"Qəzzada yaşananlar İkinci Dünya savaşı dövrünün ölüm düşərgəsini xatırladır..."
Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyada keçirilən ASEAN-Türkiyə sektor dialoqu çərçivəsində çıxış edərək həm regional əməkdaşlıq, həm də qlobal humanitar böhranlar barədə mühüm mesajlar verib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Türkiyə və Malayziya: Ortaq maraqlar, ortaq məsuliyyət
Hakan Fidan Türkiyə ilə Malayziya arasında tarixi və sarsılmaz əlaqələrin daha da dərinləşdirilməsi üçün iqtisadi, texnoloji və müdafiə sahələrində konkret planların həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq proseslərdə birlikdə hərəkət etmək əzmindədir.
Nazir bildirib ki, Türkiyə və Malayziya arasında ticarət dövriyyəsi artıq 5 milyard dolları keçib və qarşıya qoyulan növbəti hədəf 10 milyard dollara çatmaqdır. Fidan bu məqsədə çatmaq üçün hər iki ölkənin iş adamlarının və sərmayəçilərinin daha fəal olmalı olduğunu qeyd etdi: "Əgər cənab prezident Ərdoğanı tanıyırsınızsa, onun üçün son tarix dünəndir. Yəni, bu hədəfə çoxdan çatmalı idik".
ASEAN-Türkiyə əməkdaşlığı: yeni dövrə doğru
Hakan Fidan ASEAN-ı Türkiyə üçün strateji platforma adlandıraraq vurğulayıb ki, region ölkələri ilə texnologiya, təhsil, müdafiə sənayesi və bərpa olunan enerji sahələrində əməkdaşlıq genişlənməkdədir. Türk iş adamlarının ASEAN ölkələrindəki aktivliyi artıb və bu prosesin qarşılıqlı fayda əsasında davam etdirilməsi vacibdir. O, həmçinin qeyd edib ki, ASEAN ölkələrində ümumiyyətlə sabitlik və barış hökm sürdüyü üçün bu bölgə Türkiyə üçün mühüm bir tamamlayıcı tərəfdaş ola bilər.
Qəzza: Vicdanları sarsıdan soyqırım
Nazir Fidanın ən sərt və emosional mesajları isə Qəzza ilə bağlı olub. O, bölgədə davam edən faciəni "insanlıq üçün biabırçılıq", "müsəlman dünyası üçün acı bir məğlubiyyət" adlandırıb. Onun sözlərinə görə, Qəzzada yaşayan 2 milyondan çox insan faktiki olaraq mühasirədədir və orada baş verənlər İkinci Dünya savaşı dövrünün ölüm düşərgəsini xatırladır.
"Qəzza bu gün aclıq, təcrid və əzabla mübarizə aparan insanların yaşadığı bir cəhənnəmə çevrilib. İnsanlar açıq şəkildə ac saxlanılır, yardımlar bloklanır və dünya bütün bunlara susur. Biz susa bilmərik. Biz birləşməsək, bu barbarlıq sabah bizim qapımıza da gələ bilər", - Fidan xəbərdarlıq edib.
O, xüsusilə Malayziya naş naziri Ənvər İbrahimə təşəkkür edərək qeyd edib ki, onun səsini ucaldan liderlərdən biri kimi Qəzzadakı zülmə qarşı çıxması mühüm nümunədir. Fidanın fikrincə, Türkiyə və Malayziya Qəzza məsələsində həmrəy şəkildə, koordinasiyalı və prinsipial davranmalıdır.
Diplomatiya və vasitəçilik: Türkiyənin xarici siyasət vəzifəsi
Hakan Fidan həmçinin Türkiyənin vasitəçilik missiyasını bir dövlət vəzifəsi kimi qəbul etdiyini bildirib. O, təkcə Qəzza məsələsində deyil, Rusiya-Ukrayna münaqişəsində, İsrail-İran gərginliyində də Türkiyənin diplomatik həll yolları üçün çalışdığını vurğulayıb. "Bölgəmiz Suriya, İraq, İran kimi ölkələrlə əhatələnib və hər biri həm daxili, həm də xarici böhranlarla üz-üzədir. Biz bu coğrafiyada məsuliyyət daşıyırıq və diplomatiya ən təsirli alətimizdir. Türkiyənin vasitəçi rolu bizim xarici siyasət vizyonumuzun ayrılmaz hissəsidir", - Fidan əlavə edib.
Beynəlxalq nizamın ədalətsiz təbiəti
Nazir Fidan bugünkü beynəlxalq sistemin ədalətsizlik üzərində qurulduğunu və İkinci Dünya müharibəsindən sonra yaranmış bu nizamın artıq ömrünü başa vurduğunu qeyd edib: "Hər beynəlxalq sistem onu quran qaliblərin maraqlarına xidmət edib. Bu da onun ömrünü məhdudlaşdırır". Onun sözlərinə görə, əgər bəşəriyyət bu sistemin ədalətli və hər kəsin iştirak etdiyi formada yenidən qurulmasını istəmirsə, bu, gələcəkdə böyük qlobal toqquşmalarla nəticələnə bilər.
Ortaq dəyərlərlə gələcəyə doğru
Nazir Fidan çıxışını bu sözlərlə yekunlaşdırıb: "Biz - Türkiyə və Malayziya olaraq fərqli coğrafiyalarda yaşasaq da, eyni dəyərləri paylaşırıq. Bizim xalqlarımız və liderlərimiz hər bir çətinlikdə çiyin-çiyinə dayanmağı bacarır. Bu həm qlobal böhranlarda, həm də gündəlik əməkdaşlıqda özünü göstərir".