Yunus Oğuz çoxtərəfli yaradıcı şəxsiyyətdir. Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan Yunus Oğuz bir-birindən maraqlı tarixi romanları ilə geniş oxucu auditoriyasının böyük diqqətini və rəğbətini qazanıb. "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum", "Cığır" kimi tarixi romanlar yazan Y.Oğuz bununla milli romançılıq tariximizdə əhəmiyyətli rol oynayır. Onun bütün əsərlərində türk dünyası, onun mədəniyyəti, tarixi, böyük şəxsiyyətləri, hökmdarları haqqında ümumiləşdirmələr ana xətt kimi özünü büruzə verir. Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanını xüsusi qeyd etmək istəyirəm. Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanı aktuallığı, gənclər arasında vətənpərvərliyin və tarixi Zəfərimizin təbliğı baxımından mühüm əhəmiyyət kəsb edir. Romanda Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfərimiz oxuculara çatdırılıb. Bu, eləcə də digər əsərləri onun vətənpərvər yaradıcı şəxsiyyət olduğunu təsdiqləyir.
Bu əlamətdar gün münasibətilə Yunus Oğuzu təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31