EN

Yayda elektrik təhlükəsi - Ekspert xəbərdarlıq edir

Havaların isti keçməsi elektrik şəbəkəsində qəza hallarının artmasına səbəb olur. Müşahidələr göstərir ki, kondisionerlərdən müntəzəm istifadə, eləcə də isti hava şəraiti elektrik naqillərinin yüklənməsinə, həddən artıq qızması ilə nəticələnir. Bu halar qısaqapanmalara və hətta yanğınların baş verməsinə şərait yaradır.


Ekspertlər bu vəziyyətdə elektrik şəbəkəsindən istifadə edən zaman müəyyən təhlükəsizlik qaydalarına əməl edilməsini tövsiyə edir.


Sfera.az-a açıqlama verən yanğın təhlükəsiziyi üzrə ekspert Orxan Musayev bildirib ki, yay aylarında tempraturun yüksəlməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin artır. 


Onun sözlərinə görə, xüsusilə də son günlərdə havaların çox isti keçməsi kondisioner, soyuducu və digər məişət avadanlıqlarının intensiv istifadə olunmasına səbəb olur:


“Bu da ev və obyektlərdə elektrik şəbəkəsinə ciddi yüklənmə və naqillərdə qızma hallarının artması ilə nəticələnir. Ən böyük təhlükə bu yüklənmələrin əksər hallarda  görünməməsidir. Belə olanda insanlar problemlərin gec fərqinə varırlar.  Naqillərin həddən artıq isinməsi, bəzən köhnə və ya nasaz uzadıcılardan istifadə olunması, avtomat qoruyucuların olmaması və s. kimi hallar tez bir zamanda qısaqapanma və yanğına səbəb ola bilər”. 

 


Ekspert bu halların qarşısının alınması üçün tövsiyələr verib:


“İlk növbədə, elektrik cihazlarının fasiləsiz və nəzarətsiz işləməsinə yol verilməməlidir. Kondisioneri saatlarla dayanmadan istifadə etmək naqillərin qızmasına və yanğın riskinin artmasına səbəb ola bilər. Bir uzadıcıya bir neçə güclü cihazın eyni anda qoşulması ən çox rast gəlinən və ən təhlükəli səhvlərdən biri hesab olunur. Bu hal zamanı insanların ciddi ziyan gördüyü yanğın hadisələri baş verə bilir. İlk növbədə, elektrik naqili ümumi şəbəkədən söndürülməlidir. Yol verilən ən böyük səhv addımlardan biri ilk reaksiya olaraq sudan istifadə olunmasıdır. Elektrik naqillərində baş verən yanğın zamanı qətiyyən su ilə müdaxilə edilməməlidir. Su elektrikkeçiricidir, yanğını söndürməkdənsə, daha ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda quru toz və ya karbon qazlı yanğınsöndürən balonlardan istifadə olunmalıdır”.


Mütəxəssis vurğulayıb ki, elektrik görünməz olsa da, yaratdığı fəsadlar çox real və dağıdıcıdır:


“Adi kiçik bir ehtiyatsızlıq bir ailənin həyatına son qoya bilər. Bu səbəbdən hər bir vətəndaş öz evində elektrik təhlükəsizliyinə cavabdeh olduğunu unutmamalıdır. Bir evdə yaranan bədbəxt hadisə digər insanların da həyatına, əmlakına ciddi təhlükə yaradır. Uşaq və yaşlıların tək olduğu mənzillərdə elektrik cihazların istifadəsinə xüsusi nəzarət olunmalıdır. Yanğınların əksəriyyəti nəzarətsiz cihazların istifadəsi səbəbindən baş verir. Əgər hər ailə təhlükəsizliyi təmin edərsə, yay faciələrinin qarşısını tam ala bilərik”.

 

Firuzə Əliyeva
Sfera.az

Chosen
26
50
sfera.az

10Sources