EN

Azərbaycanın ilk Xalq artisti

Bir çox görkəmli xanəndələrimizi, məşhur musiqiçilərimizi yetirən Qarabağ torpağında milli-mənəvi irsimiz illərlə nəsildən-nəslə ötürülüb. Bu irsin təməlini qoyanlardan biri də, Azərbaycanın ilk Xalq artisti, tar ifaçısı Qurban Pirimovdur.

Beynəlxalq Muğam Mərkəzində onu sevənlər və sənətinin davamçıları görkəmli tarzənin 145 illik yubiley gecəsinə toplaşmışdılar. Tədbirdə Xalq artistləri Vamiq Məmmədəliyev, Elçin Həşimov, BMM-nin solistləri, Əməkdar artistlər Təyyar Bayramov və Elnur Zeynalov, Sevinc Sarıyeva, Günay İmamverdiyeva, Kamal Nuriyev, gənc tarzən Asim Pirimov çıxış etdilər.

Tanınmış mədəniyyət xadimləri, musiqiçilər sənətkarın həyat və yaradıcılığından söz açaraq, tarzənin Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlərdən danışdılar. Həmçinin, qonaqlara ifaçının qızıl fondda qorunan ifaları videoformatda təqdim olundu.

Xalq artisti, tarzən Möhlət Müslümov XQ-yə müsahibə verdi:

– Nə yaxşı ki, dövlətimiz, xalqımız belə dahi sənətkarları həmişə yada salır. Qurban Pirimov müasir tarzənlərinin mənəvi babası olub. Mən də mütəmadi olaraq onun lent yazılarına qulaq asıram. Əgər Sadıqcan tarı yaradıb, təkmilləşdirib, dizinin üstündən qaldırıb sinəsində ifa edibsə, Qurban Pirimov bu ənənəni layiqincə davam və inkişaf etdirib. Xanəndələr növbəyə düzülürdülər ki, Qurban əmi onları tarda müşayiət edəcək, onlar da oxuyacaqlar. O, muğamları gözəl bilməklə yanaşı, opera sənətində misilsiz xidmətləri olub. Üzeyir Hacıbəyovun bütün operaları onun ifası ilə yeni inkişaf yoluna qədəm qoyub. Fəxr edirik ki, Qurban Pirimov kimi dahi sənətkarımız olub.

FİDAN
XQ

Chosen
45
3
xalqqazeti.az

10Sources