EN

Azərbaycan-Rusiya münasibətlərində diplomatik böhran: Günahkar kimdir?

Yekaterinburqda azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qəddar əməliyyatdan sonra Rusiya-Azərbaycan münasibətləri növbəti dəfə ciddi sınaq qarşısında qalıb.

Son 7 ayda, xüsusilə AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında yaranmış gərginlik Ural bölgəsində baş verən son insidentlə daha da dərinləşib. Azərbaycanın Rusiya ilə strateji müttəfiqlik səviyyəsində münasibətlərinə baxmayaraq, Yekaterinburqdakı zorakılıq və rəsmi Moskvanın bu olaylara susqun yanaşması, ekspertlərin fikrincə, diplomatik böhranı daha da ağırlaşdırır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Rusiya münasibətlərində həqiqi bir diplomatik böhran yaşanır:

"Strateji müttəfiqlik haqqında sənəd imzalanmış bir ölkənin öz müttəfiqinə qarşı Yekaterinburqda belə bir dəhşətli cinayətə yol verməsi tamamilə qəbuledilməzdir. Bu hadisənin miqyası elə genişdir ki, onu Stalin repressiyaları ilə müqayisə etmək olar. O dövrdə heç olmasa formal məhkəmələr keçirilirdi. İndi isə azərbaycanlılara qarşı heç bir məhkəmə qərarı olmadan şiddət tətbiq edilib, insanlara işgəncələr verilib. Bu, açıq şəkildə vəhşilikdir".

Deputat qeyd edir ki, belə hadisələr təkcə yerli hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə baş verə bilməz:

“İnanmıram ki, bu cinayət yalnız Yekaterinburq səviyyəsində baş versin. Hüquq-mühafizə orqanları icraçıdır. Sual doğuran əsas məsələ təşkilatçının və sifarişçinin kimliyidir. Bu günə qədər bu suala Kremlin cavab verməməsi və cinayətkarların cəzalandırılmaması əlavə suallar doğurur və izlərin haraya apardığını göstərir".

Elman Nəsirov vurğulayıb ki, Rusiya bu gün beynəlxalq təcrid şəraitində az sayda müttəfiqə malikdir və bu səbəbdən Azərbaycan kimi strateji tərəfdaşı itirmək Rusiya üçün böyük təhlükədir:

“Rusiya rəhbərliyi düşünməlidir ki, belə davranışlar onların dostlarının sayını daha da azaldır. Azərbaycan müstəqil siyasət yürüdür, güclənir və görünür, bu bəzi qüvvələri narahat edir. Azərbaycanın bütün səbirli və mehriban siyasətinə baxmayaraq, Rusiyadan ardıcıl zərbələr alırıq. Təyyarə vurulandan sonra nə kompensasiya ödənildi, nə də məsul şəxslər cəzalandırıldı. Üstəlik, deputatın Rusiyadan deportasiyası, kiberhücumlar və indi də Yekaterinburqdakı qanunsuz əməliyyat... Bu münasibətlərə zərbə vurur”.

Parlament üzvünün sözlərinə görə, hüquq sahəsində Rusiyada xaotik vəziyyət hökm sürür və ölkənin öz vətəndaşları ilə belə qəddar davranması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurmalıdır:

“Rusiya Ukraynada törətdiyi cinayətlərə görə cəzasız qaldığı üçün bu cür davranışlara arxayınlaşıb. Azərbaycan isə heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Əvəzində isə təzyiqlərlə üz-üzə qalıb. Bu hadisə strateji müttəfiqlik sazişinin ruhuna ziddir və iki ölkə arasında imzalanmış razılaşmaların mahiyyətini sual altına alır".

Elman Nəsirov, Milli Məclisin deputatı

Həmsöhbətimiz onu da qeyd edib ki, baş verənlər ictimai narazılığı artırıb və Azərbaycanda Rusiyaya qarşı daha sərt mövqelərin formalaşmasına səbəb olub:

“Rus məktəblərinin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi artıq açıq şəkildə müzakirə olunur. Halbuki bu, Azərbaycanın ənənəvi mehriban qonşuluq siyasətindən irəli gəlirdi. Amma indi ictimai fikirdə bu məktəblərin maliyyələşdirilməsinin dayandırılması kimi yanaşmalar səslənir. Eyni zamanda, Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məsələsi də cəmiyyətdə müzakirə olunur. Mədəniyyət Nazirliyi artıq Rusiyada nəzərdə tutulan tədbirləri təxirə salıb. Milli Məclisin üzvlərinin Rusiya Dövlət Dumasına səfəri ləğv edilib. Xarici İşlər Nazirliyi isə çox sərt və qəti bəyanatla çıxış edib”.

Nəsirov hesab edir ki, bütün bu vəziyyətin məsuliyyəti yalnız Rusiya tərəfinin üzərinə düşür:

“Əgər Kreml bu istiqamətdə susqunluq nümayiş etdirməyə davam edərsə və cinayətkarlar cəzalandırılmazsa, münasibətlərdəki uçurum daha da dərinləşəcək. Bu isə Azərbaycanın xarici siyasi kursunda vektor dəyişikliklərinə yol aça bilər. Nəticədə isə bütün məsuliyyət rəsmi Moskvanın üzərində olacaq. Rusiya anti-Azərbaycan siyasətinə son qoymalıdır. Əks halda münasibətlərin bərpası son dərəcə çətin olacaq”.

Deputat yekun olaraq bildirib ki, Azərbaycan ictimaiyyəti bu hadisəyə çox ciddi yanaşır və hər kəs cinayətkarların tezliklə cəzalandırılmasını gözləyir. Əks halda, Rusiya ilə münasibətlərdə geri dönüşsüz gərginlik qaçılmaz olacaq.

Əli Hüseynov

Chosen
14
50
bakivaxti.az

10Sources