Orduda qadınların daha geniş təmsilçiliyinə şərait yaradılır
Xəbər verdiyimiz kimi, Milli Müdafiə Universiteti qadın abituriyentlərin xüsusi təyinatlı məktəblərə sənəd qəbulunu elan edib. Qadın abituriyentlərə aerokosmik mühəndislik, radiotexnika və telekommunikasiya mühəndisliyi, hərbi tibb və s. ixtisaslar üzrə təhsil almaq imkanı yaradılır, onlara kariyera yüksəlişi üçün geniş perspektivlər təqdim olunur.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin tarixi əhəmiyyət kəsb edən bu addımını milli maraqlarımız baxımından ikiqat önəmli edən üç əsas amil mövcusddur ki, bunlardan biri qadınların orduda iştirakının genişləndirilməsinin müasir dövrün əsas tələblərindən biri halına gəlməsidir. Çağdaş dünyamızda müharibə ocaqlarının çoxalması, təhlükəsizliklə bağlı təhdidlərin artması, ənənəvi müharibələrin hibrid müharibələrlə əvəzlənməsi, müdafiə sektorunda müasir texnologiya və elektronik siatemlərinin tətbiqinin genişlənməsi bu sektorda elmi-texniki biliklərə sahib daha çox insanın iştirakını zəruri edir. Müdafiə və təhlükəsizlik platformamsında kompüter texnologiyasına əsaslanan elektronik sistemlərin tətbiqi də qadınların bu sektorda təmsilçiliyinə əlverişli imkan yaradır. Bu gün dünyanın bütün qabaqcıl dövlətlərinin ordularında qadınlar geniş tərkibdə fəaliyyət göstərməkdədir və onların sayı durmadan artır. Bu baxımdan Milli Müdafiə Universitetinin qadın abituriyentlərlə bağlı çağırışı müasir dövrün tələbləri baxımından mühüm önəm kəsb edir.
Milli Müdafiə Universitetinin məlum addımını önəmli edən digər amil, bu addımın xalqımızın tarixi ruhuna, Azərbaycan qadınının tarixi qəhrəmanlıq yoluna uyğunluğudur. Bəşər tatixinə Tomris kimi sərkərdələr bəxş edən Azərbaycan qadını hər zaman ana yurdunu kişilərlə çiyin-çiyinə müdafiə etmiş, öz igidliyi, cəsurluğu, fədakarlığı ilə bütün dünyanı heyrətləndirmişdir. Bu baxımdan, Azərbaycan qadınının bilik və bacarığından günümüzdə də respublikamızın müdafiə və təhlükəsizliyinin təminində istifadəsi olduqca məntiqli və arzuediləndir.
Üçüncüsü, qadınların orduda iştirakının genişlənməsi bütövlükdə cəmiyyətdə, xüsusilə də yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik ruhunun daha da güclənməsinə səbəb olacaq ki, bu da bugünümüzün və gələcəyimizin təhlükəsizliyi baxımından olduqca vacibdir.
Bir sözlə, Milli Müdafiə Universitetinin qadın abituriyentlərin xüsusi təyinatlı məktəblərdə təhsil almasına şərait yaratması milli və dövlətçilik maraqlarımız baxımından böyük əhəmiyyətə malikdir və əminliklə demək olar ki, yaxın bir neçə ildən sonra bu qərarın müsbət nəticəsi praktiki baxımdan özünü daha aydın göstərəcək.
Seymur ƏLİYEV