EN

Günün söz güzgüsü, gələcəyin mənəvi mayakı

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İyulun 22-də xalqlmızın milli-mənəvi dəyərlər sistemində və ictimai fikir tarixində önəmli yeri olan Azərbaycan milli mətbuatının 150 yaşı tamam olacaq. Ötən əsryarımda milli oyanış və istiqlal hərəkatının önündə getmiş, XX yüzillik boyunca sivil inkişaf ideyalarının gerçəkləşdirilməsinin informasiya dəstəkçisi olmuş, əsrin sonunda ərazi bütövlüyümüzün qorunması və müstəqilliyimizin bərpası uğrunda ümumxalq hərəkatının kütləvi tribunasına çevrilmiş milli jurnalistikamızın növbəti yubileyi keçilmiş yolun öyünclü tarixini yenidən iri planda gündəmə gətirir.

Dövlət başçısının sərəncamı ilə ümumxalq təntənəsi miqyasında start verilmiş yubiley tədbirlərində milli mediamızın ümumi tərəqqiyə verdiyi tarixi töhfələr, demokratik ənənələrə sadiqliyi, azad media prinsiplərini dirçəldib inkişaf etdirməsi, cəmiyyətin ləkəsiz aynası olmaq məramı qədirbilənliklə qeyd edilir. Media qurumlarının yubiley hazırlıqlarında Azərbaycan dövlətinin milli jurnalistikanın çağdaş çağırışları yüksək səviyyədə cavablandırması üçün yaratdığı şərait, müstəqilliyin ilk illərində redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, problemlərinin həlli ilə bağlı ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı minnətdarlıqla yad edilir.

Sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyevin daha geniş və ardıcıllıqla davam etdirməsi, xüsusən, jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilmiş sistemli tədbirlər isə, haqlı olaraq, müstəqil dövlətimizin dünyada analoqu olmayan media siyasəti kimi qiymətləndirilir. Dövlət başçısının yubiley sərəncamında bu siyasətin hədəfi və gözləntisi ayəks olunub: “Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.”

Buməqamda ötən əsrin 70-80-ci illərini xatırlamamaq olmur. O zaman şəhər ziyalıları, dövlət qulluqçuları, xüsusən də gənclər paytaxtın küçə və meydançalarında quraşdırılmış qəzet vitrinlərinin qarşısında mütləq ayaq saxlayar, Moskvada və Bakıda nəşr olunmuş nüfuzlu mətbu nəşrlərin aktual mövzuda yazılarını elə ayaqüstəcə oxuyardılar. Təbii ki, o vaxt abunə yazılışı da həyata keçirilirdi və hər kəs istədiyi, arzuladığı qəzet-jurnalı axşamlar evlərində mütaliə edərdi. Rəsmi dövlət qəzetlərində, eləcə də sahə nəşrlərində hər bir oxucunun ürəyincə olan, maraq dünyasına uyğun yazılar tapmaq mümkün idi.

Əlbəttə, bu gün də ölkəmizdə nəşr olunan qəzet və jurnallarda, saytlarda və xəbər portallarında günümüzlə səsləşən, qəlbimizdən keçən mövzular çoxdur və yüksək professionallıqla qələmə alınan yazılar qədərincədir. Bu mənada, keçmiş zamanların ənənələrini yaşatmağın yalnız fayda verəcəyini unutmaq olmaz. Çin filosofu Konfutsi demişkən, ən yaxşı yenilik çoxdan unudulmuş köhnəlikdir. Təbii ki, hər bir ictimai quruluş, zamanın gərdişi özü ilə bir sıra zərurui yeniliklər də gətirir və bu tendensiyadan uzaq qaçmaq mümkün deyil. Amma zamanında meydana gələn və bu gün də gərəyimiz olan forma və metdolardan, yanaşma tərzindən niyə də istifadə etməyək?

Şübhəsiz, dövrümüzün mühüm atributları sırasında vaxtilə əlimizdən tutan, dividend gətirən dəyərlərdən də istifadə etməliyik. Doğrudur, indi bir sıramedia qurumlarında, xüsusən internet yayımlarında çox vaxt “qışqıran”, səs-küylü mövzulara üz tutulur, bununla da sanki oxucu toplamağa səy göstərilir. Amma belə mövzuların əvəzinə insan taleyi, elmimizin bu günü, uşaqlarımızın gələcəyi, təhsilimizdəki vəziyyət, lap elə mətbuatımızın indiki durumu ilə bağlı saysız-hesabsız mövzular var ki, qəzet səhifələrində, saytlarda görünsə, yəqin ki, həm oxucular, həm də bütövlükdə cəmiyyətimiz üçün olduqca faydalı olar, böyük maraqla qarşılanardı.

Elə buradaca deyək ki, unudulmuş qəzet janrlarına – oçerk və reportajlara, müsahibə və zarisovkalara, xatirə yazılarına, memuarlara yeni nəfəs, həyat verilsə, təbii ki, bu, indiki yazarlara nüfuz qazandırardı. Bir vaxtlar paytaxtın küçə və meydanlarında saysız-hesabsız qəzet köşkləri qoyulmuşdu. Bəli, məhz qəzet köşkləri. İlk vaxtlar xeyirxah missiya daşıyıcıları olan bu obyektlər normal işləyir, qəzet-jurnal xiridarlarını razı salırdılar. Amma sonralar bu köşklər gündəlik istehlak məhsulları, oyuncaqlar, çeşidli xırdavat malları ilə zənginləşdirildi. Başa düşüləndir. Adam qazanmaq, həm də işığın, suyun pulunu, kirayə haqqını vaxtında vermək istəyir.

Qəzet köşkünün dükan, yaxud mini kafe olduğunu unudan bəzi köşk satıcıları çap məhsullarının təqdim edilməsini arxa plana keçiriblər. Beləliklə, az-çox itirən, bu satlıq malların içində itib-batan da qəzet və jurnallar olub. Onsuz da çap mediasına marağın getdikcə azalması, abunənin çətinləşməsi fonunda redaksiyalar maliyyə çətinliklərilə üzləşməli olublar. Elektron KİV-in sürətli inkişafı, qəzet, jurnal redaksiyalarının professional kadr qıtlığını, insanların daha operativ və xərcsiz-filansız informasiya əldə etmək istəyini də unutmaq olmaz.

Son vaxtlar mətbuatımızda sağlam atmosferin bərqərar olunması ilə bağlı atılan addımlar media mənsublarının ürəyincədir. İndi gənclər daha həvəslə yazmağa, neqativ məsələlərin çözülməsinə yaxından kömək etməyə cəhd göstərirlər. Onların qarşısında yaşıl işıq yandırmaq müvafiq orqanların əsas vəzifəsinə çevrilməlidir. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları da yaddan çıxarılmamalıdır. Onların yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli bu insanları mənəvi cəhətdən həvəsləndirər, yenidən cəmiyyətə, media aləminə dönüşünə rəvac verərdi.

Yaşlı və artıq işləməyən jurnalistlərin təcrübəsindən öyrənmək üçün yollar axtarılmalıdır. Bu adamların iştirakı ilə gənc yazarlar üçün "ustad dərsləri” keçirilməsi və onların təcrübəsini əks etdirən xüsusi nəşrin hazırlanması faydalı olardı. Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Birliyinin veteran yazarların arzularını reallaşdırmaq niyyətini alqışlamaq gərəkdir. Yeri gəlmişkən, yaşlı peşəkarlar arasında da yazı müsabiqəsi keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək faydalı olar.

Belə təcrübə dünya ölkələrində tətbiq olunur. 2002-ci ildə bir qrup həmkarımla ABŞ-a səfər zamanı "Vaşinqton-Post”, "Nyu-York Tayms” kimi nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşuq. Redaksiyalar sadaladığım istiqamətlərdə fəaliyyətlərini gücləndirsələr, zənnimcə, yaxşı səmərə verərdi.

Yeri gəlmişkən, jurnalistlər də işə müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi imtahandan keçməklə müsabiqə yolu ilə götürülərsə, gənc həmkarlarımız mediada fəaliyyətə daha məsuliyyətlə yanaşarlar. Belə olarsa, qəzet redaksiyaları da qazanar, redaksiyalara yalnız professionallar gələr, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin qulpundan yapışarlar.

Medianın daha yüksək nüfuz qazanması üçün tənqidi yazılara, cəmiyyətin problemlərinin həllinə kömək olası materiallara yer verilməli, zəifləmiş reklam bazarı gücləndirilməlidir. Bütün bunlar isə media redaksiyalarının, Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin öz potensial imkanlarından daha səmərəli istifadəsini, radikal islahatların genişləndirilməsini zəruri edir.

Çap mediasının inkişafına vaxtaşırı dövlət dəstəyi göstərilirsə qəzet redaksiyalarının yaradıcı kollektivləri də təbii ki, öz işlərini dövrün tələblərinə uyğunlaşdırmağa səy göstərməli, oxucuları maraqlandıran, cəlb edən yazıların sayını artırmalıdırlar. Analitik təfəkkürlü, müasir texnologiyalardan yaxşı baş çıxaran jurnalistlərin normal fəaliyyət göstərməsi, heç bir maddi və mənəvi çətinliklə üzləşməməsi üçün müvafiq qurumlar radikal islahatlara meydan verməlidir.

Şimallı – cənublu vətənimizin parlaq söz aynasına çevrilməkdə olan “Bütöv Azərbaycan” qəzetinin maddi və mənəvi cəhətdən dəstəklənməsinə ciddi ehtiyac duyulduğu da yaddan çıxarılmamalıdır.

Sonda ölkə Prezidentinin yubiley sərəncamında müstəqil dövlətimizin milli mediamızdan gözləntisini bir daha həmkarlarımızın nəzərinə çatdırmaq istəyirəm: “Media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Bu dövlət çağırışı həm də jurnalistikamızın çağdaş davamçılarının Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli və digər media klassiklərimizin ənənələrini uğurla davam etdirmələri yönündə mötəbər siyasi dəstək, rəsmi etimad və ümummili sifarişdir. Bu məramın gerçəkləşdirilməsini mediamızın günümüzün güzgüsü, dünənimizdən sabahımıza yol göstərən söz mayakı olmaq missiyası da tələb edir.

Akif CABBARLI,yazıçı-publisist, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
14
xalqqazeti.az

10Sources