AZ

Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı münasibətdə ciddi narazılıq yaranıb POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Son zamanlar Rusiya Federasiyasında baş verən hadisələr – xüsusilə də azərbaycanlılara və digər xalqlara qarşı həyata keçirilən diskriminativ, qeyri-etik və zorakılıq xarakterli davranışlar beynəlxalq ictimaiyyətdə və xüsusilə də Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur. Bu kimi hallar insan hüquqlarının pozulması ilə yanaşı, həm də multikultural dəyərlərə, beynəlmiləl münasibətlərə və dövlətlərarası əməkdaşlıq prinsiplərinə ciddi zərbə vurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Rusiya çoxmillətli bir dövlət kimi müxtəlif etnoslara mənsub milyonlarla insanı bir arada yaşadan bir ölkədir. Lakin son dövrlərdə, xüsusilə də miqrantlara və Orta Asiya ölkələrindən gələnlərə qarşı güclənən repressiv yanaşmalar, hüquq-mühafizə orqanlarının sərt və bəzən ədəbsiz davranışları, ictimai yerlərdə həyata keçirilən kobud yoxlamalar, hətta təhqiramiz münasibətlər bu ölkədə yaşayan azərbaycanlıların da hədəfə alınmasına səbəb olub. Təəssüf ki, bu hallar təkcə məişət səviyyəsində deyil, həm də sistemli şəkildə müşahidə olunur: "Bu cür hadisələrin fonunda Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı münasibətdə ciddi narazılıq yaranıb. Bunu həm sosial şəbəkələrdəki paylaşımlardan, həm də mediada yayımlanan xəbərlərdən aydın şəkildə görmək mümkündür. Azərbaycan cəmiyyəti üçün bu, sadəcə milli ləyaqət məsələsi deyil, həm də vətəndaşlarının təhlükəsizliyinə göstərilən münasibət kimi qəbul olunur. Bu prosesin nəticəsi olaraq bir sıra mədəni tədbirlərin, o cümlədən Rusiyada planlaşdırılmış dövlət səviyyəli görüşlərin və tədbirlərin ləğv edilməsi, Azərbaycanın məsələ ilə bağlı ciddi etiraz mövqeyi sərgilədiyini göstərir. Həmçinin, Rusiyada fəaliyyət göstərən bəzi azərbaycanlı mədəniyyət və diaspor təşkilatlarının fəaliyyətlərini müvəqqəti dayandırması və bu məsələyə münasibət bildirməsi dövlət-diaspora münasibətlərinin koordinasiyalı şəkildə işlədiyini sübut edir.

Azərbaycan-Rusiya münasibətləri uzun illərdir ki, strateji əməkdaşlıq üzərində qurulub. İkitərəfli ticarət, enerji layihələri, regiondakı təhlükəsizlik məsələləri və nəqliyyat kommunikasiyaları bu münasibətlərin əsas dayaqlarını təşkil edir. Lakin hər bir strateji tərəfdaşlıq və ya dostluq münasibəti qarşılıqlı hörmət və etimad üzərində qurulmalıdır. Əgər bu kimi hadisələr davam edərsə və Rusiya hökuməti tərəfindən ciddi addımlar atılmazsa, bu, iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklərə yol aça bilər. Azərbaycan dövləti daim öz vətəndaşlarının hüquqlarının qorunmasına böyük önəm verir və istər ölkə daxilində, istərsə də xaricdə onların ləyaqətli həyat şəraiti üçün müvafiq tədbirlər görür. Bu baxımdan, Rusiya ilə münasibətlərin gələcəyi, birbaşa olaraq, həmin ölkənin Azərbaycana və onun vətəndaşlarına göstərdiyi münasibətdən asılı olacaq.

Yekunda demək istərdim ki, dövlətlərarası münasibətlər yalnız iqtisadi və siyasi maraqlara deyil, həm də humanitar dəyərlərə əsaslanmalıdır. Rusiya rəhbərliyi bu məsələdə daha həssas və məsuliyyətli davranmalıdır ki, münasibətlərin gələcək inkişafına mənfi təsir göstərilməsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
sia.az

10Mənbələr