EN

Tarixdə bu gün - 5 İyul

Bakı.TurkicWorld

3-4 iyul tarixlərində Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVII Zirvə görüşündə nəqliyyat-logistika inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirildi. İƏT-ə üzv ölkələrin, xüsusilə də Mərkəzi Asiya dövlətlərinin rəhbərləri infrastrukturun müasirləşdirilməsii, logistikada olan çatışmazlıqların aradan qaldırılması və Avrasiya məkanında əlaqələrin gücləndirilməsi məqsədilə iddialı təşəbbüslərlə çıxış etdilər.

Bu təkliflər ənənəvi tranzit marşrutlarına alternativ olan Orta Dəhlizə marağın artması fonunda səsləndi və bu prosesdə təşkilatın əsas üzvü və bölgədə yeni regional tranzit memarlığının qurulmasında əvəzolunmaz tərəfdaş olan Azərbaycanın rolu ilə birbaşa bağlıdır.

Mərkəzi Asiya ölkələri dayanıqlı nəqliyyat müstəqilliyinə nail olmaq üçün marşrutların şaxələndirilməsinə və daxili əlaqəliliyin artırılmasına üstünlük verirlər.

Bu kontekstdə Türkmənistan müasir çağırışları nəzərə almaqla logistika və nəqliyyat əməliyyatlarının yenilənməsini təklif etdi. Türkmənistanın baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun sözlərinə görə, regiondakı nəqliyyat dəhlizləri dayanıqlı, təhlükəsiz olmalı və İƏT ölkələrini Avrasiya məkanına effektiv şəkildə birləşdirməlidir. O, Türkmənbaşı Beynəlxalq Dəniz Limanının müasirləşdirilməsinin və Avropa-Asiya əlaqələrinin inkişaf etdirilməsinin prioritet olduğunu vurğuladı.

"Qazaxıstan isə Şərqlə Qərbi birləşdirən logistik qovşaq kimi özünü göstərməkdədir. Biz vacib multimodal marşrutları – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, həmçinin, Qazaxıstan və Türkmənistandan marşrutları aktiv şəkildə inkişaf etdiririk.

Həmçinin, bizim Xəzər dənizindəki limanların potensialının genişləndirilməsi istiqamətində fəal iş aparılır. Aktau limanında konteyner qovşağı artıq açılıb, Kurık limanında isə çoxfunksional terminal inşa olunur", - deyə o bildirib.

Dənizə çıxışı olmayan Qırğızıstan liman infrastrukturuna bərabər çıxış imkanlarının yaradılmasının vacibliyinə diqqət çəkdi. Prezident Sadır Japarov belə bir təklif irəli sürdü:

"İƏT çərçivəsində dənizə çıxışı olmayan ölkələr üçün liman infrastrukturuna çıxışda güzəştli şəraitin yaradılmasını məqsədəuyğun hesab edirik. Yükdaşıma proseslərinin, o cümlədən, dəmiryolu və avtomobil nəqliyyatı marşrutları üzrə rəqəmsallaşdırılmanı fəal şəkildə təşviq etmək vacibdir".

Özbəkistan lideri isə alternativ dəhlizlərin strateji əhəmiyyətini vurğuladı.

"Son geosiyasi hadisələr və qlobal logistika sistemlərindəki pozuntular fonunda alternativ logistika zəncirlərinin qurulması prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. Bu kontekstdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin gerçəkləşdirilməsinə başlanılması mühüm addım olmuşdur. Gələcəkdə bu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu da regionda tranzit marşrutlarının effektiv inteqrasiyası üçün yeni imkanlar açacaq", – deyə Şavkat Mirziyoyev bildirib.

Bu bəyanatlar Mərkəzi Asiya ölkələrinin Avrasiya məkanında öz logistik rolunu möhkəmləndirmək səylərini aydın şəkildə əks etdirir. Lakin bu iddiaların həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil – ölkə ki, Orta Dəhlizin həyata keçirilməsində əsas rol oynayır.

Son illərdə Azərbaycan regionun aparıcı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. O, İƏT ölkələrinə Avropa və Aralıq dənizi bazarlarına real çıxış imkanı təqdim edir və beynəlxalq dəhlizlərə inteqrasiya sayəsində bu prosesi dəstəkləyir.

Hələ Daşkəndə keçirilən öncəki İƏT zirvə-görüşündə Prezidenti İlham Əliyev vurğulamışdı:

"Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik".

Xankəndidə Prezident bu öhdəliyi bir daha təsdiqlədi.

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir".

İƏT ölkələrinin ixtiyarında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və müasir avtomobil yolu infrastrukturu mövcuddur. Bütün bu elementlər vahid şəbəkə yaradır və Mərkəzi Asiya ölkələrinin ixrac-tranzit planlarını gerçəkləşdirməsinə şərait yaradır.

Azərbaycan, eyni zamanda, regional və regionlararası layihələrdə də fəal iştirak edir. Xüsusilə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis-Lazuli dəhlizi layihəsi həyata keçirilir. Bu, Azərbaycanın təkcə İƏT deyil, bütövlükdə Avrasiya üçün də əsas qovşaqlardan birinə çevrildiyini göstərən daha bir nümunədir.

Müasir geoiqtisadi reallıqlar Mərkəzi Asiya ölkələrindən qlobal tədarük zəncirlərinə etibarlı və dayanıqlı inteqrasiya yollarını fəal şəkildə axtarmağı tələb edir. Bu mənada, Azərbaycan təkcə həllin bir hissəsi deyil – o, bu həllin özüdür. Onun ərazisindən etibarlı tranzit təmin edilmədən regionun logistika əlaqəliliyinin gücləndirilməsi planları yalnız elə təşəbbüs mərhələsində qalacaq. Mərkəzi Asiya ölkələri İƏT çərçivəsində səsləndirdikləri təşəbbüslərlə Azərbaycanın əsas logistik tərəfdaş olduğunu göstərirlər. Bu tərəfdaşlıq artıq bu gündən etibarən yeni Avrasiya nəqliyyat memarlığının əsaslarını qoyur və istənilən çağırışların öhdəsindən gəlməyə qadirdir.

Chosen
18
3
turkic.world

10Sources