Yay aylarında günəşin təsiri ilə dəri problemləri xeyli artır. Artan istilik və nəmlə birlikdə sızanaqlar, günəş yanığı, ləkələr, allergik səpgilər və göbələk infeksiyaları kimi dəri problemləri daha tez-tez müşahidə olunur. Dermatoloq Dr. Melodi Çekiç, bu problemlərin yaranmasında ən böyük səbəbin insanların yayda etdikləri səhv vərdişlər olduğunu bildirir.
Bu barədə News24.az Hurriyet -ə istinadən xəbər verir.
Mütəxəssisə görə, dərini günəşin zərərli təsirlərindən qorumaq ən vacib addımdır. Aşağıda yay mövsümündə tez-tez edilən, dərini qocaldan və xərçəng riskini artıran 8 əsas səhv və onların doğruları qeyd olunub:
1. Günəş kremini yalnız çimərlikdə istifadə etmək
Bir çox insan günəş kremini yalnız dəniz kənarında istifadə edir. Halbuki qoruyucu kremlər sokağa çıxmadan 30 dəqiqə əvvəl çəkilməli və hər 2 saatdan bir təzələnməlidir.
2. Qulaq, boyun və qolları unudaraq krem çəkmək
Dəri xərçəngi yalnız üz nahiyəsində deyil, günəşə məruz qalan bütün bölgələrdə inkişaf edə bilər. Qulaq, boyun, qol və dodaqlara da günəş kremi tətbiq edilməlidir.
3. Qoruyucu geyim, papaq və eynək taxmamaq
Günəş şüalarından qorunmaq üçün yalnız krem kifayət deyil. Uzunqol, açıq rəngli geyimlər, geniş papaqlar və UV filtrasiyalı eynəklər də vacibdir.
4. Dəriyə qulluq məhsullarını səhv ardıcıllıqla tətbiq etmək
Əvvəlcə dəriyə qulluq məhsulları, sonra günəş kremi, ən sonda isə makiyaj edilməlidir. Makiyaj üzərinə günəş qoruyucunu təzələmək üçün isə SPF tərkibli pudralardan istifadə edilə bilər.
5. Günün ən təhlükəli saatlarında çöldə olmaq
11:00–15:00 arası günəş şüaları ən təsirlidir. Bu saatlarda açıq havada qalmaqdan mümkün qədər çəkinmək, əgər zərurətdirsə, kölgədə qalmaq və qoruyucu vasitələrdən istifadə etmək vacibdir.
6. “Sağlam qaralma” anlayışına inanmaq
Həkimlər “sağlam bronzlaşma”nın elmi olaraq olmadığını bildirirlər. Bronzlaşma, dərinin özünü UV şüalarından qorumaq üçün verdiyi reaksiyadır və dəriyə zərər verir.
7. Ləkə və izlər üçün soyucu məhsullardan istifadə
AHA, BHA və retinoid tərkibli kremlər yayda, xüsusilə günəşdən qorunmadan istifadə edildikdə, dəridə daha çox ləkə və zədələnmə yarada bilər. Bu tip məhsullar üçün mütləq həkim məsləhəti alınmalıdır.
8. Yağ əsaslı məhsullar istifadə etmək
Yayda dəridə yağlanma və tərləmə artdığı üçün yağ bazlı məhsullar sızanaq və qara nöqtələrin yaranmasına səbəb olur. Su əsaslı təmizləyici və nəmləndirici məhsullara üstünlük verilməlidir.
Yay aylarında dəriyə düzgün qulluq etməmək yalnız estetik problemlərə deyil, daha ciddi sağlamlıq risklərinə – o cümlədən dəri xərçənginə səbəb ola bilər. Bu səbəbdən, günəşdən qorunmaq, doğru məhsullardan istifadə etmək və dəriyə zərər verəcək vərdişlərdən uzaq durmaq böyük əhəmiyyət daşıyır.
Xeyrənsə Piriyeva