Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə hazırlıq işlərinin gedişatı ilə bağlı Bakı Şəhər Halqası tərəfindən jurnalistlərlə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, tikinti, quraşdırma işləri gecə-gündüz növbəli rejimdə aparılır. Podratçı şirkətlərdən 2 162 nəfər quraşdırma və demontaj mərhələlərində cəlb olunur.
Yarış həftəsi zamanı bu prosesə əlavə olaraq: 1 500 təşkilatçı əməkdaşı; 2 000 könüllü; 1 400 marşal qoşulacaq.
Hərəkəti məhdudlaşdıran əməliyyatlar yalnız gecə saatlarında həyata keçirilir ki, bu da şəhər sakinləri üçün narahatlığı minimuma endirir.
Bütün prosesə hazırda yalnız yerli — Azərbaycan podratçıları cəlb olunur.
Minimum məhdudiyyətlər və nəqliyyat koridorları:
2023-cü ildən etibarən yenilik tətbiq olunub – yarış həftəsində əsas yollar müəyyən saatlarda qismən açıq qalır.
2024-cü ildə nəqliyyat koridorlarının sayı 2-dən 5-ə çatdırılıb.
Bu koridorlardan istifadə edən sürücülərin sayı ötən illə müqayisədə 30% artıb.
2025-ci ildə bu koridorlardan istifadə səviyyəsinin daha 30% artacağı proqnozlaşdırılır.
Quraşdırma və demontaj işlərinin optimallaşdırılması
Trasa hazırlıq və demontajı sürətləndirmək məqsədilə ən son texnologiyalar tətbiq olunur.
Bu dəyişiklik nəticəsində trasın tam hazırlanma müddəti 12 həftədən 6 həftəyə endirilib.
Yarışdan sonra yollarda hərəkətin tez bərpası üçün 2024-cü ildə beton blokların 60%-i cəmi 16 saat ərzində sökülərək ərazidən çıxarılıb.
Ertəsi gün saat 13:00-dan etibarən şəhər demək olar ki, normal rejimə qayıdıb.
Turist axını və tamaşaçı statistikası
77% tamaşaçı Bakıya xarici ölkələrdən gəlib.
Turistlərin qalma müddəti – 5 gecə təşkil edib.
Tribunaların 5 – i tamamilə satılıb. Tələbatı nəzərə alaraq daha 2 yeni tribuna bu il quraşdırılır.
Bu il 20 mindən çox oturacaq sayı nəzərdə tutulur.