Audiovizual Şurasının sədri İsmət Səttarov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.
Bu barədə Teleqraf-a Audiovizual Şura məlumat verilib.
İsmət Səttarov qonağa Audiovizual Şuranın fəaliyyəti, gördüyü işlər, audiovizual media sahəsinin tənzimlənməsi, ölkədə bu istiqamətdə həyata keçirilən islahatlar və gələcək planlar barədə ətraflı məlumat vermişdir. Şura sədri qeyd etmişdir ki, qardaş dövlətlər olan Azərbaycan ilə Qazaxıstanı ortaq etnik köklər, dil, tarix, mədəniyyət, adət-ənənə oxşarlığı kimi fundamental dəyərlər birləşdirir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. Hazırda iki ölkənin media subyektləri, televiziya və radio kanalları arasında əməkdaşlıq üçün geniş potensial mövcuddur. İsmət Səttarov iki ölkə arasında audiovizual media sahəsində birgə layihələr həyata keçirilməsinin, təcrübə mübadiləsi aparılmasının və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə təşəkkür edən səfir Alim Bayel, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirmişdir. Səfir yayımçılar arasında əməkdaşlığın gücləndirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırmışdır. O, xüsusilə, televiziya kanalları arasında əməkdaşlığın genişləndirilməsi, hər iki ölkənin telekanallarının qarşılıqlı şəkildə yayımlanmasının təmin olunması və bu istiqamətdə texniki və hüquqi məsələlərin həlli üçün əməkdaşlığın vacibliyini qeyd etmişdir. O, Azərbaycan Respublikasında səfir kimi fəaliyyət göstərməkdən məmnunluq duyduğunu ifadə edərək, ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirmişdir.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.