədullazadə Mirfətullayev İrəvanda milli intibahın önündə gedən, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xalqına xidmət göstərən, maarifpərvər ziyalılarımızdan biri olmuşdur. O 1882-ci ildə İrəvanda anadan olmuşdur. Dramaturq, publisist, naşir Mirməhəmməd Mirfətullayev İrəvanda maarifpərvər, yüksək təhsilə malik, ərəb və fars dillərini mükəmməl bilən, xeyirxah ziyalı və böyük nüfuz sahibi kimi tanınırdı. Onun 1911-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 3 pərdəli “Qaradan artıq boyaq olmaz”, “Kərbəlayi Güzəməlinin övrəti” dram əsərləri, 1916-cı ildə İrəvanda “Lyus” mətbəəsində “Kefcil və kefcillər” 4 şəkilli musiqili komediası çap olunmuşdur. Mirməhəmməd və qardaşı Mirfətulla Mirfətullayev həm də İrəvanda böyük imkanlara malik iş adamı kimi tanınırdılar. Onların İrəvanda bir neçə şəxsi mülkləri, dükanları vardı. “Lək-lək”in səhifələrində Mirfətullayevin dükanlarında satılan mallarla bağlı tez-tez elanlar verilirdi. Görünür, “Lək-lək”də bu elanların mütəmadi verilməsi məcmuənin müdiri və naşiri arasında fikir ayrılığına səbəb olmuşdur. Həm də bunu “Lək-lək”də dərc olunmuş “Mirfətullayev bəradərlərinin fruktovı mağazası” adlı yazıdan da aydın görmək olar. “Dönə-dönə elanlar vermək, başqa mağazalara nisbətən bu mağazanın üstünlüklərini nəyi varsa hamısını təbliğ etmək, xalqın mənafeyindən daha çox şəxsi mənfəəti üstün tutmaq meylindən gəlməmişdirmi?” Deməli, “Lək-lək”in bağlanmasına bir tərəfdən yaranmış çox gərgin və çətin şərait, digər tərəfdən həm də məcmuənin müdir və naşiri arasındakı fikir ayrılıqları da müəyyən rol oynamışdır. Amma buna baxmayaraq, u yazı Mirfətullayevin narazılığına səbəb olmuşdu. Göründüyü kimi, Cabbar Əsgərzadənin fikirlərində hər hansı bir şəxsi qərəzçilik hissi yox idi. O, sadəcə “Lək-lək”in nəşri imkanlarından təkcə özü üçün deyil, həm də ümummilli maraqları önə çəkməyi daha məqbul hesab edirdi.
Bütün bunlara baxmayaraq, İrəvanda ana dilində ilk mətbuat orqanı olan “Lək-lək” Mirməhəmməd Mirfətullayevin maddi və mənəvi dəstəyi ilə işıq üzü görmüş, jurnalın bütün ağırlığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiynində daşımışdır. Qərbi Azərbaycanın mətbuatı tarixinə nəzər yetirərkən İrəvanın görkəmli ziyalıları tərəfindən yaradılmış “Lək-lək” satirik jurnalı həmin dövrdə xalqımızın, onun milli məfkurəsinin, ideologiyasının, mədəniyyətinin inkişafında özünəməxsus rola malik olmuşdur. “Lək-lək” bağlanandan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıların ciddi səylərinə baxmayaraq, 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə
doktoru, dosent