EN

“Turanə Hüseynliyə görə türk serialındakı qonorarımdan imtina etdim”-FOTO

“Sözləri dəyərli şairimiz Rüstəm Behrudiyə, musiqisi mənə aid olan və Şəmistan Əlizamanlının ifa etdiyi “Salam, dar ağacı” mahnısı Türkiyənin məşhur “Mehmet: Fatehlər Sultanı” serialında səsləndirilib. Serial TRT-1-də yayımlanır. Həmin serialın prodüseri mənə zəng etdi. Vasitəçiliyi də bizim orada yaşayıb, fəaliyyət göstərən aktrisamız Turanə Hüseynli etdi. Onlar serialın sezon bölümündə Mehmet Fateh Sultanın öz vəzirini edam etməsi səhnəsi üçün bu mahnını istifadə etmək istədiklərini bildirdilər. Mən də böyük məmnuniyyətlə razılıq verdim”
 
Bunu Moderator.az-a açıqlamasında bəstəkar Şahin Musaoğlu bildirib. O daha sonra əlavə edib:
 
“Maliyyə məsələsindən söhbət düşəndə mən bunu onlara hədiyyə olaraq verdiyimi dedim. Ərmağan etdim. Ən azından düşündüm ki, Turanə balamız oradadır. Bizim ona dəstəyimiz olsun. Orada onlar bizim qızımıza imkan yaradıblar, biz də buradan ona dəstək olmaq istədik. Mən öz tərəfimdən kontraktı bağlamışam. Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq. Hər şeyi pul həll etmir” deyə bəstəkar bildirib.
 
Şahin Musaoğlu söz yazarı olduğu və bir qrup sənətçilərin birlikdə ifa etdiyi “Zəngəzur” mahnısından da danışıb:
 
“İdeya əməkdar artist Ramil Qasımovdan gəldi. Mahnının sözlərini mən, musiqisjni isə Vüqar Camalzadə yazdı. Bu sanki bir çağırış idi. Mahnının 3 müəllifi olur. Bəstəkar, yazar və ifa edənlər. Bəzi sənətçilərimizin səsinə, bəzilərinin isə ruhuna uyğun olmadığı üçün biz seçim etdik. Nəhayət ki, ən yaxşılarını seçdik. Bilirsiniz ki, Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Həm də milli-mənəvi irsimizdir. Hədəfimiz də bu idi ki, bu irsi gələcək nəsillərə də ötürək. Mahnıya Şərqi Zəngəzurda klip də çəkiləcək” deyə bəstəkar bildirib.
 
Qeyd edək ki, Şahin Musaoğlu “Vətən əmanəti”, “Cənab leytenant”, “İgid əsgər möhkəm dayan” mahnılarının müəllifidir.
 
Chosen
30
17
moderator.az

10Sources