Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər isə saxlanılıb. Öldürülən azərbaycanlılar – Hüseyn Səfərov və Ziyəddin Səfərov qardaşları ötən gün Azərbaycana gətirilərək Ağcabədi rayonunda dəfn olunub.
İyulun 1-də isə Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. O, dindirildikdən sonra sərbəst buraxılıb.
Baş verənlərlə bağlı millət vəkilləri, siyasi şərhçilər fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycana qarşı qərəzli siyasət aparıldığını vurğulayıb: “Bizim həm Qarabağda olan uğurlarımız, həm xarici siyasətdə olan uğurlarımız, apardığımız müstəqil siyasət çox ölkəni, o cümlədən Rusiyanı narahat edir. Bizə qarşı təzyiqlər artırılır. Biz bunu həm dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan təyyarəsinin Qazaxıstanda Aktau aeroportu yaxınlığında vurulmasında, həm Rusiyadan bizə kibertəhlükəsizlik sahəsində olan hücumlarda hiss etmişik”.
“Belə siyasəti qətiyyən qəbul etmirik”
Deputat əlavə edib ki, digər tərəfdən isə son hadisələr, yəni Rusiyanın Yekaterinburq şəhərində etnik azərbaycanlılara qarşı olan zorakılıq, ayrı-seçkilik bütün bunlar göstərir ki, Azərbaycanın uğurları, inkişafı qısqanclıq yaradır, bizə hərtərəfli təzyiqlər artır: “Biz belə siyasəti qətiyyən qəbul etmirik. Azərbaycan öz xarici siyasətində bərabərhüquqlu, ikitərəfli, hörmətli siyasət tərəfdarıdır və əgər belə hadisələr baş verərsə, təbii ki, bu, bizim münasibətlərimizə təsir edəcək. Eyni zamanda, bizim deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması da həmin bu siyasətin tərkib hissəsidir. Yəni biz bunu qəti qınayırıq və belə bir siyasəti tənqid edirik. Biz Rusiyadan daha praqmatik, daha hörmətli münasibət gözləyirik”.
Rus faşizmi ifrat və amansız bir mərhələyə çatıb”
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov Yekaterinburqda Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı OMON dəstələrinin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin bir çox məqama işıq saldığını deyib: “Əvvəla bu artıq bir neçə ildir sistemli şəkildə dərinləşən Rusiya faşizminin açıq və rəsmi təzahürüdür. Özü də bu hadisə təkcə cinayət xarakteri daşımır. Hesab edirik ki, bu, milli və irqi nifrət əsasında həyata keçirilmiş, dövlət tərəfindən himayə edilən ideoloji zorakılıq aktıdır”.
O qeyd edib ki, Rusiya OMON-un Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər: “Bunu Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının basqınına və işgəncələrinə məruz qalan Elgiz Səfərov bildirib. Həm evlərə basqın zamanı, həm də kafedə törədilən vəhşiliklər, əslində, belə deməyə əsas verir ki, OMON-un azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda xalqımıza qarşı törətdikləri misilsiz cinayətlərin ruhunu daşıyır. Yəni Yekaterinburq olayları heç də təsadüfi deyil. Bunu hər kəs yaxşı bilməlidir. Bu məlumun elanıdır! O mənada ki, XXI əsrdə bir insanın milli mənsubiyyətinə görə döyülməsi, təhqir olunması, palçıq yeməyə məcbur edilməsi, hətta döyülərək özünə kabab bişirtməyə məcbur edilməsi, rus faşizminin nə qədər ifrat və amansız bir mərhələyə çatdığını göstərir”.
“Bu, Xocalı soyqırımını xatırladır”
N.İsmayılov vurğulayıb ki, bu, bizə 1992-ci ildə Xocalıda erməni silahlı qüvvələrinin törətdiyi dəhşətli soyqırımı xatırladır: “Orada da sırf azərbaycanlı, türk olduqları üçün körpələr süngüyə keçirilir, qadınların döşləri kəsilir, anaların kəsilmiş döşü körpələrin ağzına basılır, bədənlər doğranırdı. Günümüzdə, Yekaterinburqda OMON-un azərbaycanlılara qarşı etdiyi alçaldıcı və qeyri-insani rəftar da eyni zehniyyətin – azərbaycanlılara və ümumilikdə türklərə qarşı sistemli nifrətin davamıdır. Sadəcə bu dəfə həmin vəhşiliyi edən erməni silahlıları deyil, Rusiya OMON-udur! Sadəcə silah əvəzinə bu dəfə rezin dəyənəklər və digər vəhşi üsullardan istifadə olunur! Bu paralellik təsadüfi deyil. Bu, Rusiya faşizminin və erməni şovinizminin eyni mərkəzdən qidalanan, həmçinin türk xalqlarına qarşı yönəlmiş ideoloji qardaşlığıdır. Bir qədər də açsaq, yuxarıda qeyd etdiyimiz kimi, əslində bu, Yekaterinburqda OMON dəstələrinin azərbaycanlılara qarşı vəhşiliyi ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin yeni formada təzahürüdür”.
“Azərbaycan dövləti hər bir azərbaycanlının yanındadır”
O həmçinin əlavə edib: “Bu sadaladıqlarımız Rusiyanın arzusu və qanlı istəyidir. Özü də dövlət səviyyəsində istəyi. Ancaq indi məsələ Rusiyanın nə istəməsindən daha çox, Azərbaycan dövlətinin və xalqının sərgilədiyi mövqedir. Dövlətimizin mövqeyi bəllidir. Rusiyanın AZAL terrorunda sərgilənən sərt mövqe bir daha ortaya qoyulub. Yekaterinburq vəhşiliyi ilə bağlı Rusiya dövlətinin məsuliyyəti Kremlin nəzərinə çatdırılıb. Beynəlxalq hüquqa uyğun olaraq bütün addımlar atılır. Eyni zamanda Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsindən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyunun sonuna Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür. Digər vacib və alqışa layiq addımlar atılıb və atılmaqda davam edir. Bəli, göründüyü kimi qüdrətli Azərbaycan dövləti yenə də hər bir azərbaycanlının yanındadır. Bizə düşən isə hər zaman olduğu kimi birlik nümayiş etdirmək, bir daha yumruq kimi birləşmək və dövlətimizin, cənab Prezident İlham Əliyevin yanında olmaqdır. Çünki güc birlikdədir!”.
Rusiyanın aidiyyəti qurumları ölçü götürməlidir”
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Rusiyanın dövlət olaraq xarakteri xaricə qarşı imperialist, daxildəki öz vətəndaşlarına, Rusiyada yaşayan vətəndaşı olan-olmayan qeyri-rus xalqlara qarşı çox aqressiv, diskriminasiya məqsədli siyasət yürütməkdir: “Biz bunun zaman-zaman şahidi oluruq. Bu, Rusiyada müəyyən qrupların deyil, Rusiyada dövlət siyasəti səviyyəsində aparılan, amma yanlış olan bir prosesdir. Biz indi azərbaycanlılara qarşı da onların diskriminativ, aqressiv davranışını müşahidə edirik. Azərbaycanlı soydaşlarımıza qarşı son törədilən hadisə təbii ki, pislənilməlidir və Rusiyanın aidiyyəti qurumları da bu hadisə ilə bağlı ölçü götürməlidir. Hesab edirəm ki, hadisənin əsl səbəbi araşdırılmalı və onu törədənlər də cəzalandırılmalıdır. Əks təqdirdə, Rusiyanın bu cür davranışları Azərbaycanla münasibətlərdə mənfi amillərin yaranmasına səbəb ola biləcək bir məsələdir”.
Röya İsrafilova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.