EN

Rus dilində təhsil davası: Ekspertdən ilginc təklif

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarının artması ciddi narahatlıq yaradır. Bu amil Azərbaycanda bəzi məktəblərdə rus bölmələrinin bağlanması mövzusunun müzakirəyə çıxarılmasına səbəb olub.

Mövzu ilə bağlı Gununsesi.info–ya danışan təhsil eksperti, dosent İlham Əhmədovun fikrincə rus bölmələrinin dövlət hesabına pulsuz fəaliyyət göstərməsi düzgün deyil:

“Hazırda Bakıda şagirdlərin 20–34 faizi rus dilində təhsil alır. Bu, milli və dövlət təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. Xarici dilin təhsil sistemində bu qədər geniş yer tutması, dövlət dilində təhsili kölgədə qoyur və resurslar mövcuddur. İngilis, türk və digər dillərdə fəaliyyət göstərən özəl məktəblər necə ödənişlidirsə, rus bölmələri üçün də eyni prinsip tətbiq olunmalıdır.

Kimin maddi imkanı yoxdursa, övladlarını Azərbaycan dilində tədris aparan məktəblərə yönəldə bilər. Əgər uşaqlarda dil baxımından çətinlik varsa, onlar üçün müəyyən adaptasiya dövrü nəzərdə tutulmalıdır. Bu müddətdə Azərbaycan dili və ədəbiyyatının tədris saatları artırılmalı, uşaqlar ana dilində təhsilə alışdırılmalıdır. Nəticədə, bir il ərzində tam şəkildə Azərbaycan dilində təhsil almağa hazır vəziyyətə gəlməlidirlər.

Cəmiyyətdə uzun illərdir bir mif formalaşıb — guya rusdilli məktəblər azərbaycandilli məktəblərdən daha keyfiyyətlidir. Bu, sovet dövründən qalma bir yanaşmadır və bugünkü reallığa uyğun gəlmir. O dövrdə rus məktəblərində daha təcrübəli, peşəkar müəllim heyəti vardı. Amma indi vəziyyət tam fərqlidir.

Təəssüf ki, bu gün məktəblərdə təhsildən çox, pul yığmaqla bağlı məsələlər diqqət çəkir: süpürgə pulu, fond pulu və digər adlar altında valideynlərdən vəsait yığılır. Hətta eyni müəllim Azərbaycan bölməsində bir cür, rus bölməsində isə tamam fərqli davranır. Dərsliklər sadəcə tərcümə edilib, lakin onların keyfiyyəti aşağıdır. Onsuz da bu kitabları hazırlayan və tədris edən müəllimlər eyni adamlardır, təhsil aldıqları müəssisələr də eynidir”.

İlham Əhmədov qeyd edib ki, hazırda rus bölməsində çalışan bəzi müəllimlərin səviyyəsi daha aşağıdır:

“Azərbaycan bölməsində işə qəbul çətindir, rəqabət var. Rus bölməsində isə həm işə qəbulda, həm də universitetə daxil olmaqda ciddi rəqabət yoxdur.

Əslində, nə rus bölməsi, nə də Azərbaycan bölməsi keyfiyyətlidir. Bunu qəbul və buraxılış imtahanlarının nəticələri də göstərir. 

İnsan beyni 10 illik tədris materialını 1–2 ilə tam mənimsəyə bilməz. Amma hazırkı sistemdə şagirdlər imtahana yaxın müddətdə repetitor yanına gedir, müəyyən mövzuları əzbərləyir və imtahandan bal toplayaraq universitetə qəbul olunur. Bir müddət sonra isə bu məlumatlar unudulur. Halbuki həmin son illərdə uşaqlar böyük enerji sərf edir, yuxusuz qalır, yorulur. Bədən həm fiziki, həm də zehni baxımdan tükənir.

Belə bir şəraitdə universitetə daxil olan abituriyent motivasiyalı deyil, əksinə yorğun və oxumaqdan bezmiş olur. Bu da ali məktəbdə keyfiyyətli təhsil almağa mane olur. Ona görə də repetitorluq sistemi bir bəladır və mütləq həllini tapmalıdır. Təəssüf ki, Təhsil Nazirliyi bu problemin qarşısını almaq əvəzinə, onu dolayısıyla dəstəkləyir və inkişaf adı ilə təqdim edir.

Ümumi fikir belədir: məqsəd rus məktəblərini bağlamaq deyil, sadəcə qanunun aliliyini təmin etməkdir. İndiyədək hüquqi əsas olmadan rus bölmələrində təhsil pulsuz təqdim olunurdu, amma hazırda qanunvericiliyə uyğun olaraq dəyişiklik edilir — kim istəyirsə, ödəniş edib həmin təhsili ala bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
38
icma.az

10Sources