EN

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları təşkil edib.

Finss.az bu barədə Dövlət Gömrük Komitəsinin yayımladığı məlumata əsasən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 145,8 milyon dollar və ya 3,1 dəfə artım deməkdir. Belə ki, 2024-cü ilin eyni dövründə ticarət dövriyyəsi 69 milyon dollar olmuşdu.

Cari ilin ilk beş ayında Azərbaycandan Özbəkistana 19,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub, əvəzində bu ölkədən 195,1 milyon dollar dəyərində məhsul idxal edilib. Özbəkistana ixrac illik müqayisədə 9 milyon dollar və ya 84,1%, idxal isə 136,8 milyon dollar və ya 3,3 dəfə artıb.

Qeyd edək ki, hesabat dövründə Özbəkistan Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi əsas ölkələrdən biri olub – bu istiqamətdə ixracın həcmi 19,3 milyon dollar təşkil edib.

Ticarət əməliyyatlarının ümumi strukturunda Özbəkistana ixrac 0,18%-lik, idxal isə 1,96%-lik paya sahib olub.

Məlumat üçün bildirək ki, yanvar-may aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 20,97 milyard ABŞ dolları təşkil edib. Bu göstərici illik müqayisədə 2,53 milyard dollar və ya 13,7% artıb. Bu dövrdə ixrac 11 milyard, idxal isə 9,97 milyard dollar olub. Nəticədə 1,04 milyard dollarlıq müsbət ticarət saldosu qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 milyard dollar və ya 3,7 dəfə azdır.

Fuad Mədətov
Finss.az

Chosen
20
8
fins.az

10Sources