AZ

Peşəkarlıq, yoxsa PR? – Sağlamlıq sahəsində dəyişən dəyərlər

İnsan sağlamlığı həmişə ən qiymətli sərvət sayılıb və bu sahədə çalışan həkimlərin peşəkarlığı, etibarlılığı cəmiyyət üçün böyük önəm daşıyıb. Sağlamlıq yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin rifahının əsasını təşkil edir. Hər bir insan özünü sağlam hiss etmək və  uzun  yaşamaq arzusundadır. Bu arzunun reallaşmasında isə həkimlərin rolu əvəzsizdir. Onlar yalnız xəstəlikləri müalicə etmirlər, həm də insanların həyat keyfiyyətini yüksəltmək, qarşısının alınması mümkün olan xəstəliklərin önünə keçmək üçün çalışırlar. Ona görə də həkimlərin bilik və bacarıqları, təcrübələri, xəstələrə qarşı humanist münasibətləri onların peşə nüfuzunu və cəmiyyətdə hörmətini formalaşdırır.

Əvvəllər həkimlərin adı və nüfuzu onların bilikləri, təcrübəsi və xəstələrə göstərdikləri diqqətlə ölçülürdü. İnsanlar həkim seçərkən yaxınlarının tövsiyələrinə, tanınmış alimlərin, yerli və ya xarici tibb mərkəzlərindəki təcrübələrinə etibar edirdilər. Peşəkarlıq və etibar uzun müddət ərzində əldə olunan dəyər idi. Həkimlərin ən yaxşı "reklamı" onlara etibar edən xəstələrin məmnuniyyəti və bu müsbət rəylərin ailə və dostlar arasında yayılması idi. Xəstələr arasında yayılan məlumat həkimlərin nüfuzunun əsas qaynağı sayılırdı. Bu proses illərlə, bəzən onilliklərlə davam edirdi.

Lakin son illərdə sosial medianın sürətlə inkişafı həyatımızın hər sahəsinə təsir etdiyi kimi, sağlamlıq xidmətlərinin tanınma və təqdimat formasını da tamamilə dəyişib. İnternet və sosial şəbəkələrin geniş yayılması ilə, informasiyaya çıxış sürətli və asan oldu. İnsanlar artıq həkimləri yalnız yaxınlarının tövsiyələri əsasında deyil, həm də sosial şəbəkələrdə gördükləri paylaşımlar, onlayn rəylər və müzakirələr vasitəsilə tanıyır, qiymətləndirirlər. Facebook, Instagram, TikTok, YouTube kimi platformalar həkimlər üçün yeni ünsiyyət meydanları yaradıb. Burada onlar öz peşə fəaliyyətlərini, uğurlarını, yeniliklərini daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edirlər. Eyni zamanda, sosial mediada müsbət imic yaratmaq həkimlərin tanınması üçün əhəmiyyətli vasitəyə çevrilib.

Sosial şəbəkələrdən öncə həkimlərin  fəaliyyəti haqqında ən yaxşı reklam xəstə məmnunluqları və yaxınların tövsiyələri idi. Lakin indiki dövrdə bu təməl dəyərlər öz əhəmiyyətini qorusa da, onlara əlavə olaraq peşəkarlıqla bərabər, düzgün kommunikasiya bacarığı, özünü təqdimetmə və hətta marketinq üsulları da ön plana çıxıb. Artıq təkcə bilik və təcrübə kifayət etmir, həm də həkim özünü necə təqdim edir, insanlara necə çatır, onları necə inandırır, etibar qazanır, bu da çox vacibdir.

İnformasiya axınının artması, sosial media və televiziya kimi kütləvi kommunikasiya vasitələrinin inkişafı həkimlərin tanınma yollarını da dəyişib. Artıq həkimlər üçün yalnız peşəkar olmaq deyil, həm də sosial şəbəkələrdə aktiv olmaq, öz xidmətlərini reklam etmək vacibdir. Bu həm onlara yeni xəstələr qazanmaq, həm də peşəkar imic yaratmaq üçün şərait yaradır. Lakin bu yeni çağırışlarla bəzən problemlər də ortaya çıxır. Bəzən peşəkar olmayan, lakin marketinq vasitələri ilə özünü böyük mütəxəssis kimi təqdim edən həkimlər geniş auditoriyaya çatır. Bu isə xəstələr üçün çaşqınlıq yaradır və səhv həkim seçiminə səbəb ola bilər:hansı həkimə inanmaq, kimə etibar etmək lazımdır? Sağlamlıq kimi həssas sahədə reklam vasitəsi ilə tanınmaq nə dərəcədə doğrudur? Bu suallar həkimlərin fəaliyyətində etik normaların qorunması məsələsini gündəmə gətirir. Həkimlik peşəsi insan həyatına və sağlamlığına birbaşa təsir etdiyi üçün burada dürüstlük, məsuliyyət və şəffaflıq ən yüksək dəyərlər olmalıdır. Reklam vasitəsilə özünü tanıtmaq əlbəttə ki, müsbət cəhətlər daşıya bilər, amma bu, yalnız həqiqətə, peşəkarlığa və etik qaydalara uyğun olduqda qəbul edilə bilər.

Məhz bu suallar ətrafında düşünmək, müzakirə aparmaq və insanları düzgün məlumatlandırmaq indi daha aktuallıq qazanıb. Cəmiyyətin məlumatlı olması, həkimlərin seçimi zamanı hansı kriteriyalara diqqət etməsi vacibdir. Eyni zamanda, tibb sahəsində çalışanların öz üzərlərində davamlı inkişaf etməsi, peşəkarlıq və etik normalara sadiq qalması lazımdır.

Reklam - istənilən sahədə olduğu kimi, tibbdə də insanlara xidmətləri tanıtmaq üçün vacib vasitədir. O, yeni mütəxəssislərin tanınması, yeniliklərin, müalicə metodlarının və xidmətlərin geniş ictimaiyyətə çatdırılması üçün bir körpüdür. Düzgün reklam həm xəstələrin seçimində rahatlıq yaradır, həm də sağlamlıq sisteminin inkişafına təkan verir. Amma burada məsələ yalnız tanıtım deyil, həm də məsuliyyətdir.

Sağlamlıq sahəsində fəaliyyət göstərən mütəxəssislər insan həyatına birbaşa təsir edən qərarlar verir. Buna görə də, reklamın doğru və etik prinsiplər əsasında aparılması vacibdir. Tibb sahəsində reklam yalan vədlər, qeyri-real vədlər və ya həqiqəti əks etdirməyən məlumatlarla müşayiət olunarsa, bu, xəstələrin sağlamlığını riskə ata bilər. Belə reklamlar cəmiyyətdə etibarsızlığa və həkim peşəsinə mənfi münasibətə səbəb ola bilər.

Təkcə sosial media deyil, televiziya proqramlarında, səhiyyə mövzusunda yayımlanan verilişlərdə sponsor həkimlərin geniş təbliğatı da müşahidə edilir. Bu, həkimlərin reklamında yeni mərhələdir. Televiziya kimi nüfuzlu kütləvi informasiya vasitəsində həkimlərin tanıdılması daha geniş və müxtəlif auditoriyaya çatır. Sponsorluqla bağlı informasiyanın açıq olması, izləyicilərin bilgiləndirilməsi, həkimlərin peşəkarlıq səviyyəsinin obyektiv qiymətləndirilməsi çox vacibdir.

Bu halda reklamın təsiri daha güclü olur, çünki televiziyanın nüfuzu və etibarı daha yüksəkdir və izləyicilər daha çox güvənirlər. Lakin sponsorluq vasitəsilə reklam edilən həkimlərin peşəkarlığı və xidmət keyfiyyəti barədə şəffaflıq təmin edilməlidir. Əks təqdirdə, izləyicilər və xəstələr yanlış istiqamətləndirilə bilər.

Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının dosenti , tibb üzrə fəlsəfə doktoru  Aydın Əliyev bildirir ki, tibb sahəsində səhvlər ola bilər, amma bu səhvlər insan həyatına mənfi təsir göstərməməlidir:

"Bu gün cəmiyyətdə digər sahələrdə və idarələrdə çalışanlara nisbətən, həkimlərə qarşı daha çox simpatiya və diqqət göstərilir. Həkimlər üzərində bu diqqətin olması müsbət haldır.

Əlbəttə, həkimlər işlərində səhvlərə yol verməməlidirlər. Çünki həkim əməliyyat edir, insan sağlamlığına müdaxilə edir - bu, böyük məsuliyyətdir və doğrudur. Amma istənilən sahədə fəaliyyət göstərənlərin səhvlərə yol verdiyini görürük. Onlar haqqında çox danışılmır, səhvlər gizlədilir və vəziyyətdən yayınırlar. Amma həkimlərin səhvi olduqda dərhal bundan danışılır. Bəli, kiçik səhvlər ola bilər, amma bu səhvlər insan həyatına ciddi mənfi təsir göstərməməlidir.

Həkim iki əsas məsələyə cavabdehdir. Birincisi - düzgün diaqnoz qoymaq. Düzgün diaqnoz qoymaq üçün həkimin yalnız biliyi kifayət etmir, əlavə olaraq müasir avadanlıqlar, analiz materialları və laborator dəqiqlik də vacibdir.

İkincisi - müalicədir. Müalicə həm cərrahi yolla, həm də dərman terapiyası şəklində ola bilər. Lakin dərmanların tərkibi, keyfiyyəti həkimin məsuliyyətində deyil. Həkim yalnız lazım olan dərmanın adını təyin edir. Amma dərmanın hansı şəraitdə hazırlandığı, keyfiyyəti və son istifadə tarixi kimi məsələlər həkimə aid deyil.

Obyektiv yanaşsaq, səhv varsa, onun izahını həkim verməlidir. Bu həm xəstənin hüququdur, həm də həkimin işini əsaslandırmaq haqqıdır".

Həkimlərin fəaliyyəti və səhiyyə xidmətlərinin mediada təqdimatı cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, media məkanında həkimlərin yer alması və onların reklamının nə dərəcədə etik olması məsələləri də aktuallaşır. Media eksperti İsmayıl Rafiqoğlu Olaylar.az-a açıqlamasında qeyd edib ki, media paylaşdığı tibbi məzmunun doğruluğuna və balansına diqqət yetirməli, lakin vətəndaşların da reklamla obyektiv xəbəri fərqləndirmə qabiliyyəti artırılmalıdır:

"Azərbaycan televiziyasında həkimlərin və klinikaların maliyyəsi ilə dolanan xeyli veriliş var. Bu ənənə çoxdan mövcuddur, hələ də yaşamaqda davam edir. Gününü iş başında keçirən insanların bundan elə də xəbəri olmasa da, yaşlı insanlara, təqaüdçülərə hesablanmış teleproqramlar efirlərdə yer alır. Bir kanaldan digərinə keçsən belə, xeyri yoxdur. Həkimlərin ya xəstəlikdən, ya da sağalmağın yollarından danışdığını görəcəyik. Çox zaman həmin şəxsin nə dediyi əhəmiyyətli deyil, çünki sonda mütləq "mütəxəssisə müraciət edin", "müayinədən keçin" kimi ifadələri eşitməli olacağıq.

Televiziya bu baxımdan yaşlı auditoriyanı hələ də cəlb etməkdədir. Tibb müəssisələrinin sponsorluğu olmadan televiziyanın vəziyyəti indikindən də ağır olardı. Həm klinikalar, həm də həkimlər gəlir əldə etmək üçün reklama pul xərcləyirlər. Televiziyadan əlavə hər bir özündən deyən həkimin sosial media platformalarında oturuşmuş profilləri var. Demək olar, hər gün həkimin "uğurlu" işlərindən paylaşım edilir. Özü də bu prosesi adətən xüsusi şirkətlər və ya fərdi şəxslər təşkil edirlər. Qazanc istəyən həkim mütləq gəlirinin bir hissəsini reklama və piara xərcləməlidir.

Gündəmdə qalmaq üçün həkimlər tez-tez onlayn mediada sifarişli müsahibə verməkdən də çəkinmirlər. Yəni bu materialların bir çoxu obyektivliyə yox, tərifə xidmət edir. Bir sözlə, həkimlər mediaya xeyli gəlir gətirirlər. Bir tərəfdən televiziya verilişləri, digər tərəfdən sosial şəbəkədə paylaşımlar və nəhayət onlayn mediada yerləşdirilən yazılar həkimləri əməlli-başlı varlı edir.

Bu nəzərdən medianın məsuliyyətindən danışmaq olarmı? Bəli, media paylaşdığı kontentə görə cavabdehlik daşıyır. Hər halda ciddi mətbuat mümkün qədər balansı gözləməyə, doğru-düzgün məlumat paylaşmağa çalışır. Həkimlər nə qədər maliyyə sərf eləsələr də, heç bir mətbuat orqanı hansısa tibbi sahəsində baş verən neqativ xəbəri gizlətmək niyyətində deyil. Bunu eləmək də mümkünsüzdür. Uğursuz əməliyyat olubsa, kiminsə sağlamlığına ziyan dəyibsə, mətbuat bu məsələni mütləq işıqlandıracaq.

Yalnız mətbuatı qərəzli yanaşmada ittiham etmək doğru deyil. İnsan obyektiv yanaşmanı reklam materialından ayırmağı bacarmalıdır. Yəni cəmiyyətdə media savadlılığı yetərincə olmalıdır. Normalda kərə yağı əvəzinə bizə marqarini reklam edirlərsə, hər bir orta savadlı insan bunun belə olmadığını bilir. Reklamın istənilən növü manipulyasiyadır. Əgər gizli reklamdırsa, onda burada vəziyyətdən baş çıxarmaq daha qəlizdir. Bir sözlə, hər bir vətəndaş məlumatla necə davranmağın yollarını bilməlidir. Əks halda istənilən tənzimləmə mexanizmlərinin heç bir faydası olmayacaq".

Yekunda qeyd etmək lazımdır ki, həkimlərin reklamı müasir tibb və cəmiyyətin inkişaf edən ehtiyaclarının tərkib hissəsidir. Amma bu reklam insan sağlamlığının həssaslığını nəzərə almalı, etik və peşə prinsiplərinə sadiq qalmalı, həmçinin cəmiyyətdə sağlam və doğru məlumatlandırmanın təminatçısı olmalıdır. Sağlamlıq kimi ən qiymətli sahədə dürüstlük və etibarlılıq hər zaman birinci yerdə olmalıdır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
17
olaylar.az

10Mənbələr