EN

Vaksinasiya ilə bağlı təlimlər keçirildi – FOTO

Azərbaycanda peyvənd xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən ölkə miqyaslı təlim proqramı uğurla yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Ölkə Ofisinin birgə  təşkilatçılığı ilə keçirilən bu təşəbbüs çərçivəsində ölkənin müxtəlif bölgələrindən 200-ə yaxın immunizasiya üzrə menecer təlimə cəlb olunub.

17 aprel tarixində Bərdə rayonunda başlayıb, daha sonra Bakıda davam etdirilən altı mərhələdən ibarət olan iki günlük sessiyalarda İlkin Səhiyyə Xidmətləri üzrə rəhbərlər və Gigiyena və Epidemiologiya Mərkəzlərinin nümayəndələri iştirak edib.

Təlim kursunun  əsas məqsədi uşaqların immunizasiyası üzrə yenilənmiş təlimatın gündəlik praktikaya tam inteqrasiyasını təmin etmək olub.

İştirakçılar peyvəndin əhəmiyyəti, ictimai tərəddüdlərə elmi sübutlara əsasən effektiv cavab verilməsi, vaksinlərin təhlükəsiz şəkildə tətbiqi və saxlanılması, eləcə də hesabatlılıq kimi mövzularda həm nəzəri, həm də praktiki biliklər əldə edib.

Təlimlər gecikmiş peyvənd cədvəli, peyvəndləmə əhatəsi faizinin hesablanması kimi real praktik nümunələr üzrə qrup işləri və yerli kontekstə uyğun müzakirələrlə zənginləşdirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Dr. Hande Harmancı təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb:

"İnanıram ki, əldə etdiyiniz biliklər sizə immunizasiya xidmətlərinin keyfiyyətli idarə edilməsində yardımçı olacaq və ailələrlə daha effektiv ünsiyyət qurmaqla peyvənd əhatəsini genişləndirə biləcəksiniz”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova da immunizasiyanın ictimai sağlamlığın təməli olduğunu qeyd edib:

"Bu kimi təlimlər və birgə əməkdaşlıq ümumi səhiyyə strategiyamızın tərkib hissəsi olan immunizasiya proqramımızı gücləndirir. Uşaqların immunizasiyası üzrə yeni təlimat səhiyyə müəssisələrinə fəaliyyətini yenilənmiş və beynəlxalq tövsiyələrə uyğun qaydalara əsasən təşkil etməsinə dəstək olacaq".

TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlı çıxışında bildirib:

“Bu təlimlər səhiyyə işçilərinin bilik və bacarıqlarını artırmaqla TƏBİB-in əsas prioritetlərindən biri olan əhalinin keyfiyyətli və əlçatan vaksinasiya xidmətləri ilə əhatə olunmasına xidmət edir. Ümid edirəm ki, peşəkar kadr potensialı və təkmilləşdirilmiş idarəetmə mexanizmləri əsasında daha məqsədyönlü və effektiv tədbirlər həyata keçirə biləcəyik. Nəticə etibarilə, peyvəndlə əhatə dairəsinin daha da genişləndirilməsinə nail olacağıq”.
 

Təlimlərdən sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların gündəlik praktikaya tətbiqini izləmək məqsədilə monitorinqlərin keçirilməsi də planlaşdırılıb. Bu, nəticələrin qiymətləndirilməsinə və əlavə dəstək ehtiyaclarının müəyyənləşdirilməsinə imkan verəcək.


Bu kimi təşəbbüslər immunizasiya səylərinin gücləndirilməsinə töhfə verərək ölkəni Universal Tibbi Təminata və ÜST-nin Avropa İmmunizasiya Gündəliyi 2030-un hədəflərinə çatmağa daha da yaxınlaşdırır.








Bizim.Media

Chosen
9
16
bizim.media

10Sources