Avropanın cənub və şərq bölgələri güclü istilər altındadır. Fransa, İspaniya, Portuqaliya, İtaliya və Balkan ölkələrində temperatur rekordları qırılır, meşə yanğınları yayılır, yüzlərlə məktəb bağlanıb. Fransada 16 bölgə, o cümlədən Paris ən yüksək – qırmızı – istilik xəbərdarlığı səviyyəsinə keçib.
İspaniyada və Portuqaliyada temperatur müvafiq olaraq 46 və 46.6 dərəcəyə çatıb. İtaliyanın Roma, Milan və Venesiya şəhərləri də daxil olmaqla 21 şəhərində qırmızı siqnal qüvvədədir. Almaniyada 38 dərəcəyə qədər isti gözlənilir, Ren çayının səviyyəsinin düşməsi yük daşımalarına təsir edib.
Balkanda da rekord istilər müşahidə olunur. Sarayevoda 38.8, Skopyedə 42 dərəcə qeydə alınıb. Serbiyada ölkə tarixinin ən isti günü yaşanıb. Türkiyənin İzmir şəhərində baş verən yanğınlar səbəbindən 50 min insan təxliyə olunub. Eyni vəziyyət Yunanıstan, Xorvatiya və Monteneqroda da müşahidə olunur.
İstilər ətraf mühitə də mənfi təsir edir. Adriatik dənizində yad növlərin yayılması sürətlənib, Alp buzlaqları isə rekord sürətlə əriməyə davam edir.
BMT rəsmiləri və iqlim mütəxəssisləri bu dalğanı iqlim dəyişikliyinin ciddi xəbərdarlığı kimi qiymətləndirirlər. Onların sözlərinə görə, insan fəaliyyəti nəticəsində bu kimi ekstremal hadisələr daha tez-tez və daha dağıdıcı şəkildə baş verir.