EN

Bu ölkələrdə oxumaqdansa, peşə təhsili almaq daha yaxşıdır - REALLIQ

Son günlərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıq hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Bu hadisələr, onsuz da uzun müddətdir davam edən Rusiya-Ukrayna müharibəsinin yaratdığı qeyri-sabit fonla üst-üstə düşür.

Belə bir şəraitdə Rusiyada təhsil alan və ya ali təhsil almağı planlaşdıran azərbaycanlı tələbələrin və valideynlərin narahatlığı artır.

Maraqlıdır, gələcəkdə Rusiyaya müraciət edən tələbələrin sayında azalma müşahidə oluna bilərmi?
Alternativ olaraq hansı ölkələr hazırda azərbaycanlı tələbələr üçün daha cəlbedici və təhlükəsiz hesab oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bu gün Rusiya universitetlərinə tələbatlılıq səviyyəsinin ümumiyyətlə aşağı olduğunu bildirib:

“Təsəvvür edək ki, belə bir hadisələr baş verməyib və biz bununla bağlı məsələ müzakirə edirik. Mən yenə də deyərdim ki, bu gün Rusiya universitetlərinə tələbatlılıq səviyyəsi ümumiyyətlə aşağı olmalıdır.

Son statistikaya əsasən, 2025-ci ildə Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 11 mindən çoxdur. Onlardan yalnız 1000-dən çoxu dövlət büdcəsi hesabına təhsil alır. 200-ə yaxın tələbə isə dövlət təqaüdü alır. Deməli, yerdə qalan 10 minə qədəri bizim bəzi xarici təhsil şirkətləri əsasında yalnız attestat hesabına gedərək “təhsil” almağı özlərinə uyğun bilənlərdirlər.

Bu gün Rusiyanın dünya ali təhsilinin çağdaş trendləri ilə uyğunlaşa bilən cəmi bir neçə universiteti var. Yəni bu, çox deyil. Rusiya universitetlərinin tələbatlılıq göstəricisi məhz təhsil prinsipi ilə baxanda o qədər də güclü deyil.
Sadəcə bəzi xarici təhsil şirkətləri üçün bir neçə asan ölkə modeli var ki, bu siyahının ilk üçlüyündə Rusiya dayanır. Bizim ən zəif özəl universitetlərə qəbul ola bilməyən tələbə və onun valideyni son çıxış yolu kimi ya Rusiya, ya Ukrayna, Gürcüstan, ya da ki, Türkiyə universitetlərinə üz tutmağı düşünür.

Bəzi Şərqi Avropa ölkələri də bu siyahıya qatılıb. Orda hələlik kütləvilik yoxdur. Bəzən valideynlər çox tələsib qərar verirlər. Biz sadəcə özümüzü aldatmaqla məşğuluq.

“Onsuz da Ukrayna və Rusiya universitetlərinin 90 faizinin verdiyi diplom Azərbaycanda keçərli olmayacaq”, -deyə fikrinə əlavə edib:

“Keçərli olmayan diplom isə sadəcə kağız parçasıdır. Yəni bunun heç bir əhəmiyyəti yoxdur.
Siz deyirsiniz alternativ? Mən isə tam səmimi deyirəm: yalnız attestatla xaricdə oxumaq istəyən biri üçün real və dəyərli alternativ yoxdur. Bu təhsilin heç bir effekti olmur. Əgər bir adam attestatla gedib Türkiyədə, Gürcüstanda, Ukraynada oxuyacaqsa, vallah, elə həmin attestatla burada peşə məktəbinə gedib bir peşəni yüksək səviyyədə öyrənmək daha məqsədəuyğundur.

İnanın, belə bir peşənin keçərliliyi və faydası bizim əmək bazarında daha yüksək olacaq. Diplomun yox, bacarığın qiymətləndirildiyi dövrdəyik. Bu baxımdan da təhsilə yanaşma tərzimizi dəyişməliyik və gənclərə daha realist, məqsədyönlü yollar göstərməliyik".

Chosen
8
50
azedu.az

10Sources