Gənclər YKS imtahanından keçməyə çalışarkən mütəxəssislər də gələcəyin peşələri haqqında müzakirələr aparırlar. Bu baxımdan 2025-ci ildə keçirilmiş Dünya İqtisadi Forumunda təqdim edilən məlumatlar olduqca əhəmiyyətlidir. Həmin məlumatlara əsasən, gələcəyin peşələri rəqəmsallaşma və süni intellekt mərkəzində formalaşacaq. Bu prosesdə bəzi peşələr və ya iş formaları tamamilə yox olarkən bəzilərinin isə ulduzu parlayacaq, yeni peşə sahələri və iş formaları meydana çıxacaq.
Dünya İqtisadi Forumunun təqdim etdiyi göstəricilər süni intellekt yönümlü mühəndislik sahələrinin ön plana çıxacağını göstərir. Böyük mütəxəsisslərin təhlili və idarə olunması gələcəyin əsas peşələrindən biri olacaq. Əslində bu proses artıq başlanıb. Verilər, bu günün cəmiyyətində ən qiymətli kapital halına gəlib. Süni intellektin işləmə prinsipi tamamilə verilər üzərində qurulduğu üçün, data mütəxəssisləri gələcəyin parlaq ulduzları arasında yer almağa başlayıb. Rəqəmsallaşma ilə bağlı bu data yönümlü inkişaf, proqramlaşdırma, kompüter mühəndisliyi, kibertəhlükəsizlik kimi sahələrin də daha da irəli çıxmasına zəmin yaradır.
Süni intellekt əsaslı avtomatlaşdırma prosesi sürətlə inkişaf edir. Bu səbəbdən bankçılıq sektorunda iş və əmək prinsiplərinin ciddi şəkildə dəyişəcəyi artıq görünür. Eyni zamanda mühasibatlıq, maliyyə və kassirlik kimi peşələrdə də böyük dəyişikliklər baş verəcək. Artıq bu gün marketlərdə kompüter əsaslı ödəniş sistemlərinin geniş yayıldığını müşahidə edirik. Bu temp belə davam edərsə, qarşıdakı beş il ərzində kassirlik peşəsinin böyük ölçüdə avtomatlaşdırılaraq insanlardan maşınlara keçməsi ehtimalı yüksəkdir.
Rəqəmsallaşma və süni intellekt texnologiyalarının iş həyatında tətbiq edilməsi insan resursları sahəsində də iş və əmək münasibətlərinin avtomatlaşdırılmasına səbəb olub. Bu gün Qərb ölkələrində işə qəbul proseslərində süni intellektin geniş şəkildə tətbiq olunduğunu görürük. Türkiyədə də bəzi böyük şirkətlər bu istiqamətdə addımlar atmağa başlayıblar. Nəticədə, rəqəmsal texnologiyaların və xüsusilə süni intellektin cəmiyyətin və iş həyatının demək olar ki, bütün sahələrində təsirli şəkildə istifadə ediləcəyi bir gələcəyə doğru gedirik.
Ancaq texnologiyanın bu qədər sürətli inkişafı və həyatın hər sahəsinə sirayət etməsi bir sıra ciddi problemləri də özü ilə gətirir. Ətraf mühitin çirklənməsi, təbiətin təhdid altında olması, qlobal istiləşmə, kimyəvi əsaslı ərzaq sənayesi kimi problemlər dünyanın və bəşəriyyətin gələcəyini ciddi təhlükə altına salır. Təhlükə artdıqca, fərqindəlik də artır, bu isə insanlığın eyni zamanda sağalma prosesinə başlaması zərurətini ortaya qoyur. Bu istiqamətdə təbiətə dost texnologiyaların inkişaf etdirilməsi və tətbiqi, orqanik qida sənayesinin gücləndirilməsi, ətraf mühitə uyğun şəhər və yaşayış layihələrinin hazırlanması kimi strategiyalar həyata keçirilməyə başlanıb. Buna paralel olaraq kənd təsərrüfatı və əkinçilik sahələri yenidən dəyər qazanmağa başlayıb. Bu da kənd təsərrüfatı və qida mühəndisliyi sahələrini yenidən cazibədar edir.
Digər tərəfdən, texnologiyanın bu qədər ön plana çıxması və həyatın hər sahəsində üstünlük qazanması düşüncə və sənət yaradıcılığı ilə bağlı peşə sahələrinin tədricən nüfuz itirməsinə səbəb olur. Əsl təhlükə də məhz burada cəmlənir. İşlərin asanlaşması, daha az zamanda daha çox işin görülməsi və iş məhsuldarlığının artması şübhəsiz ki, inkişaf baxımından müsbət haldır. Ancaq bu avtomatlaşdırma prosesi insanların emosional və ruhsal inkişafına mənfi təsir edə bilər. Təbiətdən getdikcə uzaqlaşan, texnologiya ilə əhatələnmiş şəhər həyatında yalnızlaşan və yadlaşan bir insandan “insana yaraşan sabahlar” qurmasını gözləmək əbəsdir.
Hər dövr, əlbəttə, özünəməxsus mədəni formalar yaradır, öz həyat tərzini formalaşdırır. Bəşər tarixinin hər mərhələsi özünəməxsus insan, cəmiyyət və mədəniyyət xarakteri meydana çıxarıb. Lakin heç bir dövrdə insanlıq bu qədər özündən uzaqlaşmamış, maddi dünyanın cazibəsinə bu qədər qapılmamışdı. Bunun həm mikro, həm də makro səviyyədə əlamətləri var. Məsələn, son illərdə universitetlərin fəlsəfə və ədəbiyyat fakültələrinə marağın azalması bu vəziyyətin göstəricisidir. Eyni zamanda ölkələrin və dövlətlərin resurslarının böyük hissəsini müdafiəyə və silahlanmaya ayırması da bu baxımdan düşündürücüdür. Əgər ətrafımız qan içindədirsə, başqa səbəb axtarmağa ehtiyac yoxdur. İnsanlıq guya barbarlıq dövrlərini geridə qoyub sivilizasiya dövrünə qədəm qoyub. Amma dəyişən təkcə vasitələrdir, oyun qaydası eynidir. Və problem daha da dərinləşərək davam edir. İnsanlar bir-birini məhv etməklə varlığını sübut etməyə çalışır. İnsanlıq artıq “olmaq və ya olmamaq” dilemmasından çıxıb. İndi məsələ “var qalmaq və ya yox olmaq” müstəvisindədir.
Elə isə, bir tərəfdən dünyanın gedişatına uyğunlaşaq. Texnoloji inkişaflarla birlikdə yeni peşə sahələrində özümüzü inkişaf etdirək. Təhsil müəssisələri müasir dövrün tələblərinə və gələcəyin ehtiyaclarına uyğun şəkildə tədris proqramlarını yenidən tənzimləməlidir. Lakin digər tərəfdən, bütün bu texnoloji inkişaflar qarşısında üstünlüyü maşınlara verməmək üçün nə etməli olduğumuz haqqında da düşünməliyik. Özümüz yaratdığımız texnologiyanın bizi idarə etməməsi üçün lazımi tədbirlər görməliyik. Əgər bu planet insandan ibarətdirsə, o zaman hər cür inşa da insan tərəfindən həyata keçirilməlidir. Dünyanın insana yaraşar şəkildə qurulması üçün insanın insan olaraq qalması şərtdir. Bunun üçün texnologiyada inkişaf etməliyik, lakin sənət, ədəbiyyat və fəlsəfədən də imtina etməməliyik. Yəni özümüzdən və insanlığımızdan vaz keçməməliyik.
Nazife GüngörÜsküdar Universitetinin rektoru, professor.