EN

Əmək bazarının tələbi dəyişir: Hansı ixtisaslar risk altındadır?

Azərbaycanda yaxın 5 il ərzində bir sıra ixtisaslar təhsil proqramlarından çıxarıla bilər. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə bildirib. “Təxminən 5 ilə bəzi ixtisaslar ləğv olunacaq. Çünki əmək bazarının tələbləri dəyişir. Texnologiyanın inkişafı bir sıra ənənəvi sahələrin rolunu azaldır,” – deyə Abbaszadə qeyd edib.

O vurğulayıb ki, bu dəyişikliklər təkcə təhsil sektorunda deyil, ümumilikdə əmək bazarında ciddi transformasiya yaradacaq:

“Biz artıq görürük ki, bəzi sahələrdə kadr hazırlığına tələbat minimuma enir. Əksinə, rəqəmsal texnologiyalar, süni intellekt və data analitikası kimi istiqamətlərdə peşəkar kadrlara ehtiyac artır. Təhsil siyasəti də bu reallığa uyğunlaşdırılmalıdır,” – deyə DİM sədri əlavə edib.

Məleykə Abbaszadə hesab edir ki, gələcəkdə əsas diqqət müasir texnologiyalarla bağlı ixtisaslara yönəldilməlidir. Bu baxımdan informasiya texnologiyaları (IT), proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və data analitikası kimi istiqamətlər prioritet olacaq.

Ekspertlər də bildirirlər ki, dəyişikliklər tədricən həyata keçiriləcək. Əsas məqsəd əmək bazarının real tələblərinə uyğun, rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaqdır.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, əsas diqqət ixtisasların silinməsinə deyil, əmək bazarında daha çox tələb olunan sahələrin inkişafına yönəldilməlidir:

“Mən düşünürəm ki, burada ixtisasların ləğvindən daha çox, hansı sahələrdə mütəxəssis tələbatı var, biz ona fokuslanmalıyıq. Əsas məsələ budur ki, bizim nəyə daha çox ehtiyacımız var və həmin sahələr üzrə mütəxəssis yetişdirək. Hazırda əmək bazarında prioritet sahələrdən biri informasiya texnologiyalarıdır. İT sahəsi daha prioritetdir. Bu sahədə daha çox mütəxəssislərə ehtiyac var. Ona görə də planlaşdırmanı buna uyğun aparmalı və addımlarımızı bu istiqamətdə atmalıyıq”.

Onun sözlərinə görə, heç bir ixtisas tamamilə ləğv edilməyəcək:

“Bu sahədə düzgün addımlar atılmasa, ciddi problemlər yarana bilər. Əks halda, düşünmədiyimiz təqdirdə, gələcəkdə çətinliklər olacaq. Ona görə də prioritet sahələr müəyyənləşdirilməli və həmin istiqamətdə real addımlar atılmalıdır”.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, yaxın 5 il ərzində bəzi ixtisasların tədrisinin dayandırılması və ciddi şəkildə transformasiya olunması gözlənilir:

“Bu, əsasən, əmək bazarının tələbləri və texnologiyanın sürətli inkişafı, eləcə də gənclərin ixtisaslara maraq səviyyəsinin dəyişməsi ilə əlaqədar olacaq. Ümumiyyətlə, ləğv olunması və ciddi şəkildə dəyişdirilməsi ehtimal olunan ixtisaslar arasında mənim fikrimcə kitabxanaçılıq və informasiya fəaliyyəti ola bilər. Texnologiyanın inkişafı ilə ənənəvi kitabların rolu artıq azalır. Rəqəmsallaşma bu sahədə klassik ixtisaslara olan ehtiyacı azaldır. Eyni zamanda bəzi ixtisaslar birləşdirilərək daha yığcam fakültələrə çevrilə bilər. Burada, ola bilsin ki, müəyyən qədər mədəni sahələri əhatə edən ixtisaslarda da transformasiya baş versin. Sənaye ixtisasları da ola bilər, bəzi mühəndislik sahələri var ki, onlar köhnəlir və formasını dəyişməyə ehtiyac var, yaxud digər sahələrlə birləşdirilməlidir. Bəzi pedaqoji ixtisaslar var ki, onlar az tələbatlı və dar ixtisaslaşmışdır. Məsələn, təsviri sənət müəllimliyi bu gün üçün az tələbatlı ixtisaslar sırasına daxil ola bilər. Digər bir məsələ isə  jurnalistika, filologiya və tarix kimi ixtisaslarda forma və məzmun dəyişikliyi olacaq. Yəni, klassik formada deyil, daha çox rəqəmsal kommunikasiya və rəqəmsal təqdimat üzərində qurulacaq”.

Ekspert əlavə edib ki, iqtisadiyyat və idarəetmə ixtisaslarında isə süni intellekt və data analitikası kimi sahələr inteqrasiya ediləcək:

“Əmək bazarında tələbin azalması, məzunların iş tapa bilməməsi, texnoloji dəyişikliklər, yəni bəzi funksiyaların artıq proqramlar və süni intellekt vasitəsilə yerinə yetirilməsi. Bununla yanaşı, aşağı maaş məsələsi var. Son illərdə həmin ixtisaslara maraq azalıb, çünki iş yerləri azdır, amma həmin sahədə işləmək istəyənlər çoxdur. Beləliklə, bu dəyişikliklər tədricən aparılacaq və yeni, daha müasir ixtisaslar köhnələrinin yerini tutacaq. Gələcəkdə əmək bazarının tələblərinə uyğun ixtisaslar yaranacaq və biz bunun şahidi olacağıq”.


 

Leyla Turan

Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.


 

Chosen
61
22
demokrat.az

10Sources