EN

"Bu təhsilimizlə hara gedirik, nə edirik –heç ozümüz də bilmirik...”-Nadir İsrafilovun sonuncu açıqlaması...

 

S

Dünən tanınmış təhsil eksperti, müdrik ziyalımız, gözəl insan kimi tanıdığımız Nadir İsrafilov da Haqq dünyasına qovuşdu.

Cəmi 5 gün öncə ondan sonuncu dəfə Azərbaycan təhsilinin gerçək durumu barədə açıqlama götürmüşdük...

O, bacardığı qədər həqiqətləri söyləyirdi... Təəssüf ki, gerçəkləri, nöqsanları, hətta cinayətləri görən və bunları dilə gətirən insanlar, onları gizlədənlərdən, onlara göz yumanlardan və bəzən bu neqativ halların törədilməsində iştirak edənlərə yarınanlardan daha azdır... Bu səbəbdən də gerçəkləri deyən, yazan vicdanlı insanlar sanki bir məngənə arasında sıxılırlar – ürəkləri, canları haqsızlıqlara, ədalətsizliklərə dözə bilmir...

Allah rəhmət eləsin Sizə, Nadir müəllim!
Gözəl insan, gözəl pedaqoq, gözəl ziyalı!..

Sizi sonuncu açıqlamanızı yenidən dərc etməklə yad edirik:

Nadir Israfilov: “Bu təhsilimizlə hara gedirik, nə edirik –heç ozümüz də bilmirik...”

“Bu gün təhsilimizdə əsas hədəf təhsil verənə və alana deyil, əsasən biznes və kommersiya maraqlarına tabe etdirilib…”
 
“Nə qədər ki, təhsil sisteminin idarə olunmasında kollegiallıq gözlənilməyəcək, idarəetmədə inzibati-amirlik prinsipləri aradan qaldırılmayacaq, ümumi ictimai rəy nəzərə alınmayacaq, təhsildə idarəetmə funksiyaları yeni məzmun və forma kəsb etməyəcək, əsas hədəf təhsil verənə və alana deyiı, əsasən biznes və kommersiya maraqlarına tabe etdiriləcək…,  cəmiyyət üzvlərinin təhsilimizin gələcəyinə olan inam və güvəni bir az da sarsılacaq, son nəticə olaraq bir çox yeni problemlərin yaşanması, qaçılmaz olacaq…”
 
“Hələ, müstəqilliyimizin ilk illərində, daha dəqiq desək, 15 iyun 1999-cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunmuş son dərəcə mühüm dövlət sənədi - "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” işıq üzü görəndə çoxlarında xoş əhval-ruhiyyə, təhsilimizin gələcəyi ilə bağlı ümidverici bir təsəlli yaranmışdı. Bu da əsassız deyildi, çünki, “İslahat Proqramı”na islahatın əsas məqsədlərindən biri kimi "bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi”.
 
Bunu Moderator.az-a açıqlamasında müstəqilliyimizin bərpasından sonrakı 35-ci olan 2024-2025-ci  tədris ilinin yekunlaşmasıyla bağlı açıqlama verən tanınmış təhsil eksperti Nadir İsrafilov dilə gətirib.
 
“Sözügedən Proqramda təsbit olunmuş "təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi" və "təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə ən pessimist dairələrin belə, düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi…
 
Ən başlıcası isə "məktəbəqədər, ümumi orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” İslahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü…
 
Proqramdakı "təhsil sisteminin hüquqi tənzimlənməsi”, "əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, "idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi”, "təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyaların yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi”,- deyə davamında həmsöhbətimiz bildirib.
 
Ekspert hesab edir ki, “Təhsil sahəsində İslahat Proqramı” imitasiya predmetinə çevrildiyindən təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial dağıdılıb və Azərbaycan nə Sovet təhsil sistemindən tam olaraq çıxa bilib, nə də Qərb təhsilinə düzgün şəkildə inteqrasiya edə bilib.
 
“Biz nə etdik? Dövlət komissiyası tərəfindən hazırlanmış “Təhsil sahəsində İslahat Proqramı”nı imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtdıq, formasını bayağılaşdırdıq, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə, olan - qalanını da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Bu gün bu təhsilimizlə hara gedirik, nə edirik, bunu biz yox, ancaq harasa gedənlər və nəsə etmək fikrinə düşənlər bilir. Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyərlərə istinad etməyə xüsusi önəm verilirdi. Bu, Proqramın qüvvədə olduğu zaman kəsiyində təhsilimizdə baş verən aşınmalar, yayınmalar və digər ziddiyyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətləndirilməli idi. Lakin bu, baş vermədi. Təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan humanistləşmə, demokratikləşmə, aşkarlıq və şəffaflığa biganə yanaşıldı və bu proses bu günün özündə də davam etməkdədir.
 
Nə qədər acı bir həqiqət olsa da, ədalət və səmimiyyət naminə etiraf etməliyik ki, bu gün nəinki “İslahat Proqramı”nın heç 2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” kimi xəbərdarlıq tövsiyəsi belə, diqqətdə kənarda saxlanılıb. Halbuki, “Strategiya”da “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi xüsusi olaraq önə çəkilimişdi”, - Nadir İsrafilov belə deyib.
 
Mütəxəssis hesab edir ki,  son onilliklərdə məktəb - ailə, müəllim – şagird münasibətlərində soyuqluq kritik həddə çatıb, məktəb və bağçalarda uşaq və yeniyetmələrə qarşı şiddət baş alıb gedir.
 
“Bu gün heç kəsə gizli deyil ki, təhsil alana təhsil verən tərəfindən “müştəri” gözü ilə baxılır, təhsil prosesi subyektləri arasında “təmənna sindromu” hökm sürür, rəsmi təhsil qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınıb, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edir, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyib, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmalaşmayıb, müəllimin hörmət və nüfuzunun qaldırılması cəhdləri lazımı effekt vermir, məktəb - ailə, müəllim – şagird münasibətlərində soyuqluq kritik həddə çatıb, məktəb və bağçalarda uşaq və yeniyetmələrə qarşı şiddət baş alıb gedir, elə bir gün, həftə olmasa da, elə bir ay olmur ki, təhsil müəssələrində bıcaqlanma, intihar, itkin düşmə, erkən evlənmə kimi hadisələr baş verməsin, iki-gündən bir kiminsə səs yazısı yayılmasın, kimlərsə vəzifəsindən azad olunmasın”.
 
Nadir İsrafilov təhsilimizdə yaranmış durumdan çıxış yolunu da göstərib və deyilənlərin həyata keçirilməyəcəyi təqdirdə cəmiyyət üzvlərinin təhsilimizin gələcəyinə olan inam və güvəninin daha da sarsılacağını və son nəticə olaraq bir çox yeni problemlərin yaşanacağını diqqətə çatdırıb.
 
 
“Nə qədər ki, təhsil sisteminin idarə olunmasında kollegiallıq gözlənilməyəcək, idarəetmədə inzibati-amirlik prinsipləri aradan qaldırılmayacaq, ümumi ictimai rəy nəzərə alınmayacaq, təhsildə idarəetmə funksiyaları yeni məzmun və forma kəsb etməyəcək, əsas hədəf təhsil verənə və alana deyiı, əsasən biznes və kommersiya maraqlarına tabe etdiriləcək, təhsil müəssisələrinin görməli olduqları işi əlavə hazırlıqla məşğul olan peşə və ixtisas təlimçiləri görəcək, yuxarı idarəetmə orqanlarında rəhbər vəzifələrə yerli kadrlar deyil, xaricdə təhsil alanlar və qeyri-ixtisaslı peşə sahibləri təyin olunacaq, təhsilimizdə milli-mənəvi dəyərlərə əsaslanan sistem formalaşdırmaq əvəzinə təhsilimizin “xaric”ləşdirilməsi prosesi bir o qədər geniş vüsət alacaq, cəmiyyət üzvlərinin təhsilimizin gələcəyinə olan inam və güvəni bir az da sarsılacaq, son nəticə olaraq bir çox yeni problemlərin yaşanması, qaçılmaz olacaq”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
Chosen
90
50
moderator.az

10Sources