EN

Ərəb mediası ECO-nun Xankəndi Zirvə görüşü ilə bağlı silsilə materiallar yayıb

Ərəbdilli KİV-lər İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü və bu çərçivədə keçirilən ikitərəfli görüşlər barədə silsilə materiallar dərc edib.

“İki sahil” xəbər verir ki, Bəhreynin rəsmi xəbər agentliyi, BƏƏ-nin rəsmi xəbər agentliyi, Misirin “Vatan”ı, “əş-Şuruq”, Səudiyyə Ərəbistanının “Səhm”, arabi21, “Əl-ummə” və digər xəbər portallarında, eləcə də Əl-Cəzirə telekanalında sammit çərçivəsində müzakirə olunan iqtisadi əməkdaşlıq məsələlərinə diqqət ayırıb. Yazılarda ECO-ya üzv dövlətlərin nəqliyyat və logistika, energetika, iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya və digər sahələrdə əməkdaşlığın inkişafı baxımından Xankəndi Sammitinin əhəmiyyəti vurğulanıb.

Bəhreynin rəsmi xəbər agentliyi qeyd edib ki, Xankəndi görüşündə bir sıra sahələrdə, o cümlədən ticarət, xarici investisiyaların cəlb edilməsi və yaşıl enerji layihələrinin inkişafı sahələrində əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.

Əl-Cəzirə portalında yayımlanmış təhlil yazıda Əfqanıstanın hazırkı hökumətinin nümayəndə heyətinin ilk dəfə olaraq ECO-nun yüksək səviyyəli sammitində iştirak etdiyini qeyd edilir. Bildirilir ki, Əfqanıstanın bu sammitdə iştirakı Talibanın regional bloklara açılmaq strategiyasında mühüm mərhələ sayılır.

Səudiyyə Ərəbistanının “Səhm” portalında “Xankəndi sammiti: İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzunun gücləndirilməsinə yeni təkan və Azərbaycanın nailiyyətlərinə diqqət” ünvanlı məqaləsində müəllif Əbdülhəmid Həmid əl-Kəbbi qeyd edir ki, Xankəndidə keçirilən bu sammit İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq platforması kimi artan rolunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və infrastruktur sahələrindəki uğurlarını ön plana çıxarır. Sammit, həmçinin Azərbaycanın regionda sabitliyin və inteqrasiyanın təşviqində oynadığı əsas rolu və post-münaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf strategiyalarını beynəlxalq səviyyədə təqdim etmək üçün mühüm fürsət oldu.

Qeyd edilir ki, tədbir üzv ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, enerji, nəqliyyat və ticarət sahələrində strateji əməkdaşlıq layihələrinin irəli aparılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan bu sammiti Qarabağın qəlbində keçirməklə, həm beynəlxalq aləmdə artan nüfuzunu möhkəmləndirdi, həm də ECO-nun qlobal səhnədə roluna yeni təkan verdi. Azad edilmiş ərazilərin sürətli bərpası və regionun dayanıqlı inkişaf modelinə çevrilməsi Azərbaycanın regional lider kimi mövqeyini bir daha təsdiqlədi”, - deyə müəllif bildirir.

Chosen
42
50
ikisahil.az

10Sources