EN

Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...


İlqar Hüseynli: “ÜST-ün bütün protokolları, iş metodları Azərbaycan səhiyyə sisteminə də transfer olmağa başlayandan sonra bu ciddi gərginlik yaranmağa başlayıb”

Son illər bəzi həkimlərin diqqətsizliyindən, xəstə ilə lazımı səviyyədə maraqlanmamasından ciddi narazılıqlar var. İddialar var ki, xəstə həkimə müraciət edəndə həkim xəstəyə baxmaq əvəzinə ancaq yazı-pozu ilə məşğul olur, hansısa sənədləri doldurur, kağız-kuğuzla əlləşir.

Maraqlıdır ki, söhbət etdiyimiz həkimlər xəstələrin dediklərini təsdiqləyir. Deyirlər ki, həkimlər də müəllimlər kimi həddən artıq yazı-pozu işi ilə yükləniblər. Həkimlər etiraf edir ki, kağız-kuğuz doldurmağa başları o qədər qarşır ki, xəstələrin şikayətlərinə də doğru-dürüst qulaq asa bilmirlər. Özləri bildirirlər ki, xəstəyə baxmaq əvəzinə günləri yazı-pozu ilə keçir. Dövlət Proqramında olan xəstəliklər üzrə pulsuz dərmanlar verilirsə hər xəstəyə aid geniş hesabat hazırlanıb müvafiq quruma təqidm olunur. Bir sözlə, bu gün həkimlər az qala jurnalistlərdən, yazıçılardan çox yazırlar.

Həkimlər özləri də bu vəziyyətdən narazıdırlar.

Həkimlər niyə bu qədər yazı-pozu işi görür?

“Nəticədə həkimin həddən artıq yükləndiyi yazı-pozu işi azalmış olar”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual bir problemdir. “Bilirsiz ki, Azərbaycanda İcbari Tibbi Sığortanın təşkilindən sonra həkim-pasient münasibətləri yeni müstəviyə keçdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün protokolları, iş metodları Azərbaycan səhiyyə sisteminə də transfer olmağa başlayandan sonra bu ciddi gərginlik yaratmağa başlayıb. Təsəvvür edin ki, minlərlə diaqnoz var və hər diaqnozun da özünün XTB deyilən ayrıca bir kodu var və həkimlər bunu ciddi şəkildə tətbiq edirlər. Həcmli qalın bir kitabdır və orda bütün diaqnozalar XTB kodu altında birləşdirilib. Hər bir həkim də ayrı-ayrı diaqnozlar üzrə olan XTB kodunu əzbərdən bilmir və bunu bilmək də o qədər asan deyil. Həkim məcbur olur hər bir xəstəni qəbul etdikdən sonra onun analizini toplayır, xəstənin diaqnozunun konkretləşdirilməsinin ardınca artıq o elektron sistemlərə oturdulmalı, XBT kodları yazılmalıdır, o XBT kodları eyni zamanda kitablara işlənməlidir. Onların hər biri elektron formada tətbiq olunur. Sual oluna bilər, bu XBT kodu yazılmasa nə ola bilər? Bu olmadıqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sonda bu xidmətin hansı növə aid olduğunu bilməz. İcbari Tibbi Sığortanın qarşıladığı “Xidmətlər zərfi” deyilən xidmətlər zərfi var və orda hər bir diaqnoz ayrı-ayrılıqda öz əksini tapıb. Bu kodlar əsasında İcbari Tibbi Sığorta ilə bu xidməti həyata keçirən səhiyyə müəssisəsi arasında ayrıca bir hesablaşma gedir. Əgər bu kod yoxdursa onda bu rabitə itir. Sual oluna bilər ki, XBT kodu səhv yazılarsa nə baş verə bilər? Hər diaqnozun öz XBT kodu var. Tutaq ki, qastrit xəstəliyi əgər bir XBT kodu altındadırsa kəskin pankreatit ayrı XBT kodu altındadır. Əgər bunların təsadüfən biri digərinin yerinə yazılsa onda tamamilə diaqnostika səhv olar və növbəti mərhələdə xəstəyə xidmətin düzgün şəkildə göstərilməməsi problemi yaranır. Ona görə də həkimlərimiz artıq hansı xidmətlərin XBT kodu ilə “Xidmətlər zərfi” ilə qarşılanır, hansı qarşılanmır onu bilirlər. Bu məsələ ilə yanaşı onu da bilmək lazımdır ki, həkimlərimizdən İT mütəxəssisi olmaq da tələb olunur. Amma həkimlərimizin heç də hamısı kompüter qarşısında sürətli yazmaq bacarığına malik deyil”.

İ.Hüseynli qeyd etdi ki, elektron resept sisteminin tətbiq olunduğunu nəzərə alsaq bu da ayrıca çətinlik yaradır. Ekspert deyir ki, əvvəllər həkimlər qələmlə bir neçə diaqnozu toplayıb xəstə ilə canlı ünsiyyətdə olub konkret diaqnozu bildikdən sonra sürətlə reseptə dərmanların adını yazıb xəstəyə tədqim edirdi. “Yaxud da həkimin şübhələndiyi daha dərin müayinəyə ehtiyac vardısa onda pasienti növbəti mərhələdə müayinəyə göndərirdi. İndi belə deyil. Hazırda bütün reseptlər elektron sistemə keçirilib və elektron reseptin yazılması da həkimlərin xeyli vaxtını alır. Həkimlərin heç də hamısı kompüterdə işləməyi bacarmır. Onların bunu mənimsəməsi yəqin ki, zaman alacaq. Bu gün bəzən həddən artıq yüklənmələr də var. Məsələn, müəyyən mərhələlərdə poliklinikalara, klinikalara müxtəlif kateqoriyalara malik İİT mütəxəssislərini cəlb etmək olar. İT mütəxəssislərinin cəlb edilməsi vacibdir. Xəstəxanalarda xəstələrin ilkin qəbulu da vaxt alan uzun bir prosedurdur. Düşünürəm ki, orda sürətli yazan İİT mütəxəssisini cəlb etməklə problemi yüngülləşdirmək olar. Bütün bu məsələrin sonunda pasiyentin əziyyət çəkməsi, gözləməsi, bir çox birokratik mərhələlərdən keçməsi dayanır.

Bəlkə də onların bəzilərini mütəxəssislərlə müzakirə edib aradan çıxarıb İT mütəxəssislərinə həvalə etmək olar. Nəticədə də həkimin həddən artıq yükləndiyi yazı-pozu işi azalmış olar”-deyə İ.Hüseynli vurğuladı.

İradə SARIYEVA

Chosen
74
50
baki-xeber.com

10Sources